Menu

“Növbədənkənar qurultay çağıra bilərik” - Qubad İbadoğlu

17.11.2014, 19:40
“Növbədənkənar qurultay çağıra bilərik” - Qubad İbadoğlu

Noyabrın 17-də Müsavat Partiyası Divanının iclası keçirilib.

Divanın iclası barədə Müsavatın yaydığı rəsmi məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı partiya üzvləri Əlövsət Talışxanlı və Səxavət Əlisoyun partiyanın nizamnamə və proqramına zidd davranışları müzakirə edilib:

“Hər iki partiya üzvünün partiyanın qurultayı, Məclisi, Divanı və digər rəhbər strukturlarının qəbul etdiyi qərarları tanımadıqları, partiyanın nizamnaməsinə zidd davranışları barədə dəfələrlə təkrar olunan konkret faktlar barədə məlumat dinlənilib.

Partiya üzvlərinin Divanın 17 noyabr iclasına gəlməkdən imtina etdikləri qeyd edilib.

Səxavət Əlisoy Müsavat Partiyasının nüfuzuna xələl gətirən fəaliyyəti, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan irəli sürdüyü ittihamlar, partiya strukturlarını tanımadığı barədə verdiyi bəyanatlar, Müsavat Partiyası nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərini kobud şəkildə pozduğu nəzərə alınaraq Müsavat Partiyasının sıralarından xaric edilib.

Əlövsət Talışxanlının fəaliyyəti də Səxavət Əlisoyun fəaliyyəti ilə eynilik təşkil etsə də, partiyada əvvəlki fəaliyyətləri nəzərə alınmaqla ona partiya nizamnaməsinə zidd fəaliyyəti durdurmaq barədə son xəbərdarlıq edilməklə töhmət verilib”.

“Media forum” saytı məsələyə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun münasibətini öyrənib. Qubad İbadoğlu bildirib: “Bu proseslər mənə 2013-cu ili xatırladır. Həmin il prezident seçkisi keçirilmiş və seçkidən sonra repressiyalar başlanmışdı. Müsavat Partiyasının hazırkı durumu buna bənzəyir. Partiyanın rəhbərliyi fikir müxtəlifliyinə dözümsüz yanaşır və rəqiblərini cəzalandırmaq kursuna keçib. Müsavat Divanının bu kursun icraçısına çevrilməsinə də təəssüflənirəm. Amma bu cür qərarlarla müsavatçıları susdurmaq mümkün deyil. Müsavatçılara qarşı belə aqressiv münasibət partiya rəhbərliyinin zəifliyini göstərir”.

Quba İbadoğlu vurğulayıb ki, partiya rəhbərliyinin verdiyi qərarlar gərginliyi artırır və rəhbərliyə olan etimadı daha da azaldır: “Vəziyyət belə davam etsə, biz növbədənkənar qurultay çağıra bilərik. Növbədənkənar qurultayın çağırılması Müsavat Partiyasının nizamnamə normalarından biridir”.

“Media forum” saytı qeyd edir ki, Müsavatın nizamnaməsinə görə, partiyanın ali orqanı onun qurultayıdır. Qurultaylar 4 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultaylar Divanın və ya rayon (şəhər) təşkilatlarının 1/5-nin, yaxud Məclis üzvlərinin 1/3-nin və ya MNTK-nın, ya da partiya başqanının təşəbbüsü ilə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır. Məclisin fövqəladə qurultay çağırmaq səlahiyyəti var. Fövqəladə qurultay 1 ay ərzində partiyanın son qurultayı nümayəndələrindən ibarət tərkibdə çağırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol