Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərini yaxından izləyən Qərb mediası bu barədə silsilə yazılar dərc etməyə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın nüfuzlu nəşrlərindən – “The Politico” və “The New York Times” 14 may seçkiləri ilə bağlı təhlil xaraketrli məqalə dərc edib.
“The Politico” “2023-cü ilin ən mühüm seçkisi” başlıqlı məqalədə bu seçkinin dünya miqyasında mühüm nəticələrinin olacağını yazıb. Nəşr gələn ay keçiriləcək seçkilərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün də böyük və tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
ABŞ nəşri seçkilərin son dövrün ən mübahisəli yarışlarından biri olacağını iddia edib və “Seçkilər Avropa və Yaxın Şərqin təhlükəsizliyinə böyük ölçüdə təsr edəcək” ifadəsini işlədib.
“Kimin seçiləcəyi Türkiyənin NATO ittifaqındakı rolu, ABŞ, Aİ və Rusiya ilə əlaqələri, immiqrasiya siyasəti, Ukraynadakı müharibədə Ankaranın rolu və Şərqi Aralıq dənizindəki gərginliyə təsir edəcək”- deyə, məqalədə bildirilib.
Həmçinin Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri iki ölkə arasında Türkiyənin uğurlu vasitəçi olduğuna diqqət çəkən “The Politico”, 7 partiyalı koalisiya hakimiyyətə gələrsə, bu rolun azalacağını qeyd edib.
ABŞ-ın “The New York Times” (NYT) nəşri isə yayımladığı məqalədə 7 partiyalı koalisiyanın namizədi və “CHP”-nin lideri Kamal Kılıçdaroğlunun R.T Ərdoğanla mübarizədə bir neçə dəfə məğlub olmasına diqqət çəkib.
“K. Kılıçdaroğlu 2010-cu ildən bəri müxalif partiya olan Cümhuriyyət Xalq Partiyasının lideridir. Ancaq o, sandıq başında Ərdoğan və Ədalət və İnkişaf Partiyasına müntəzəm olaraq məğlub olur”,-deyə məqələdə bildirilib.
NYT 2009-cu ildə K. Kılıçdaroğlunun Türkiyənin ən böyük iqtisadi şəhəri olan İstanbulda bələdiyyə başqanlığı yarışını da uduzduğuna diqqət çəkib: “K. Kılıçdaroğlunun partiyasının namizədləri 2014-cü ildə İstanbulda, 2014-cü və 2018-ci illərdə isə Ərdoğana qarşı keçirilən prezidentlik yarışlarında məğlub olublar”.
NYT, həmçinin CHP-nin 2011-ci ildən bəri dörd seçkidə parlamentdəki yerlərini əhəmiyyətli dərəcədə artıra bilmədiyini qeyd edib.
“AzPolitika.info”


Şərhlər