Paşinyanın oyunbazlığı onu hara aparacaq?

Hüseynbala Səlimov

Dildə bir söz demək, əməldəsə tamam başqa bir şey etmək! Əslində bu qayda siyasət üçün elə bir yenilik deyil. Yüz illər ərzində bundan da sərt, bundan da məkrli siyasi qaydalar olub...

Güman ki, soruşacaqsınız, bunu niyə, hansı səbəblərdən xatırlatdım. Bəli, bir neçə gün bundan əvvəl daha bir erməni hərbi təxribatının şahidi olduq. Bizim üç şəhidimiz oldu. Ermənilər bizdən də artıq itki verdilər –onlardan dörd nəfər öldü, bundan qat-qat artıq adamsa ağır yaralandı.Yaralanmış ermənilər arasında hətta onların korpus komandiri də vardı!..

Elə həmin gün deyildi ki, baş nazir Nikol Paşinyan özü erməni ordusunun növbəti təxribatına rəhbərlik edir. Bəs bundan bir gün sonra nə oldu? Nikol Paşinyan bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmalıdır! Daha bir gün sonrasa Fransanın əcaib-qəraib “bəyanat”ı peyda oldu və Azərbaycan az qala, Ermənistanın ərazilərini işğal etməkdə ittiham olundu...

İndi biz bunların hansını erməni siyasətinin əsas təzahürü kimi qəbul edək? Məsələnin daha bir qəliz tərəfi budur ki, Ermənistan siyasətindəki haçalanmalar, mürəkkəbliklər bu günün işi deyil. Klassik erməni həyasızlığı bir tərəfə, Nikol Paşinyan hakimiyyətə gələndən, demək olar ki, hər gün belə edir – günortaya qədər bir söz deyir, günortandan sonra isə tamam başqa!

Əlbəttə, Nikol Paşinyan Robert Koçaryan, Serj Sarqsyan deyil, onu sülhə doğru yönəltmək olar. Adamda hətta bəzən belə təsəvvür yaranır ki, bu adam öz cəmiyyətini sülhə hazırlamağa çalışır. Bu isə elə də asan məsələ deyil, ən azı ona görə ki, Levon Ter-Petrosyan kimi bir adam əsl güzəştlər, əsl sülh haqqında danışmağa cəsarət etmir. Bəli, Paşinyan danışır, amma müəyyən “düzəlişlərlə” – bir gün sülhdən dəm vurur, bir gün də müharibədən. Hətta Fransanı belə ortada oynadan Nikol Paşinyan və onun Ermənistanı, erməni siyasətçilərinin həyasız yalvarışlarıdır. Amma bizə elə gəlir ki, cənab Nikol bir neçə məqamı tamam unudur.

Birincisi, revanşizm indiki erməni siyasətində abstrakt bir şey deyil və onların öz siyasi düşərgəsi var. Qoy, Paşinyan ya bu düşərgədə yer alsın, ya da öz yolunu tutsun.

Ona Fransa və yaxud da İran gündə bir şey deyib düz yolundan sapındıracaqsa, N.Paşinyan bütün bu cəhdlərə “fürsətdir!” deyib gündə bir hərbi təxribat törədəcəksə, bu, siyasət olmayacaq, bununla ölkə idarə etmək mümkün deyil.

İkincisi, bəzən Qərbin dəstəyi Paşinyanın ağlını əlindən alır. Biz Fransanı demirik, Paris, prinsipcə, əvvəl də belə idi. Makron İrəvanı “Frankofoniya sammiti”nə dəvət edir, Nikol Sarkozi isə Ermənistanı “Fransanın bacısı” adlandırırdı. Yalnız prezident Jak Şirak nisbi neytrallıq nümayiş etdirməyə cəhd edirdi. Amma bunu bütün Qərb haqda, xüsusən də ABŞ haqqında demək olmur, baxmayaraq ki, Bayden qondarma “erməni genosidini” tanıyan ilk ABŞ prezidenti oldu.

Amma güman ki, Paşinyan ona ABŞ-ın da ilk münasibətini yaddan çıxarmayıb– bir vaxt onu hətta Kaliforniyanın meri belə qəbul etmirdi. Ona görə ki, Paşinyan da özünün siyasi sələfləri – Koçaryan və Sarqsyan kimi destruktiv mövqeyini davam etdirirdi.

ABŞ Paşinyana indi ona görə dəstək verir ki, hazırda vəziyyət dəyişib. Bir vaxt Vaşinqton israr edirdi ki, status-kvo məqbul sayıla bilməz. Hazırda münaqişənin böyük bir mərhələsi arxada qalıb, Azərbaycan işğal altında olan rayonlarının əsas hissəsini azad edib. Bir buna görə, bir də Rusiyanın başının Ukraynada müharibədə qarışdığına görə, Vaşinqtonda belə hesab edirlər ki, indi nəsə etmək olar...

Üçüncüsü, erməni cəmiyyəti revanşistlərdən güclü çıxdı - əgər cəmiyyətdə revanşizm ovqatı güclü olsaydı, eyni adlı siyasi düşərgə böyük dəstək alar və Paşinyanı devirərdi. Amma belə olmadı və hələ ki cəmiyyət Paşinyanı dəstəkləməkdə davam edir. Amma Nikol bundan “uzağa gedən nəticə”lər çıxarmamalıdır. Siyasətdə “əbədi məhəbbət” olmur, hər şey avans şəklində olur. Sənə vaxt verilir. Bu müddət ərzində nəsə etdinsə, əlavə dəstək alacaqsan, yox, etmədinsə, onda özündən küs. (musavat.com)

635x100

Şərhlər

Elmira 2023-04-16 13:50:44

Hüseynbala Səlimov bizim çox sevimli publisistdir. Böyük maraqla onun hər yazısını oxuyuruq. Çox sağolun, Hüseynbala bəy.

Son yazılar