“Biz ordumuzdan heç nə əsirgəmirdik və ona güvənirdik. Ordunun siyasi əlaqələrini bilirdik, ancaq bəzi şeylərə göz yumurduq... Ola bilsin, bizim ən böyük səhvimiz orduya güvənməyimiz olub”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan dünən parlamentdəki büdcə müzakirələri zamanı çıxışında deyib. Sözsüz ki, Paşinyan “siyasi əlaqələr” deyərkən, Ermənistan ordu rəhbərliyinin böyük hissəsinin Rusiya ilə bağlılığını nəzərdə tutur.
Baş nazirin bu açıqalması ötən gün Azərbaycanın Laçındakı nəzarət-buraxılış məntəqəsinə atəş açılması ilə üst-üstə düşür.
Məsələ ondadır ki, sərhəddə törədilən bu təxribatın Paşinyan hakimiyyətinin maraqlarına xidmət etdiyini söyləmək çox çətindir. Çünki istənilən hərbi gərginlik bir tərəfdən Ermənistanın və onun hakimiyyətinin zəifliyini növbəti dəfə ortaya qoyur, digər tərəfdən erməni cəmiyyətinin Paşinyana qarşı narazılığını daha da artırır. Eyni zamanda, bu cür təxribatlar və hərbi qarşıdurmalar Paşinyanın “Qarabağ ermənilərindən canını qurtarmaq” planlarını və Azərbaycanla sülhə dair çərçivə müqaviləsi imzalanması perspektivlərini çətinləşdirir.
Hansı ki, Paşinyanın Qərbdəki tərəfdaşları da onu tezliklə Azərbaycanla razılaşma imzalayaraq, Rusiyanı regiondan mümkün qədər tez qovmağa həvəsləndirir.
Ən azı Ermənistan hakimiyyəti qədər Azərbaycan da tezliklə sülhün imzalanmasında və Zəngəzur dəhlizinin işə düşməsində maraqlıdır. Bu prosesdə maraqlı olmayan və onu əngəlləməyə çalışan isə Rusiya və İrandır. Bu baxımdan Paşinyanın da eyham vurduğu kimi, belə təxribatların arxasında Ermənistan ordusundakı Rusiyaya xidmət edən qüvvələrin durduğu ehtimalı olduqca yüksəkdir.
Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi Rusiyanın maraqlarına uyğun deyil və bu, onun Cənubi Qafqazdakı mövcudluğunu təhlükə altına alır. Çünki tərəflər razılaşandan sonra Rusiyanın buradakı hərbi mövcudluğuna ehtiyac qalmır. Rusiya olsa-olsa Zəngəzur dəhlizinin fəaliyyətində maraqlı ola bilər, ancaq o da 10 noyabr sazişində göstərildiyi kimi, Rusiya FTX qüvvələrinin nəzarəti altında.
Ermənistan isə məlum olduğu kimi, bu variantı qəbul etmək istəmir və çalışır ki, dəhliz Moskvanın yox, İrəvanın nəzarətində olsun. Beləliklə, 10 noyabr sazişinin daha bir bəndi Rusiyanın ziyanına olmaqla, pozulur və əhəmiyyətini itirir.
Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh razılaşması imzalanandan, sərhədlər müəyyən ediləndən, Qarabğdakı qanunsuz hərbi birləşmələr tərksilah olunandan sonra 10 noyabr sazişi öz əhəmiyyətini itirərək, tarixə keçəcək. Beləliklə də Rusiyanın bərk-bərk yapışdığı bu sənəd tərəflərə təzyiq vasitəsi kimi əlindən çıxacaq. Bütün bunları nəzərə aldıqda, Laçındakı təxribatın mənbəyini təyin etmək elə də çətin olmur...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər