"Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş media təmsilçiləri ilə olsun" - Ceyhun Yusifov

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin təşəbbüsü ilə yaradılan "Femida dialoq platforması" çərçivəsində ötəbn həftə  Vəkillər Kollegiyası ilə görüş keçirilib.

“Femida Dialoq Platforması” adlı layihənin müəllifi, Ali Məhkəmənin sədri İnam Kərimov görüşdə çıxış edərək  ölkəmizdə məhkəmə-hüquq sistemində islahatların hər zaman dövlətin diqqət mərkəzində olduğunu qeyd edib. İnam Kərimov vurğulayıb ki, məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan sonuncu böyük həcmli islahatlar "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel Fərmanının qəbulu ilə başlayıb. Bu sənədin icrası ilə əlaqədar ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmədə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib. 

Ali Məhkəmənin sədri bildirib ki, "Femida dialoq platforması"nın məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdir. 

"Femida dialoq platforması çərçivəsində ilk görüş Azərbaycan Vəkillər Kollegiyası ilə keçirilir. Bu da təsadüfi deyil. Çünki Vəkillər Kollegiyasının üzvləri məhkəmə-hüquq sistemində önəmli funksiyanı yerinə yetirirlər. Bu gün biz həm məhkəmə-hüquq sistemində görülən işlər, hazırkı vəziyyət barədə danışacağıq, həm də vəkillərin üzləşdiyi problemlər və məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində təklifləri dinləyəcəyik. Düşünürəm ki, bu gün birgə uğurlu əməkdaşlığın əsasını qoyacağıq" -deyə, İnam Kərimov bildirib .

Tanınmış vəkil, "AzPolitika.info" saytının baş redaktorunun müşaviri Ceyhun Yusifov belə görüşlərin keçirilməsinin məhkəmə-hüquq sistemində reallaşdırılacaq islahatlar üçün böyük önəm daşıdığını vurğulayır: "Ali Məhkəmənin yeni rəhbərliyinin, şəxsən hörmətli İnam Kərimovun təşəbbüsü ilə başlayan  "Femida dialoq platforması" adlı yeni layihəni bu baxımdan yüksək qiymətləndirmək lazımdır. Bu addım ölkəmizdə məhkəmə-hüquq sistemində islahatların dərinləşəcəyini, cəmiyyətin gözləntilərinə uyğun ədalətli məhkəmə sisteminin qurulması istiqamətində ciddi addımların atılacağını göstərir. Hesab edirəm ki, "Femida dialoq platforması" çərçivəsində  ölkənin tanınmış, ictimai fikrə təsir edən media orqanlarının rəhbərləri, təmsilçiləri ilə görüşün keçirilməsi bu baxımdan əhəmiyyətli olardı.  Media  orqanlarının təmsilçilərinin fikirləri heç şübhəsiz  məhkəmə-hüquq sistemində çatışmazlıqları, problemləri daha aydın görməyə, gözlənilən islahatları daha səmərəli həyata keçirməyə imkan verər",

"İnanıram ki, hörmətli İnam Kərimovun  "Femida dialoq platforması" çərçivəsində növbəti görüşü məhz tanınmış media orqanlarının təmsilçiləri ilə olacaq" - deyə, C. Yusifov bildirib. 

Elman

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar