“Son günlər mətbuata sızdırılan məxfi sənədlər göstərir ki, ABŞ kəşfiyyatı Ukraynanın gözlənilən əks-hücumunun uğuruna dair proqnozlara o qədər də optimist yanaşmır”.
“AzPolitika.info” xəbər verir ki, bunu “The Washingston Post” nəşri yazıb.
Qəzet bildirir ki, Pentaqonun Ukrayna ilə bağlı məxfi sənədləri ilə Bayden administrasiyasının Ukraynaya dair rəsmi mövqeyi arasında kəskin fərq görünür: “Sızdırılan sənəd özündə Ukraynanın gələcək əks-hücumu barədə proqnozu əks etdirir. Kiyevin strategiyası şərqdəki ərazilərin azad olunması və cənuba doğru irəliləyişi nəzərdə tutur ki, bununla da Rusiyanın Krıma quru yolunun bağlanması təmin olunsun. Lakin Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın qurduğu müdafiə istehkamları və Ukrayna Ordusunun daimi silah-sursat və hazırlıqlı heyət çatışmazlığı böyük ehtimalla irəliləyişi çətinləşdirəcək və əks-hücum zamanı böyük itkilərə səbəb olacaq”. Yazıda deyilir ki, gələcək əks-hücum mövzusunda ABŞ hərbi-siyasi rəhbərliyində Ceyk Sallivan, general Mark Milli və nazir Lloyd Ostinlə onların ukraynalı həmkarları arasında geniş müzakirələr aparılıb və bu hücumun imkanlarının məhdudluğu barədə ümumi qənaət yaranıb. Qəzetin iddiasına görə, ABŞ rəhbərliyi bu əks-hücum nəticəsində Krıma quru yolunun tam qapadılmasına skeptik yanaşsa da, Rusiya ordusunun logistikasının dağıdılacağına inanır.
Qeyd edək ki, bir çox mütəxəssislər yayılan məxfi sənədləri Ukrayna və müttəfiq dövlətlərlə Rusiya arasında gedən informasiya müharibəsinin tərkib hissəsi və xüsusi informasiya əməliyyatı hesab edirlər.
“AzPolitika.info”


Şərhlər