“Əks-hücum nəticəsində Rusiya ordusunun cəbhə xətti çökə bilər” –“Rusiyanın daxilində elə proseslər başlayar ki...”

Son dövrlər mətbuatda Ukraynaya “F-16”, ”F-18”, ”Mirage” kimi müasir qırıcı təyyarələrin veriləcəyi barədə məlumatlara tez-tez rast gəlinir. Amma hələ ki, bununla bağlı Qərbdə yekun siyasi qərar qəbul olunmayıb.

İndi belə görünür ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı səmadan güclü dəstək olmadan həyata keçiriləcək. Ukraynanın “Obozrevatel.com” saytı gözlənilən əks-hücumla bağlı tanınmış ukraynalı hərbi ekspert Aleksey Melnikdən müsahibə götürüb.

Həmin müsahibəni təqвim edirik:

- Düşmən son hücumunda 15 “Şahed” dronu buraxmışdı ki, bunun da 14-ü zərərsizləşdirilib. Bu “Şahed”lər Rusiyada istehsalına başladılmış yeni dronlardır, yoxsa İrandan alınandır? Sizcə, bu terror nə zaman bitəcək? İşğalçılar bu silahın tətbiqi ilə nəyi planlaşdırırlar?

- Rusiya böyük sayda olmasa da, müntəzəm olaraq “Şahed” dronları alır. Bizdə məlumat var ki, bu dronların alınması davam edir. Bir məsələyə xüsusilə diqqət yetirmək istəyirəm: silahlı qüvvələrimizin öncəki məlumatlarında deyilirdi ki, Rusiya daha çox hərbi təyinatlı hədəflərə hücum etməyə çalışır. Çox güman ki, Rusiya öz ehtiyatından Ukraynanın gələcək əks-hücum planlarını pozmaq üçün istifadə etməyə cəhd göstərəcək.

- Estoniya Xarici İşlər naziri Urmas Rensalu NATO müttəfiqlərini Ukraynaya “F-16” qırıcıları verməyə çağırıb. Əvvəlcə belə bir xəbər yayıldı ki, Fransa Ukraynaya vermək üçün Birləşmiş Ərəb Əmirliklərindən 40 ədəd “Mirage 2000-9” qırıcıları almağı planlaşdırır. Bundan başqa, Finlandiyadan məlumat gəldi ki, bu ölkə Ukraynaya “F-18 Hornet” qırıcıları verə bilər. Biz başa düşürük ki, qırıcılar “Şahed”lərin dalınca düşməyəcək, amma Ukrayna bu cür təyyarələr alarsa, hansı üstünlüklər qazana bilər?

- Mən bu hadisələrin hər birinə reaksiya vermək istəməzdim, çünki praktikaya görə, əvvəlcə hər hansı məlumatlar, bəyanatlar verilir, sonra bunlar təkzib edilir. Son məlumatlar göstərir ki, müzakirələr aparılır və proses Ukrayna üçün əlverişli istiqamətdə gedir. Bu kontekstdə Slovakiya və Polşanın Ukraynaya “Mig-29” qırıcıları vermələri faktını qeyd etmək lazımdır. Amma təkrar edirəm, Ukraynaya “F-16”, ”Mirage”, ”F-18” təyyarələrinin verilməsi nəzəri imkanlar kateqoriyasına daxildir. Bəli, bu mümkündür, lakin Ukraynanın bu silahları nə vaxt alacağı ilə bağlı ayları saymağa ehtiyac yoxdur. Belə güman edə bilərəm ki, bu qərar veriləcək, amma ən nikbin zaman çərçivəsi yəqin ki, altı aydır. Hələlik siyasi qərar yoxdur. Qərb istehsalı olan təyyarələr Ukraynaya nə verəcək? Bu, Ukraynanın həm müdafiə, həm də hücum imkanlarını xeyli yüksəldəcək.

İlk növbədə Rusiyanın havada üstünlük əldə etmək cəhdlərinin qarşısı alınacaq. Əks-hücum həyata keçirilən zaman bu, xüsusilə vacibdir. Çünki əgər əməliyyatın dərinliyi on kilometrlərlə ölçülürsə, onda sürətlə və təhlükəsiz şəkildə nəzərdə tutulan məntəqələrə yerüstü vasitələr gətirilməldir. Bu, kifayət qədər problemli bir işdir. Deməli, burada qırıcı aviasiyası mühim rol oynayır və həm də Hava Hücumundan Müdafiə funksiyasının bir hissəsini yerinə yetirir.

- Qərb qırıcıları işğal altındakı Krımın azad olunmasına kömək edə bilərlərmi?

- Bəli, şübhəsiz. Əgər biz Ukraynanın əks-hücum əməliyyatından danışırıqsa, onda Ukraynanın işğal alıtında olan digər əraziləri kimi, Krımın da buraya daxil olacağına ümid edirik. Aviasiyanın buradakı üstünlüyü onunla izah edilir ki, Krım yarımadası materik hissəsi ilə dar boğazla birləşır. Müvafiq olaraq da yerüstü qüvvələrin yerdəyişməsi imkanlarını məhdudlaşdırır. Ona görə də burada aviasiya kritik rol oynayacaq. Aydındır ki, Rusiyanın dəniz güvvələrinə qarşı döyüşməyə ehtiyac yaranacaq. Yəni, həqiqətən də aviasiya əlahiddə mühim rol oynayacaq.

- Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son məlumatına görə, Rusiya işğalçı ordusu dörd istiqamətdən - Avdeyevka, Baxmut, Liman və Marinkadan hücuma keçib. Ukrayna ordusu qırxa yaxın hücumu dəf edib. Onların bu fəallığını necə qəyərləndirə bilərsiniz?

- Baş verənləri dəyərləndirmək üçün müəyyən zamana ehtiyac var. Gündəlik hadisələr əsasında hücumların intensivləşməsi və ya azalması ilə bağlı hər hansı nəticə çıxarmaq çətindir. Məsələn, bu, Rusiyanın hücum edən hərbi hissələrinin rotasiyasıyla, hansısa müvəqqəti loqistik problemlərlə, Rusiya komandanlığının mərmi tədarükü, material vəsait toplaması ilə də bağlı ola bilər. Bir gün və hətta bir həftənin məlumatları əsasında bu meyli proqnozlaşdırmaq çətindir.

Əgər daha uzunmüddətli müşahidədən danışsaq, onda deməliyik ki, Rusiya ordusunun hücumu əvvəlkitək davam edir, amma bu hücumun inkişafı kifayət qədər cüzidir.

Lakin istənilən halda Rusiya son bir neçə ay ərzində ənənəvi hücum taktikasından istifadə edir. Onlar cəbhənin müəyyən məhdud məntəqlərində böyük itkilər hesabına irəliləyə biliblər. Bu, ilk növbədə Avdeyevka, Baxmut kimi qaynar nöqtələrə aiddir. Bəli, onların orada müəyən irəliləyişləri var. Bunlar müharibənin gedişində strateji dönüş yarada biləcək operativ fəaliyyətlər deyil, sadəcə hansısa kiçik taktiki uğurlardır.

- Sizin dediklərinizdən belə başa düşmək olur ki, biz müasir qırıcı aviasiyanı yaxşı halda ancaq ilin sonunda ala bilərik. Amma biz bilirik ki, Britaniynın “Chellenger2” tankı, müttəfiqlərimizin tankları və digər hərbi texnikalar artıq Ukraynadadır. Siz necə hesab edirsiniz, aviasiyanın dəstəyi olmadan Ukrayna hərbi güclərinin əks-hücumu o qədərmi uğurlu olacaq ki, biz işğal altındakı bütün əraziləri azad edəcəyik və ya ən azından 23 fefral 2022-ci ildəki sərhədlərimizə çıxa biləcəyik?

- Belə bir uğurun miqyasına əminlik nə məndə, nə də ki, bizim komandanlıqda var. Çünki planla yanaşı, real həyat da var. Əlbəttə, hücum planının elementlərindən biri düşmənin necə hərəkət etməsinin, onun gücünün dəyərləndirilməsidir. Amma hətta ən dəqiq hazırlanmış və geniş kəşfiyyat məlumatı da istənilən halda yüz faizlik təminat vermir.

Biz tez-tez “müharibə dumanı” ifadəsini eşidirik. Yəni, bunun mənası ondan ibarətdir ki, hərbi komandanlıq tam dolğun informasiyaya malik olmadan qərar qəbul edir. Belə olan təqdirdə həm proqnozlaşdırma, həm də qəbul edilən qərar riskli olur. Vəziyyət müxtəlif yöndə inkişaf edə bilər. Biz əks-hücum nəticəsində Rusiya ordusunun cəbhə xəttinin çökməsinə ümid edə bilərik. Xarkovda, Xersonda olduğu kimi daha bir məğlubiyyətlə üzləşən Rusiya ordusunda və eyni zamanda Rusiyanın daxilində elə proseslər başlayar ki, bu, Rusiyanı müharibə aparmaq imkanlarından məhrum qoyar. Lakin bu, ssenarilərdən yalnz biridir.

Biz silahlı qüvvələrimizə inanmaqla bərabər ümid edək ki, hətta məhdud həcmdə olsa belə, Qərbin yardımı vaxtında həyata keçiriləcək. Şəxsi heyəti bu silahlardan məharətlə istifadə etməyə hazırlayacağıq. Ümid var, lakin biz hədsiz nikbin gözləntilərlə də yaşamamalıyıq.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar