Menu

Məşhur Ukrayna kanalı Azərbaycana haqsızlığa görə üzr istədi – VİDEO

29.04.2023, 09:08
Məşhur Ukrayna kanalı Azərbaycana haqsızlığa görə üzr istədi – VİDEO

“Müstəqillik müharibəsi hər bir ukraynalıdan təkcə öz cəbhəsində gündəlik mübarizə deyil, həm də prinsiplərə sadiqlik tələb edir. Ukraynanın ərazi bütövlüyü sarsılmazdır. Bu, bir çox dostlarımızın və tərəfdaşlarımızın paylaşdığı prinsiplərdən biridir. Bu prinsipləri müdafiə edən Ukraynanın əsl dostlarından biri də tanınmış amerikalı politoloq Ramiz Yunusdur ki, “Fabrika Novin” (keçmiş “Ukrayna-24” telekanalı-red) kanalının redaktorları olaraq keçmiş rəhbərliyin günahı ucbatından yaranmış anlaşılmazlığa görə ondan rəsmi şəkildə üzr istəyirik. "Ukrayna 24" kanalı onun Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı mövqeyini açıqladığı müsahibədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyi hissələri kəsərək efirə verib”.

“AzPolitika.info” xəbər verir ki, bu Ukraynanın “Fabrika Novin” televiziya kanalının yaydığı rəsmi açıqlamada bildirilir.

Qeyd edək ki, “Ukrayna-24 kanalı” məşhur ukraynalı oliqarx Rinat Əhəmədova məxsus olub, erməni əsilli sabiq daxili işlər naziri Arsen Avakovun da kanalla ciddi əlaqələri mövcud olub. Telekanal daim Azərbaycana qarşı qarayaxma kampaniyaları aparıb, Ermənistanın işğalçı mövqeyini dəstəkləyib. azərbaycanlı təhlilçi Ramiz Yunusun müsahibəsi də bu konteksdə ciddi senzuraya məruz qalıb.

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən bir müddər sonra Ali Rada oliqarxların media resursları saxlamasını yasaqlayan qanun qəbul edib. Rinat Əhmədov bundan sonra kanalı satmağa məcbur olub. Hazırda keçmiş ”Ukrayna 24” kanalı yeni heyətlə “Fabrika Novın” adı ilə fəaliyyət gösətir.

Kanalın yaydığı bəyantda daha sonra deyilir: “Bildiririk ki, efirimizdə senzura bizim siyasətimizə və demokratiya prinsiplərimizə uyğun deyil. Müvafiq olaraq, Azərbaycan, Gürcüstan və Moldova kimi Ukraynaya dost ölkələrin üzləşdiyi ekzistensial təhlükələri müzakirə edərkən biz dürüst və prinsipial olmalıyıq.

Bu baxımdan, onu da xatırladırıq ki, Ukrayna 1997-ci ildə yaradılmış postsovet məkanında regional təşkilat olan GUAM-Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın üzvüdür. Təşkilatın adı üzv ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova adlarının baş hərflərindən formalaşıb. Bunlar Sovet İttifaqının dağıldığı dövrdə Kremldən ruhlanan separatizm tələsinə düşmüş keçmiş sovet respublikalarıdır. Bu gün Ukraynada heç kimə sirr deyil ki, Azərbaycanda Qarabağ, Moldova Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiyadakı münaqişələr, eləcə də Krımın ilhaqı və Donbassdakı müharibə Kremlin imperiya siyasətinin marionetlərlə əlaqəsidir. Yada salaq ki, Birinci Qarabağ müharibəsi nəticəsində 1994-cü ildən Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və ona Rusiya tərəfindən hər cür hərbi-siyasi yardım edilib. Təkcə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi deyil, onun ətrafındakı 7 rayon da işğal altında idi ki, Ermənistan bütün işğal illərində ondan bufer zona kimi istifadə etmişdir. Azərbaycanın 1 milyona yaxın sakini uzun illər öz daimi yaşayış yerlərindən didərgin düşərək qaçqın vəziyyətinə düşüb. Burada onu da xatırlatmaq çox vacibdir ki, 1994-cü ilin mayında Rusiyanın təzyiqi ilə Azərbaycan Bişkek protokolunu imzalamağa məcbur oldu ki, bu da Rusiya işğalçılarının Ukraynanı imzalamağa məcbur etdiyi 2014-cü ilin Minsk razılaşmalarını çox xatırladır.

Azərbaycan bu itkilərlə barışmadı və uzun illər öz ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə hazırlaşırdı. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsini, eləcə də ətrafdakı 7 rayonu azad etməyə nail oldu. Təəssüf ki, ərazinin qalan hissəsində hələ də Ermənistanın silahlı birləşmələri var ki, onlar “Rusiya sülhməramlıları” adlandırılan qüvvələrin himayəsindədirlər. Müqaviləyə əsasən onlar 2025-ci ildə bu ərazini tərk etməlidirlər. Biz 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzü zamanı baş vermiş hadisələrdən “Rusiya sülhməramlıları” adlanan qüvvələrin necə davrandığını yaxşı bilirik.

İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqaz regionunda status-kvonu dəyişdi. Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzü həm Cənubi Qafqaz regionunda, həm də bütün postsovet məkanında geosiyasi prosesləri tamamilə dəyişdi. Bu gün gedən prosesləri başa düşmək və məsuliyyətlə qiymətləndirmək çox vacibdir, ona görə də biz bir daha bəyan edirik ki, kanalımız Ukraynanın mediası kimi təkcə Ukraynanın deyil, həm də Azərbaycanın, Gürcüstanın, Moldovanın suverenliyini və ərazi bütövlüyü prinsiplərini dəstəkləyib və bundan sonra da qoruyacaq. Bunu redaksiya heyəti və kanalımızın bütün qonaqları kimi yadda saxlamaq lazımdır.

“Fabrika Novin” redaktorları bəyan edirlər ki, bundan sonra bu prinsip YouTube kanalımızda tam şəkildə tətbiq olunacaq. Dəvət olunmuş məruzəçilərlə söhbətlərimizdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam müdafiə edəcəyik. Biz Azərbaycan, Gürcüstan və Moldovanı bütün separatçı ərazilərə nəzarətin bərpasını başa çatdırmaq üçün niyyətlərimizdə və hərəkətlərimizdə dəstəkləyirik”.

Qeyd edək ki, Ukraynanın məşhur jurnalistlərinin çalışdığı medianın Azərbaycanla bağlı prinsipial mövqe nümayiş etdirilməsi ölkə ictimaiyyəti üçün yaxşı xəbərdir. Çünki müxtəlif dövrlərdə Ukrayna mediasında erməni işğalına haqq qazandıran çıxışların olması azərbaycanlıları dərindən məyus edirdi.

Rasim Əliyev

“AzPolitika.info”


Şərhlər

Mubariz 2023-04-29 12:49:16

Təbliğat budur ,Ramiz ,Aqil , Elxan və başqaları Azərbaycanı təbliğ edir ,XİN isə səfir qadını qorumaqla məşğul olurdu , indi başa düşə bilinizmi ay MM oturan təyinatlı deputatlar ,sözün düzünü deyəni söymək yox sevmək lazımdır ,zatən xalq bunları sizlərdən gözləmir

dadaşyev 2023-04-29 11:07:42

Bir tək cümləyə düzəliş etməyi lazım bilirəm.Deyir ki,1994-cü ildən Azərbaycan ərazisi ermənistan tərəfindən işğal olunub.Xeyr,Azərbaycan əraziləri Rusiyanın 366-cı motoatıcı polku tərəfindən addım-addım işğal olunub verilmişdi ermənistana.On rus əsgərin içində bir erməni vardısa müxbirlər müsahibə götürəndə o ermənini qabağa verirdilər ki,soruşsa demə ki ruslar alıb torpaqları,de ki biz özümüz almışıq.Türklər demiş,beləcə ”alqı operasyonu” yaradırdılar.Dünya da baxırdı ki,budur,erməni əsgər danışır,deyir ki,ala-ala gedirik torpaqları,demək ki erməni ordusu “qüdrətli” ordudur Qafqazda və sair və ilaxır.İndi azad etmişik o torpaqların xeyli hissəsini,erməni ona görə də dad edir rusları qınayır ki,o vaxt aldınız verdiniz bizə,gəlin indi də alın verin də,yoxsa bax küsüb Qərbə yapışarıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol