“Ermənistan Azərbaycanın onun suveren ərazilərinə (?) müdaxiləsilə bağlı KTMT-yə müraciət edib. İrəvan işğal faktına(?) siyasi qiymət verilməsini istəyib. Təəssüf ki, yekun sənəddə siyasi qiymətləndirmə əks olunmayıb...”
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan növbəti Azərbaycan əleyhinə yalan və böhtanlardan ibarət müsahibəsində deyib.
Arşakyan etiraf edib ki, KTMT-də belə onların yalanlarına inanan, “Ermənistanın işğala məruz qaldığını” qəbul edən yoxdur. Buna görə də təşkilat onların istədiyi mövqeyi nümayiş etdirmir.
İrəvanın sülh sazişi bağlamağa və sərhədləri dəqiqləşdirməyə razılaşmadığını "unudan" vitse-spiker deyib ki, ümumiyyətlə KTMT-də Ermənistanın sərhədlərinin haradan keçməsilə bağlı vahid rəy yoxdur. Guya buna görə də Azərbaycanın "hərəkətlərinə" siyasi qiymət verilməsi məsələsində konsensuns əldə edilmir.
Saxta bəyanatlarının artıq qarşılıq görmədiyini etiraf edən Arşakyan Ermənistan hakimiyyətinin bu vəziyyətdən narazı olduğunu da gizlətməyib . İddia edib ki, sərhəddə baş verənlərə siyasi qiymət verilməyincə, KTMT kontingentinin Ermənistanda yerləşdirilməsinin mənası yoxdur. Ancaq ortada hələlik bir sərhəd olmadığını yenə "unudub".
Paşinyan komandasının təmsilçisi bununla da Ermənistanın Avropadan müşahidəçilər dəvət etməsinə və KTMT-yə güvənməməsinə haqq qazandırmağa çalışıb.
Ancaq bütün bunlarla yanaşı, vitse-spiker növbəti dəfə erməni ikiüzlülüyünü nümayş etdirib və Ermənistanın qətiyyən KTMT-dən çıxmaq fikrində olmadığını deyib: “Ermənistan heç vaxt bu təşkilatı tərk etmək fikri barədə danışmayıb. Rəsmi İrəvan öz ərazisinin müdafiəsinə yardım xahişi ilə təşkilata müraciət etdi. Lakin təşkilat buranı Ermənistanın suveren ərazisi kimi qeydə almadı. Bütün suallar da bundan irəli gəldi. Ermənistanın KTMT-dən çıxacağına dair deyilənlərə gəlincə, nə şifahi, nə də yazılı bəyanatlarda belə bir şey yoxdur. KTMT-nin Ermənistandan getmək istəməsinə dair qiymətləndirmələrimiz isə bizim təşkilatın atdığı addımlara cavabımızdır”.
Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl KTMT-nin Ermənistandan getmək istədiyini bəyan etmişdi. Kreml isə bu iddiaları təkzib etmişdi.
C. Məmmədov
“AzPolitika.info”


Şərhlər