“Avropa İttifaqının (Aİ) Ermənistana monitorinq missiyası göndərməsi və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə Bakının Aİ-yə 2027-ci ilə qədər qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırılması barədə razılaşmanı təhlükə altına qoya bilər”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşrində dərc olunan məqalədə bildirilir. “Fevralın 20-də Aİ-nin missiyası Ermənistanla Azərbaycan sərhədində fəaliyyətə başlayıb. Onlar yalnız mülki şəxslərdən ibarətdirlər, 100 nəfərlik heyətin 50-yə yaxını silahsız müşahidəçilərdir”, - nəşr yazır.
Anonimlik şərti ilə “Politico”ya danışan Aİ-nin yüksək rütbəli xarici siyasət rəsmisi təəssüflə monitorinq missiyasının Azərbaycanla münasibətləri korladığını etiraf edib. “Bakı ilə fərqli ssenariyə ümid edirdik. Biz patrul xidməti və iş fəaliyyətimizlə bağlı bütün lazımi məlumatları Azərbaycanla paylaşırıq, çünki problem istəmirik”, - diplomat bildirib.
“Rusiyanın Ukraynaya qarşı apardığı fəlakətli müharibə regionda situasiyanı gərginləşdirdiyi bir vaxtda Brüssel balansı saxlamaq şərti ilə Azərbaycanla iqtisadi əlaqələri yüksəltmək, eyni zamanda qonşu Ermənistana siyasi dəstək təklif etməklə Cənubi Qafqazda mövcudluğunu artırmağa ümid edirdi”, - nəşr yazıb.
“Politico” yazır ki, Avropa Parlamentinin ötən ay qəbul edilmiş və Azərbaycanda insan haqlarının pozulmasını pisləyən hesabatı Bakıda qəzəb doğurub. “Bu, Aİ-nin Azərbaycanla qaz müqaviləsinə kölgə salır”, - məqalədə qeyd olunur.
Qəzet xatırladır ki, Azərbaycan eyni zamanda sərhəddə Aİ missiyasının faəliyyətə başlamasını onun işlərinə müdaxilə sayır və Brüsselə xəbərdarlıq edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər