Müdafiə Nazirliyi ilə yaşanan münaqişədən sonra artıq həbsxana məhbuslarını öz sıralarına qata bilməyən “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin nevroloji dispanserlərə yönəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, artıq “Vaqner”ə qatılmaq üçün psixiatr və narkoloqdan arayışlara, həmçinin flüoroqrammaya ehtiyac yoxdur.
Psixonevroloji dispanserdə müalicə olunan insanların müraicətini qəbul etməyə hazır olması barədə məlumat “Vaqner”in işə qəbul üzrə məsul şəxsləri tərəfindən də təsdiqlənib.
Belə ki, “The Moscow Times” nəşrinin müxbirlərindən biri “Vaqner”in qaynar xəttinə müraciət edərək bildirib ki, o, əsəb pozğunluğundan psixonevroloji dispanserdə müalicə olunur və muzdlu döyüşçülərin sırasına qatılmaq istəyir. Cavab olaraq ona “Vaqner”ə qəbul olunmaqla bağlı tələbləri əks etdirən rəsmi göstəriş göndəriblər.
“Təlimatlarla tanış olun, əgər hər şey qaydasındadırsa, sizi gözləyirik” – deyə, əlavə ediblər.
Təlimatlarda isə qeyd olunub ki, ağır xəstəlikləri olan, narkomaniyadan əziyyət çəkən, həmçinin hepatit B, C-dən sağalmış şəxslər “Vaqner”ə qəbul edilmir. Bununla belə, onlardan bu xəstəliklərlə bağlı hər hansı bir arayış tələb olunmur, müraicət edənlər ciddi tibbi müayinədən keçmədən “Vaqner”ə qatıla bilirlər.
ABŞ kəşfiyyatının məlumatına görə, müharibədə iştirak edən “Vaqner” döyüşçülərinin sayı 50 min nəfər olsa da, onlardan yalnız 10 mini peşəkar muzdlular, yerdə qalan 40 mini isə Priqojin tərəfindən “Vaqner”ə qəbul edilən keçmiş məhbuslardır.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi kəşfiyyat məlumatlarına istinadən bildirib ki, müharibə başlayandan bəri “Vaqner” Ukraynada 30 mindən çox döyüşçünü itirib, onlardan 9 mini ölüb.
Onun sözlərinə görə, dekabrda “Vaqner” dəstələri Baxmuta hücum zamanı 4 min hərbçi itirib və öldürülənlərin 90%-i keçmiş məhbuslar olub.
“AzPolitika.info”


Şərhlər