SADƏLƏŞDİRİLMİŞ VERGİ LİMİTİNİ AZALTMAQ LAZIMDIRMI? – “Limitin həcmi 1 milyon manata qaldırılmalı, vergi dərəcələri azaldılmalıdır”

Vergi və Mühasibatlıq Zirvəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Siyasəti Baş İdarəsinin Sahibkar Birlikləri və Assosiasiyaları ilə İş şöbəsinin rəisi Elvin Məmmədlinin Əlavə dəyər vergisinin (ƏDV) qeydiyyatı üzrə müəyyən olunan limitlə bağlı dediyi fikirlər müzakirələrə səbəb olub.

Belə ki, Dövlət Vergi Xidmətinin əməkdaşı qida sektorunda fəaliyyət göstərən distribyutor şirkətlərdən birinin nümayəndəsinin “Bölgələrdə və Bakıətrafı qəsəbələrdə kiçik vergi ödəyiciləri mal alışı zamanı sənədləşmədən imtina edirlər. Qarşılaşdığımız bu problemin həlli istiqamətində DVX hansı tədbirləri görməyi nəzərdə tutur?” sualına cavabında ƏDV qeydiyyatı ilə bağlı limitin aşağı salınmasının planlaşdırıldığını deyib.

“Malı sənədsiz almaq istəyi əsasən sadələşdirilmiş vergi ödəyicilərində olur. Gəlir və ya mənfəət vergisi ödəyiciləri xərclərini rəsmiləşdirməkdə maraqlıdırlar. Amma sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti alışını gizlədir ki, hasilatını da gizlətsin. Vergi orqanının da ortamüddətli dövrdə baxışı bundan ibarətdir ki, sadələşdirilmiş vergi rejimi keçid dövründə təbiq edilən müvəqqəti rejimdir. DVX tərəfindən ƏDV qeydiyyatı ilə bağlı limitin aşağı salınması planlaşdırılır. Bu tədbir qeyd etdiyiniz halların qarşısını müəyyən qədər alacaq”, - deyə o, bildirib.

E.Məmmədli vuğulayıb ki, limitin azaldılacağı, yoxsa artırılacağı məsələsi DVX tərəfindən aparılan təhlillərdən sonra məlum olacaq.

Məlumat üçün qeyd edək ki, Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunurlar. Eyni zamanda, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərə bilərlər.

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olan şəxslər 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməldirlər. Yəni, hazırda sadələşdirilmiş vergi illik 200 min manat dövriyyədən hesablanır, bu dövriyyəni keçən şəxslər sadələşdirilmiş vergidən çıxarılır və ƏDV ödəyicisi kimi qeydiyyata alınırlar. Dövlət Vergi Xidməti isə həmin 200 min manatlıq limitin azaldılmasını istəyir.

Qeyd edək ki, sadələşdirilmiş vergi 1997-98-ci illərdə uçotun asanlaşdırılması üçün kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə, dünya praktikasından götürülərək tətbiq olunan bir metoddur. Sadələşdirilmiş vergi kiçik və orta müəssisələrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verir. Bu zaman hüquqi şəxslər - ƏDV, mənfəət vergisi və əmlak vergisi, fiziki şəxslər isə - gəlir vergisi və ƏDV ödəmirlər.

Ekspertlər limitin azaldılmasına dair təklifin biznes mühitinə mənfi təsir edəcəyini, kiçik və orta sahibkarlığa böyük zərər vuracağını hesab edirlər. Onlar sözügedən təklifin bürokratik maneələri, monopoliyanı və vergi inzibatçılığını artıracağını deyirlər. Digər tərəfdən, ƏDV ödəyicisi olmaq biznesin iş yükünü artırdığından sahibkarlar üçün əlavə xərclər yaranacaq. Belə ki, əgər sadələşdirilmiş vergi ödəyicisi əvvəllər rübdə bir dəfə hesabat verib, vergisini ödəyirdisə, ƏDV tətbiq olunduqdan sonra hər ay hesabat verməli olacaq. 

Bu zaman sahibkar uçot hazırlamaq üçün əlavə xərc çəkməli, mühasib tutmalıdır. Digər yandan, sadələşdirilmiş verginin ƏDV ilə əvəz olunması büdcə daxilolmalarını artırsa da, bunun həcmi böyük olmayacaq. Çünki onsuz da, sadələşdirlimiş vergidən gələn vəsaitin həcmi (2022-ci ildə təqribən 200 milyon manat civarında olub-red.) o qədər də böyük deyil. Digər problemlərlə yanaşı, təklif olunan dəyişiklik ölkədə 800 minə yaxın sadələşdirilmiş vergi ödəyicisi arasında ictima narazılıqlara səbəb olacaq.

Bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində deyib: “Ümumilikdə gündəlikdə olan əsas məsələ Vergi Məcəlləsinin yenilənməsidir. Çox güman ki, bu il ərzində yeni Vergi Məcəlləsi qəbul olunacaq, ya da ən azından müzakirəyə çıxarılacaq. Əgər sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı hazırkı yanaşma dəyişməsə, bu, kiçik və orta sahibkarlığa zərər vuracaq. Yeri gəlmişkən, onu da qeyd edim ki, hazırda qüvvədə olan 200 min manatlıq hədd devalvasiyalardan öncə müəyyən olunub. 2010-cu illərdə müəyyən olunan bu limitdən sonra ölkədə iki dəfə devalvasiya baş verib. Məntiqlə bu hədd əslində ən azı iki dəfə artırılaraq 400 min manata qaldırılmalı idi. Ancaq təəssüf ki, bu baş vermədi”.

Ekspert qonşu Gürcüstanı nümunə göstərərək, orada sadələşdirilmiş verginin əhatə dairəsinin genişləndirilərək kiçik və orta sahibkarlığın inkişaf etdirildiyini bildirib: “Bu barədə bir çox dünya ölkələrinin təcrübəsi var. Elə bizim qonşu ölkələrin və Gürcüstanın da təcrübəsi var. Onlar səhv etmirəmsə, 10 il bundan öncə kiçik və orta sahibkarlığın dəstəklənməsi nöqteyi-nəzərindən sadələşdirilmiş vergini genişləndirdilər. Bu, doğru qərar oldu. İndi Gürcüstanda sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün 1 milyon lari limitini keçməmək lazımdır. Bu, kifayət qədər normal dövriyyə sayılır. Ona görə də bir çox kiçik və orta sahibkarlar məhz bu vergi növündən istifadə edirlər. Nəticədə də kiçik və orta sahibkarlığın əhatə dairəsi genişlənir. Son illərdə Gürcüstanda təqribən 200 minə yaxın yeni vergi ödəyicisi yaranıb. Bu, sözügedən modelin uğurlu olmasından xəbər verir”.

“Gürcüstanda vergi dərəcələri də çox aşağıdır, dövriyyənin cəmi bir faizdir. Bir milyon lari limiti və aşağı vergi dərəcələri sahibkarın qeyri-qanuni fəaliyyət göstərməsini məntiqsiz və mənasız edir. İnsanlar əksinə, bütün dövriyyələrini qeydiyyata alıb, vergi verməyi üstün tuturlar ki, gələcəkdə vergi qanunvericiliyini pozaraq çox böyük cərimələrə məruz qalmasınlar. Yəni, düz işləməyə çalışırlar”,-ekspert əlavə edib.

N.Cəfərli qeyd edir ki, biznes mühitində şəffaflığı təmin etmək üçün ilk növbədə vergiləri aşağı salmaq lazımdır: “Bu baş verməsə, insanların şəffaf işləməyə marağı olmasa “ağ mühasibatlıq” da olmayacaq. Hazırda bizdə bu cür tendensiya müşahidə edilir. İnanlar ƏDV ödəyicisi olmamaq üçün 200 min manatlıq limitə yaxınlaşan zaman öz dostunun, qohumunun və ya ailə üzvünün adına VÖEN açır və dövriyyəsini həmin hesab üzərindən həyata keçirir. İndi tutalım ki, limit 150 min manata endirilsə, bu tendensiya davam edəcək, insanlar daha çox VÖEN açacaqlar. Bunun kimə nə xeyri var? Yəni, biz sadəcə özümüzü aldatmaqla məşğul olacağıq”.

“Hesab edirəm ki, vergi sistemi ümumilikdə sadələşdirilməlidir. Tamamilə aydın və sadə bir şəkilə gətirilməlidir. Eyni zamanda, kiçik və orta sahibkarlığa kömək məqsədilə sadələşmiş vergi limiti 1 milyon manata qədər artırılmalı, vergi dərəcələri iki-üç faizə qədər aşağı salınmalıdır. Bəzi mütəxəssislər, dövlət məmurları düşünürlər ki, bu zaman büdcəyə daxilolmalar azalacaq. Ancaq mən bunun tam əksini düşünürəm. Çünki indiki “kölgə iqtisadiyyatı”nın həcmini nəzərə alsaq, biz bu problemi yalnız təşviq yolu ilə həll edə bilərik. Bu zaman dövlət büdcəsinə daxil olmalar indikindən daha çox olacaq. Ona görə də bu məsələdə bir az daha “biznesin dostu” mövqeyindən davranmağa ehtiyac var”, - deyə ekspert bildirib.

İqtisadçı Xalid Kərimli isə “AzPolitika.info” şərhində bildirib ki, DVX-nin son illərdəki əsas fəaliyyət xətti şəffaflığın artırılması üzərində qurulub: “Qurum vergidən yayınmaları mümkün qədər nəzarət altında saxlamağa çalışır. Əslində son illər sadələşdirilmiş vergilərin təyinatı dəyişib. Sadələşdirilmiş vergi dövriyyədən asılı olmayaraq, iaşə və ticarət sektorundakı müxtəlif fəaliyyətlərə aid edilib. Məsələn, dövriyyədən asılı olmayaraq istənilən restoran ƏDV və ya sadələşdirilmiş vergi ödəyicisi olmağı özü seçə bilər. Ümumi, hamıya aid edilən limit isə 200 min manatdır. Amma burda da şərt qoyulub ki, sən sonuncu alıcıya xidmət göstərirsən və əgər biznes sturkturuna xidmət edirsənsə, sadələşdirilmiş vergi ödəyicisi ola biməzsən”.

Ekspert qeyd edir ki, ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin uçot məsələsində fərqliliklər mövcuddur: “ƏDV qeydiyyatçısı olan şəxlər gəlir və xərclərini uçota almalıdırlar. Ancaq sadələşdirilmiş vergidə xərc uçotu tələb edilmir. Sadələşdirilmiş vergi ödəyiciləri yalnız ümumi dövriyyələrini göstərdiklərindən, burada nəzarət mexanizmi aşağı səviyyədədir. Aidiyyatı qurum isə xərclərin uçota alınmasını, bu yolla şəxsin real dövriyyəsinin müəyyənləşməsini istəyir. Digər tərəfdən, dövlət mikro sahibkarlara müxtəlif güzəştlər tətbiq edir.  Hesab edirəm ki, sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limiti azaltmaqla yanaşı, mikro sahibkarlara əlavə yeni güzəştlər də nəzərdə tutulmalıdır ki, ümumi balans qorunmuş olsun”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşfiqi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

sual 2023-03-16 13:02:08

Bütün bu suallar ölkədə orta və uzun müddətli perpsektivə formalaşdırılan iqtisadi siyasətin konseptual əsaslarından çıxş olunaraq müəyyənləşdirilməlidir, Dövlət Vergi xidmətinin istəyindən asılı olaraq yox. Əgər uzun müddətli dövrə iqtisadi siyasəti əsas istiqamətləri kimi ölkədə sosial yönümlülük və KOS-ın inkişaf etdirilməsi müəyyənləşibsə deməli vergi sistemi də, vergi siyasəti üzrə hazırlanan tədbirlərdə bu istiqamətlərin reallaşdırılmasını nəzərdə tutmalıdır!!! Təbii ki, Dövlət Vergi Xidməti ilbəil artan plan göstəricilərinin icrası üçün vergi daxil olmalarının və vergi dərəcələrinin artırılmasında maraqlıdır və bu mövqenin əsaslandırmaları ilə çıxış edəcək. Maraqlı olan digər sualdır – niyə iqtisadi siyasət konsepsiyasında müəyyənləşmiş hədəflərin konkret açılışı və əsaslandırılmasını, bundan çıxış edərək zəruri olan tədbirləri rəsmi qurumlar deyil müstəqil iqtisadçılar və jurnalistlər aparır ???!!!

Azər 2023-03-16 11:41:45

Əmək haqqından vergi tutulmadin da yenidən baxılmalıdır Minumum əmək haqqından vergi tutulmamalidir

Qoca Molla 2023-03-16 11:25:20

mütxəsislərinin fikrinə görə ökədə qiyətlərin yüksək olmasının səbəblərindən biri elə budur ƏDV-nin 18 faizinin yüksəkliyi qiymətlərin də yüksək olmasına səbəb olur

Son yazılar