DÖVLƏT TƏHLÜKƏSİZLİYİNİN KEŞİYİNDƏ: Dünən və bu gün...

Sadiq Qurbanov, 

Milli Məclisin komitə sədri

Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 104-cü ildönümü tamam olur.

Ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri olan bu strukturun bütün əməkdaşlarını bu münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.

Məlumat üçün qeyd edim ki, Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1 noyabr 1991-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli fərmanı ilə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Uğurlu milli təhlükəsizlik siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırkı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Tarixə nəzər salsaq görərik ki, ümummilli lider Heydər Əliyev xalqına qarşı törədilən haqsızlıqları, başlıcası isə gedən prosesləri, sovet reallıqlarını iç tərəfdən tam aydınlığı, olduğu kimi görmüş, həmin dövrdən də qarşısına yalnız Azərbaycan naminə çalışmaq kimi yüksək məqsəd qoymuş, möhkəm, mətin və sarsılmaz iradəli şəxsiyyət kimi formalaşmışdır. Danılmaz faktdır ki, Ümümmilli Liderin bu fəaliyyəti müstəqilliyimizin təmin olunmasında müstəsna rol oynamışdır.

Təhlükəsizlik orqanlarında işlədiyi dövrdə Heydər Əliyevin intellektual səviyyəsi, bacarığı o dövrün rəhbərlərinə yaxşı məlum idi. Buraya həm tarixi, həm şərq dillərini bilməsi, həm incəsənətə meyli, həm də rəssamlığa həvəs göstərməsi daxil idi. SSRİ DTK-sı Andropovun dövründə, Azərbaycan SSR DTK-sı Əliyevin dövründə nəzərəçarpacaq dərəcədə ziyalılaşmışdı. Bunu hətta bir çox dissidentlər də etiraf edirdilər.

Heydər Əliyevin şəxsiyyətini anlamaq, xalqına bağlılığını bilmək üçün bir misala diqqət edək. 1988-ci ilin əvvəlində Sov.İKPn MK-nın Baş katibi M.S.Qorbaçov sərəncam vermişdi ki, 1957-ci ildən bəri ölkədə baş vermiş kütləvi iğtişaşlar barədə arayış və bu kimi hüquqpozmalara görə həbs edilmiş şəxslərin sayı barədə statistik məlumat hazırlayıb ona təqdim etsinlər.

Qorbaçovun sərəncamını aldıqdan sonra SSRİ DTK-nın sədri V.M.Çebrikov tələb olunan sənədi 1988-ci il martın 4-də Baş katibin ünvanına göndərdi. Sənəd elə beləcə də adlanır: «1957-ci ildən etibarən ölkədə baş vermiş kütləvi iğtişaşlar barədə arayış». Sənədin qoşmasında belə bir qeyd vardır: «Yoldaş M .S.Qorbaçova məlumat verilmişdir. Arxiv. V.Boldin. 04.04.88». Boldin Valeri İvanoviç həmin vaxt Sov.İKP. MK-nın Ümumi şöbəsinin müdiri idi. DTK-da hazırlanmış bu sənəddə aşağıdakı qrafalar vardır: «sıra nömrəsi», «il», «yer», «iştirakçıların sayı», «səbəblər», «silahdan istifadə edilmişdirmi». «Nəticələr» qrafası üç hissəyə bölünür: «öldürülmüşdür», «yaralanmışdır», «cinayət məsuliyyətinə cəlb edilmişdir».

Arayışa 1956-ci ildən 1987-ci ilə qədər olan dövrdə antisovet təşviqat və təbliğatına görə və sovet dövlət və ictimai quruluşunu gözdən salan uydurmaları qəsdən yaymaq üstündə həbs edilmiş şəxslərin sayı haqqında statistik məlumatlar əlavə edilmişdi. Hər bir il üzrə göstəriciləri sadalamayacağam - bu, çox yer tutar. Ümumi rəqəmləri nəzərə çatdırıram: həmin dövrdə RSFSR CM -nin 70-ci maddəsi ilə 6543 nəfər, RSFSR CM-nin 190-1 maddəsi ilə 1609 nəfər məhkum edilmişdi. Bu statistikanın Qorbaçovda nə kimi fikirlər yaratdığı təkcə onun özünə bəllidir. Həm də maraqlıdır, görəsən o, həmin statistikanı çar dövrünün və Qərbin müasir demokratik ölkələrinin analoji statistikası ilə müqayisə etmişdirmi? Arayışda Rusiyanın, digər müttəfiq respublikaların adları çəkilirdi. Hətta zahirən ideal sakitliyin hökm sürdüyü Belarusiya da, sən demə, qiyam qaldırıbmış. Təkcə Azərbaycanda sakitlik idi. Bu sakitlikdə respublika DTK-sının və onun sədrinin rolunu kim inkar edə bilər?...

Nəzərə alsaq ki, 1969-cu ilə - partiya işinə irəli çəkilənə qədər Heydər Əliyev kənar adamlar üçün qapalı olan bu idarədə iyirmi beş il zabit vəzifələrində, son iki ili isə general vəzifəsində çalışmışdır, onda tam əsasla iddia etmək olar ki, onun şəxsiyyəti də məlumatı olmayanlar üçün sirli görünən bu mühitdə formalaşmışdır. «Dəniz kənarındakı bina»da mövcud olan ənənələr, qarşılıqlı münasibətlər, mənəvi iqlim, əlbəttə ki, oranın bütün əməkdaşlarının dünyagörüşünə və həyat tərzinə təsir göstərirdi.

Əliyevə qədərki dövrün digər rəhbərlərinin adları unudulmuşdur. 1920—1921-ci illərdə bu vəzifədə işləmiş Semyon Andreyeviç Pankratov, Eyyub Şirin oğlu Xanbudaqov, 1927-1929-cu illərdə DSİ-nin sədri olmuş Novruz Kərim oğlu Rizayev, Aleksey Sergeyeviç Aqrba (1933-1934), Yuvelian Davidoviç Sumbatov (Topuridze) (1934-1938), Mixail Qriqoryeviç Rayev-Kaminski (1938), Stepan Fyodoroviç Yemelyanov (1939-1953), Anatoli Mixayloviç Quskov (1953-1956), Fyodor İvanoviç Kopılov (1956 -1959 ), Aleksandr Vasilyeviç Kardaşev (1959-1963). Təəssüf ki, onlar barəsində qısa bioqrafik məlumatlardan savayı, demək olar ki, heç bir məlumat yoxdur…

1944-cü ilin noyabrında 21 yaşlı Heydər Əliyev kiçik leytenant idi. Bu rütbədə o, həmkarları ilə birlikdə Fransa Respublikası Müvəqqəti Hökumətinin başçısı, Stalinlə danışıqlar aparmaq üçün Moskvaya gedərkən yolüstü Bakıda dayanmış general de Qollun təhlükəsizliyini təmin etmişdi.

Başqa bir fakta nəzər salaq. 1941-ci ilin may-iyun aylarında Bakıda Cənubi Azərbaycanla bağlı bir missiya yaradılmışdı. Bu missiya Cənubi Azərbaycandakı vəziyyət barədə materialları araşdırmaqla məşğul olurdu. Araşdırmalar nəticəsində belə qənaətə gəldilər: İranın azərbaycanlı əhalisi sovet Azərbaycanına birləşməyə can atır. Vaxt yetişdi: 1941-ci il avqustun 25-də gecə saat 2-də Naxçıvandan Xəzərin cənub sahillərinədək bütün sərhəd xətti boyunca hücum başlandı. Əməliyyat uzun sürmədi: şahın əmrinə baxmayaraq, İran ordusu müqaviməti dayandırdı. Onun döyüşçülərindən 106 nəfəri həlak oldu, 320-si əsir düşdü. Sovet ordusu minimum itki verməklə (6 əsgər həlak oldu, 18-i yaralandı, 9 nəfər isə Araz çayını keçərkən suda batdı) Cənubi Azərbaycanı tutdu. Bununla eyni vaxtda SSRİ ilə qabaqcadan razılaşdırılmış əyalətlərə on iki hind diviziyasından ibarət Böyük Britaniya qoşunları daxil oldu.

Missiyaya rəhbərlik Azərbaycan Kommunist Partiyası MK-sının üçüncü katibi Əziz Əliyevə həvalə edildi. Ona polkovnik hərbi rütbəsi verildi və o, Təbrizdə yerləşən 47-ci ordunun hərbi şurasının üzvü təsdiq olundu.

Son vaxtlar Moskvada və Bakıda dərc olunan bəzi yazılar M .C.Bağırovun şəxsiyyətinə yeni tərzdə baxmağa imkan verir. Bağırov çalışırdı ki, müharibədə yaranmış əlverişli vəziyyətdən istifadə edərək, süni sürətdə parçalanmış Azərbaycan xalqını birləşdirsin. O, Əziz Əliyevin 1941-ci il sentyabrın 15-də İrana yola düşən missiyasının birinci qrupu ilə görüşdə demişdi:

- Sizin vəzifəniz çox məsul və şərəflidir. Siz böyük iş görəcəksiniz. Əgər bu vəzifənin öhdəsindən gəlsəniz, bu, Azərbaycan xalqı qarşısında böyük xidmət olacaqdır. Bu vəzifənin öhdəsindən gəlməklə siz ikiyə bölünmüş xalqın çoxdankı arzusunu həyata keçirmiş olacaqsınız. Siz parçalanmış ürəkləri, sevgiləri, hissləri birləşdirəcəksiniz. Bu, namus, sədaqət, məhəbbət məsələsidir...

Öz xalqının müsibəti Bağırovu dərindən narahat edirdi. Axı bu xalq vahid bir xalq idi, vahid mədəniyyəti və tarixi keçmişi, vahid əxlaqı, məişəti, mənlik şüuru, folkloru vardı. Sentyabrın 24-də Cənubi Azərbaycandan Bakıya qayıdan H.Şahgəldiyev səfər təəssüratları ilə bağlı məlumat verərkən, Türkmənçay kəndindən keçdiyini söyləyəndə, Bağırov ürəkağrısı ilə demişdi:

- Böyük Azərbaycan xalqı həmin kənddə iki hissəyə parçalanmışdır...

Lakin Azərbaycanı birləşdirmək arzusu həyata keçmədi. Qərbi Ukrayna və Qərbi Belarusiya variantı burada baş tutmadı. Beynəlxalq vəziyyət Stalinə qəti qərar qəbul etməyə imkan vermədi və 1942-ci ilin fevralında Əziz Əliyevin missiyası Bakıya qaytarıldı.

1944-1945-ci illərdə sovet Azərbaycanı ilə birləşmək, ya da, heç olmasa, İranın tərkibində muxtar Azərbaycan Respublikası yaratmaq cəhdi ona görə baş tutmadı ki, antihitler koalisiyasında Stalinin müttəfiqləri bu məsələdə güzəştə getmədilər. Hətta 1939-cu ildə Hitler bunlara nisbətən daha üzüyola olmuşdu. Çörçill və Ruzvelt, sonralar isə Ruzvelti əvəzləmiş Trumen Şərqin dərinliklərinə nüfuz etmək, İranın və ərəb ölkələrinin zəngin yanacaq-energetika resurslarını nəzarət altına almaq barədə Stalinin strateji planının qəti əleyhdarları idilər.

1997-ci ildə Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən Heydər Əliyev belə demişdi:

- Əlbəttə, o insanlar nə bilirdilər ki, Salman Mümtazda olan nadir kitablar nədir... Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin istintaqını aparanlar onların səviyyəsinə çata bilərdilərmi? Yox! Çünki onların əksəriyyəti savadsız adam idi... Bilirsiniz, mən bunları bir də ona görə yada salıram ki, bəzən bizim müasir adamlarımız da çox dar düşüncəli, səthi, çox kobud, mədəniyyətdən kənar olurlar. Hesab edirlər ki, yüksək vəzifə tuturlar və bu, onlara hər şey veribdir. Amma vəzifə insana heç bir şey vermir, sadəcə olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır. Əgər bunlar varsa, vəzifə səlahiyyətindən dövlətin mənafeyinə, özünün xeyrinə istifadə edə bilər. Yoxdursa, edə bilməyəcəkdir, insanları çolaq, şikəst edəcəkdir…

Azərbaycan DTK -sının sədri vəzifəsində Əliyev hamının xatirində təcrübəli peşəkar kimi, millətlərarası problemlərə son dərəcə həssas yanaşan respublika rəhbərlərindən biri kimi qalmışdır. O, İslam aləminin mahir bilicisi idi. Bunu Moskvada da, Bakıda da, digər müttəfiq respublikalarda da etiraf edirdilər. Azərbaycan SSR-in Cinayət Məcəlləsində sovet dövlət və ictimai quruluşunu ləkələyən uydurmaları qəsdən təbliğ etməyə və yaymağa görə məsuliyyət nəzərdə tutan 188-ci maddə vardı. Analoji maddə bütün müttəfiq respublikaların cinayət qanunvericiliyində də olmuşdur. 1967-1969-сu illərdə SSRİ-də həmin maddə ilə 427 nəfər məhkum edilmişdi. Azərbaycanda isə heç kəs.

Təəccüblü olsa da, Azərbaycan DTK-sına onu partiya vəzifəsindən deyil, sədrin birinci müavini vəzifəsindən təyin etmişdilər. DTK təcrübəsində nadir hadisədir! O, respublika dövlət təhlükəsizliyinin çox az rəhbərlərindən biri idi ki, xidməti siyahısında ştatlı partiya işində işləməsi barədə sətir yox idi. Əliyev nə rayon partiya komitəsinin katibi, nə də rayon icraiyyə komitəsinin sədri olub! Elə sonra da Heydər Əliyev SSRİ-də ona qədər misli görünməmiş bir presedent yaratdı. O, Azərbaycan Kommunist Partiyası MK-sına bilavasitə DTK-nın sədri vəzifəsindən birinci katib seçildi.

Bununla belə, XX əsrdə Azərbaycan siyasi səmasının ən parlaq ulduzu Heydər Əlirza oğlu Əliyevdir. Azərbaycan Xalq Cümuriyyəti liderlərinə müyəssər olmayan şeylərə o nail oldu. Demək olar ki, əsrin əvvəllərindəki sələfləri ilə eyni vəziyyətə düşmüş Əliyev ikinci dəfə böyük bir imperiyanın - sovet imperiyasının dağıldığı vaxt qeyri-adi səylər bahasına Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi. Bu elə bir hünərdir ki, əsrlər boyu unudulmayacaq. Bu cür hünər göstərmiş şəxsin adı isə qədirbilən azərbaycanlıların ürəklərində daim yaşayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 may 2007-ci il tarixdə təsdiq edilmiş mühüm strateji sənəd olan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilmişdir. Həmin sənədə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Konsepsiyaya əsasən: “Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır”.

Dövlətçiliyin əsas atributlarından biri də, təhlükəsizlik mühitinin yaradılması, uzunmüddətli strateji hədəflərin əldə edilməsində qarşıya çıxan maneələrin və təhdidlərin aradan qaldırılmasıdır.

Təhlükəsizlik siyasətinin əsas komponentini 2 kateqoriyaya ayırmaq olar: Milli və dövlət təhlükəsiliyinin təmin olunması (Xarici və daxili amillər nəzərə alınmaqla). Təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması (Xarici və daxili amillər nəzərə alınmaqla) Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas komponentləri kimi təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər, region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq və sair istiqamətləri özündə ehtiva edir.

Xüsusilə bir məsələni qeyd etmək istəyirəm ki, milli təhlükəsizlik siyasətimizin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş müdafiə qabiliyyətinin möhkəmləndirilməsi daimi cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biridir.

Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edir.

Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını aşağıdakılar təşkil edir:

- bütün ölkələrlə dinc yanaşı yaşama;

- digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama;

- mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi;

- beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi;

- hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi.

Təsadüfi deyil ki, 44 günlük tarixi Zəfər Müharibəsindən sonra cənab Prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin daimi möhkəmləndirilməsini xüsusi ilə vurğulamışdır.

Konsepsiyada əksini tapmış informasiya, enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi siyasəti hazırkı dünyada xüsusi ilə aktuallıq kəsb edir. Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilmişdir. Təbii ki, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında təhlükəsizlik xidməti orqanlarının xüsusi rolu danılmazdır. Vətənpərvərlik və dövlətçilik ideallarına, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət hissi, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik və müstəqillik ideyalarının həyata keçirilməsi istiqamətdəki fəaliyyəti dövlət təhlükəsizliyi orqanlarının keçdiyi yolu daha da şərəfləndirərək cəmiyyətdə müsbət imicin formalaşmasında mühüm amil kimi çıxış edir.

Digər tərəfdən isə təhlükəsizlik orqanlarının möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun canı-qanı bahasına ermənı ordusunun “məğlubedilməz” mifinin 44 günə dağıdılmasında, o cümlədən bütün xarici və daxili qüvvələrin xalqımızın iradəsi ilə hesablaşmağa məcbur edilməsində, ərazi bütövlüyümüzün bərpa olunmasındakı fəaliyyətini də xalqımız yüksək qiymətləndirir.

Möhtəşəm Qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycanımızın qarşısında hələ görüləcək çox işlər var. Azərbaycan dövlət təhlükəsizliyi orqanları hazırda zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu mərhələ ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi və sistemləşdirilməsi, milli mənafelərin hərtərəfli və etibarlı təmin olunması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmi təhdid edən yeni təhlükələrlə xarakterikdir. Ümid edirəm ki, xalqımızın bütün çətin sınaqlardan çıxmasında həmişə olduğu kimi bu gün də dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və daima təhlükəsizliyimizi qoruyacaq, dünyada ədalətin təmin olunmasına öz töhfələrini verəcəkdir.

(Mətndə Nikolay Zenkoviç-“Heydər Əliyev, Tale yolları” kitabından istifadə edilmişdir.)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar