Xersonun 600 kvadrat kilometri su altında qalıb – Zelenski fəlakət bölgəsinə səfər edib

Ukraynanın fövqəladə hallar xidmətləri ölkənin cənubundakı Kaxovka Su Elektrik Stansiyası (SES) bəndinin uçmasından sonra daşqın zonasında olan minlərlə sakinini xilas etmək üçün səylərini davam etdirir. Xilasedicilərin işinə, Rusiya qüvvələrinin nəzarəti altında olan Dnepr çayının sol sahilindən atəşə tutulması, həmçinin minalarla bağlı risklərin mane olduğu qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Xerson vilayətinə gəlib. O, bəndin dağılmasının nəticələrini aradan qaldırması ilə məşğul olan koordinasiya qrupunun iclasını keçirib.

Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin verdiyi məlumata görə, səhər saatlarında daşqınların orta səviyyəsi 5,5 metrdən çox olub. Bölgənin 600 kvadrat kilometri su altındadır, bunun təqribən 30%-i sağ sahil hissəsi, qalan hissəsi isə sol sahildir.

Xerson vilayəti sakinlərinin təxliyyəsi barədə danışan vilayət rəhbəri bildirib ki, iyunun 8-i səhərə qədər təhlükəli əraziləri 2 minə yaxın insan tərk edib. Onların əksəriyyəti (150 nəfər) Xersonun Korabel rayonundan olan sakinlərdir.

Rusiya Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, son sutka ərzində idarənin əməkdaşları 70-i uşaq olmaqla, 300-dən çox insanı su basmış ərazilərdən təxliyə edə bilib. Bundan əvvəl işğalçı hakimiyyət sol sahildən ümumilikdə 4000 nəfərin təxliyə edildiyini bildirmişdi.

Rusiyanın işğalı altında olan, su elektrik stansiyasının yaxınlığında yerləşən Nova Kaxovka şəhərinin meri bildirib ki, stansiyanın dağıdılmasından sonra beş nəfər ölüb. Vladimir Leontyevin sözlərinə görə, onların hamısı suda boğulublar və daha iki nəfəri isə təxliyə etməyə çalışırlar. Daha əvvəl Leontyev şəhərdə itkin düşən yeddi nəfərdən danışmışdı.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ərazilərdə suyun səviyyəsi artmaqda davam edir, lakin proses əvvəlkindən daha yavaş gedir. İdarədən onu da qeyd ediblər ki, Xersonda su 5,5 metr qalxıb. Dnepr çayının hər iki sahilində 50-dən çox yaşayış məntəqəsi tamamilə və ya qismən su altında qalıb.

Rusiyanın bir sıra müstəqil nəşrləri könüllülərə və yerli onlayn icmalara istinadən yazır ki, daşqın nəticəsində yüzlərlə yerli sakin Alyoşki şəhərində və Rusiyanın işğalı altında olan Dnepr çayının sol sahilindəki digər yaşayış məntəqələrinin damlarında və çardaqlarda qalıb.

Cümə axşamı "Ukrhidroenerqo" şirkətinin rəhbəri İqor Sirota şərh etdi ki, Kaxovka su elektrik stansiyası bərpa edilə bilməz və onun yerində yeni su elektrik stansiyasının tikintisi ən azı beş il çəkəcək və bir milyard qrivnaya (27 milyon dollar) başa gələ bilər.

Ukrayna hakimiyyəti bəndin dağıdılması ilə bağlı araşdırma aparılması xahişi ilə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

Rusiyanın ölkəyə hərbi müdaxiləsi qarşısında Ukraynanı dəstəkləyən bir çox Qərb liderləri su elektrik stansiyasının dağıdılmasında Moskvanı günahlandırıb. Xüsusilə, NATO rəhbəri Yens Stoltenberq hadisəni “Rusiyanın Ukraynadakı müharibəsinin qəddarlığını bir daha nümayiş etdirən hədsiz bir hərəkət” adlandırıb.

“Azpolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar