Azad İsazadə: Putin müharibəni davam etdirsə, həm Putinin, həm də Rusiyanın gələcəyi böyük sual altına düşür - əvvəlki dövlət kimi qalmayacaq"

“Tramp hələ 2 il hakimiyyətdədir, İranla müharibə uzanacaq...”

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətləri və Rusiya ilə bağlı bir sıra mühüm mesajlarla yadda qaldı. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlət başçıları ilə ikitərəfli görüşləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə təması və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı müzakirələr diqqət çəkdi.

Xüsusilə Putin-Paşinyan görüşündə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının gələcəyi ilə bağlı səsləndirilən fikirlər yeni müzakirələrə yol açdı. Vladimir Putinin Ermənistan istədiyi halda Rusiya hərbi bazasının ölkədən çıxarıla biləcəyini bildirməsi Moskva-İrəvan münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurub.

Bununla yanaşı, sammitdə Rusiya-Ukrayna müharibəsi, Hindistan və Çinin Moskvanın müharibə siyasətinə münasibəti, Kremlin qarşıdakı dövr üçün planları, Rusiyanın hərbi və iqtisadi imkanları, eləcə də nüvə silahından istifadə ehtimalı ilə bağlı məsələlər də gündəmə gəldi.

“AzPolitika” olaraq bu məsələləri tanınmış ekspert Azad İsazadə ilə müzakirə etdik.

– Azad bəy, ilk növbədə, Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitindən başlayaq. Bu sammit Azərbaycan üçün necə keçdi? Prezident İlham Əliyev bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər keçirdi. Son vaxtlar Azərbaycanın xarici siyasətində həm Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, həm Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsinə, həm də Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişafına xüsusi önəm verilir. Bu istiqaməti necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, son bir neçə ildə Azərbaycan-Avropa münasibətlərində kifayət qədər gərgin bir dövr yaşanır. Ayrı-ayrı Avropa ölkələri ilə həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı əlaqələrimiz var. Amma Avropa İttifaqı ilə münasibətlərimizdə müəyyən gərginlik mövcuddur. Buna görə də yeni mərkəzlərə və yeni əməkdaşlıq istiqamətlərinə arxalanmaq istəyimiz başadüşüləndir.

Dünyada gedən proseslərə baxanda görürük ki, həm Rusiya, həm də ABŞ sonu görünməyən müharibələrə cəlb olunub. Rusiya Ukraynada, ABŞ isə müxtəlif istiqamətlərdə gedən proseslərdə iştirak edir. Çin isə daha sakit, dinc siyasət aparır və heç kim üçün birbaşa hərbi təhlükə yaratmadığını göstərir. Əlbəttə, Tayvan, Cənubi Koreya, Yaponiya kimi ölkələr Çindən müəyyən narahatlıq keçirirlər. Amma reallıqda Çin hazırda heç bir yerdə birbaşa hərbi təhlükə yaratmır.

Azərbaycan da təhlükəsizliyini təmin etmək üçün Şərqdəki müxtəlif mərkəzlərlə əlaqələri gücləndirmək istəyir. Digər tərəfdən, son illərdə Mərkəzi Asiya ilə çox geniş əməkdaşlıq edirik. Hər bir ölkə ilə ayrıca sazişlər bağlanır, iqtisadi əməkdaşlıq genişləndirilir. Bu da Şərqin böyük bir hissəsi ilə əlaqələrin inkişaf etdirilməsi deməkdir. Şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatının son görüşündə Azərbaycan və Ermənistan arasında təmaslar olub və bu təmaslar davam edir. Bunu müsbət görüş kimi qiymətləndirə bilərik. Şanxay Əməkdaşlıq Təşkilatı daha çox iqtisadi məsələlərə baxan təşkilatdır. Azərbaycan isə coğrafi baxımdan çox mühüm mövqedə yerləşir. İstər Orta Dəhliz, istər Gürcüstan üzərindən Türkiyə və Avropaya gedən marşrutlar Azərbaycanın yerləşdiyi coğrafiyanın tərkib hissəsidir. Şərq ölkələri, ilk növbədə Çin, Hindistan və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi gələcəkdə Orta Dəhlizin təkmilləşdirilməsi və inkişaf etdirilməsi deməkdir. Bu da bütövlükdə Cənubi Qafqazda – istər Ermənistanda, istər Gürcüstanda, istərsə də Azərbaycanda iqtisadi inkişafa böyük rol oynaya bilər.

– Bəs Rusiya üçün bu sammit necə keçdi? Prezident Putin həm Çin lideri Si Cinpin, həm Hindistanın Baş naziri Narendra Modi və digər dövlət başçıları ilə görüşlər keçirdi. Hindistanın Baş naziri ilk dəfə Rusiyanı müharibəni dayandırmağa çağırdı. Çin liderinin bəyanatında da ümumi şəkildə bu məsələyə eyham olduğunu gördük. Putinlə bağlı müşahidələrinizi necə xarakterizə edərdiniz?

– Putin haqqında danışmazdan əvvəl bir məqama diqqət çəkmək istəyirəm. Si Cinpin sammitdən bir neçə gün əvvəl gəlmişdi. İki ölkə arasında strateji əməkdaşlıq haqqında saziş də bağlanmışdı. Sonradan gələn dövlət başçılarının faktiki olaraq hamısı Si Cinpinin olduğu rezidensiyaya gedib onunla görüşürdü.

Faktiki olaraq, Si Cinpin orada Şanxay Əməkdaşlıq Təşkilatının rəhbəri kimi özünü aparırdı. Putin bir qədər gec gəlməsinə baxmayaraq, o da bu reallığı nəzərə almağa məcbur oldu. Si Cinpin, belə deyək, orada ev yiyəsi kimi özünü aparırdı. Qərbdə belə davranış bir qədər fərqli qəbul olunur. Çünki Qərbdə daha çox Avropa siyasi təfəkkürü var. Şərqdə isə yazılmayan qaydalar, növbənin kimdə olması və digər məsələlər böyük rol oynayır. Bu, Şərq diplomatiyasının digər ölkələrin liderlərinə verdiyi mesajdır: burada “ev yiyəsi” kimdir?

Azərbaycan və Ermənistanın bu təşkilatda liderlik iddiaları yoxdur. Amma Hindistan və Rusiya üçün bu, böyük siqnal idi. İndi qayıdaq Putinə. Si Cinpin Putinə öz yerini göstərdi və Putin də bunu qəbul etməli oldu. Bu ölkələrin içində ümid yeri olan Hindistan da Rusiya üçün açıq şəkildə bəyan etdi ki, bəsdir, bu müharibəni bitirmək lazımdır. Putinin reaksiyasına baxanda isə onun əsəbi olduğu görünürdü. Ayaqları daim hərəkətdə idi, bir yerdə dayanmırdı və s. Ən əsası isə budur ki, hamı bilir: Putin müharibəni dayandırmaq istəmir. Hamı bilir ki, real danışıqlar getmir. Putin Modiyə bəyan etdi ki, bu məsələ üzərində işləyirlər, bununla məşğuldurlar. Halbuki məncə, bu, bütün kameraların qarşısında verilmiş növbəti siyasi yalan idi. Modi də bunu, sözsüz ki, başa düşdü. Hindistan bununla nümayiş etdirdi ki, müharibənin davam etməsini dəstəkləmir və onun başa çatmasını istəyir. Hesab edirəm ki, Rusiya bundan sonra Hindistanın daha kəskin mövqeyi ilə də qarşılaşa bilər. Elə bu görüşdən əvvəl də Hindistanın bir neçə neft emalı zavodu əvvəlcə razılıq vermişdi, sonra isə Rusiyanın benzin göndərməsi məsələsində bir neçəsi imtina etdi. Rusiyadan Hindistana çox kiçik bir partiya yanacaq göndərildi. Özü də uzun yolla, səhv etmirəmsə, şimal istiqamətindən – ya Vladivostokdan, ya Arxangelskdən bir tanker gəlib çatmışdı. Amma hələ də bilinmir ki, niyə orada müəyyən müddət dayanmışdı və hansısa sənədləşmə məsələləri uzanırdı. Bu gələn benzin isə nəticə etibarilə hansısa bir şəhərin bir günlük ehtiyacını belə əvəz etmir. Belə cavabdan sonra hesab edirəm ki, Hindistan daha kəskin mövqe tuta bilər.

– Azad bəy, deyirsiniz ki, Putinin müharibəni dayandırmaq fikri yoxdur. Bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri də Moskvaya gəldi, gizli görüş keçirildi və mediada bununla bağlı müxtəlif versiyalar səsləndi. Elə buradan çıxış edərək Putinin planları haqqında nə deyə bilərsiniz? Artıq sentyabr ayı başlayıb. Müharibəni dayandırmaq istəmir. Bəs nə etmək istəyir? Amerika Putindən nə tələb edirdi?

– Konkret mənbəyə istinad edə bilmərəm. Amma bu barədə hansısa qəzet yazmışdı. Səhv etmirəmsə, “The Economist” idi. Kreml rəsmilərindən birinə istinadən belə bir fikir yayılmışdı ki, guya Putin öz ətrafına deyib: “Mən müharibəni dayandırsam, məni asacaqlar”. Burada söhbət həmin sözlərin həqiqət olub-olmamasından getmir. Məsələ ondadır ki, biz hamımız bunun həqiqətə oxşar bir fikir olduğunu düşünürük. Putin müharibəni dayandırsa, onu devirə bilərlər. Putin müharibəni davam etdirsə, yenə onu devirə bilərlər. Putin faktiki olaraq elə vəziyyətdədir ki, hansı seçimi etsə, müəyyən mənada uduzan tərəf olacaq. Amma burada təkcə Putin uduzmayacaq, Rusiya da uduza bilər. İndi müharibəni dayandırsa, Rusiyanın bir dövlət kimi gələcəkdə özünü bərpa etmək şansı var. Amma Putin müharibəni davam etdirsə, həm Putinin, həm də Rusiyanın gələcəyi böyük sual altına düşür. Demirəm ki, Rusiya dövlət kimi olmayacaq. Amma sözsüz ki, əvvəlki dövlət kimi qalmayacaq. Müəyyən itkilər verəcək – istər ərazi baxımından, istər siyasi, istərsə də iqtisadi baxımdan. Sadə dillə desək, Putinin mövqeyi belədir: Bizdə bir söz var: “Ölmək ölməkdir, xırıldamaq nədir”. Putin başa düşür ki, müharibəni uduzur və sadəcə olaraq prosesi uzadır ki, bəlkə siyasətdə nəsə dəyişə bilər. O ümid edir ki, hələ iki il Trampın hakimiyyəti var. Demirəm ki, Tramp tamamilə Rusiya ilə işləyəcək. Amma Trampın mövqeyi müəyyən qədər neytraldır. O, nə Ukrayna tərəfdədir, nə də Rusiya tərəfdə. Bu, müəyyən mənada Putinə ümid verir. İkinci ümid yeri İranda davam edən müharibədir. Bu da neftin qiymətinə təsir edə bilər və Putin müəyyən maliyyə gəlirləri əldə etməyə davam edə bilər. Yəni Putin düşünür ki, əlində iki alət qalıb.

– Hansı alətlərdən söhbət gedir?

– Səfərbərlik və nüvə silahı. Amma hər ikisi də böyük sual altındadır. Birincisi, səfərbərlik hələ başa çatmayıb. 2022-ci ilin sentyabrında səfərbərlik elan olunub. Onun dayandırılması ilə bağlı Putin ayrıca fərman verməyib. Hər ay az da olsa, müəyyən sayda insan müxtəlif adlarla orduya cəlb edilir. Səfərbərlik adı ilə çağırırlar və təklif edirlər ki, havayı gedib döyüşməkdənsə, müqavilə bağla, bunun müqabilində pul alacaqsan və s. Deməli, səfərbərlik prosesi gedir. Amma bundan sonra yeni, böyük səfərbərlik elan etmək, sözsüz ki, seçkiqabağı mümkün deyil. Seçkidən sonra da bununla bağlı risk ediləcəyinə inanmıram. Çünki müharibəyə qarşı əhali arasında mənfi münasibət formalaşır. Hələlik kütləvi şəkildə xaricə köçən insanlar var və müharibəni istəməyən insanların sayı artır. Bunun üzərinə iqtisadi problemləri, işçi qüvvəsinin azalmasını və digər məsələləri də əlavə etmək lazımdır. Müharibədəki vəziyyət də göstərir ki, insan sayından asılı olmayaraq, cəbhədə vəziyyəti köklü şəkildə dəyişmək mümkün deyil. Sadəcə olaraq, müharibəni uzatmaq olar. Ukrayna daha çox vaxt və güc sərf etməlidir ki, yeni səfərbər olunan insanları məhv etsin və ya yaralasın. Bu gün Rusiya ordusunun itkiləri – söhbət ölən və yaralananlardan gedir – səfərbərlik və ya müqavilə əsasında orduya cəlb olunan insanların sayından daha çoxdur.

– Nüvə silahından istifadəyə qayıdaq. Belə bir təhlükə nə qədər realdır?

– Bunun baş verəcəyini demək çətindir. Birinci növbədə bilirik ki, Çin buna etiraz edib. Bu barədə Finlandiya Prezidenti də birbaşa bəyan edib ki, Çinin xarici işlər naziri Rusiyanın nüvə silahından istifadə etməsinə imkan verməyəcəklərini deyib. Bunu açıqladıqdan sonra Çinin heç bir rəsmi nümayəndəsi həmin fikri təkzib etməyib. Deməli, bu məlumat həqiqətə oxşayır. Əsas məsələ isə budur ki, 1991-ci ildən bəri, Rusiya müstəqil dövlət olduqdan sonra nüvə silahı ilə bağlı real vəziyyəti tam bilmirik. Rusiya heç bir nüvə sınağı keçirməyib. Heç kim bilmir ki, Rusiyanın əlində olan nüvə silahlarının hansı vəziyyətdədir və onların hamısı işləkdirmi, yoxsa yox. Sözsüz ki, müəyyən formada nəzarət olunur. İşlək və istifadəyə hazır olan sursatlar, yəqin ki, var. Amma dəqiq heç kim deyə bilməz. Üçüncü məsələ budur ki, nüvə silahı təbliğat nəticəsində həddindən artıq təhlükəli bir silah kimi təqdim olunur.

– Təhlükəli deyil ki?

– Təhlükəli silahdır. Amma reallıqda taktiki nüvə silahından istifadə edilsə belə, cəbhədə vəziyyət mütləq şəkildə dəyişməyəcək. Çünki müasir cəbhə əvvəlki müharibələrdəki cəbhədən fərqlidir. Əvvəllər taktiki nüvə silahından istifadə ediləndə hansısa briqadanı məhv etmək, bundan sonra yaranan boşluğa çox sürətlə tank diviziyalarının daxil olması və həmin təhlükəli zonanı keçərək cəbhəni yarmaq nəzərdə tutulurdu. İndi isə böyük birləşmələr əvvəlki kimi cəbhə xəttində batalyon və ya briqada formasında sıx şəkildə döyüşmür. Döyüşlər kiçik qruplarla aparılır. Hər tərəfdən üç-beş nəfərlik, maksimum daha böyük qruplar yayılır. “Boz zona” deyilən ərazi də genişlənib. Əvvəllər döyüş zonasının eni maksimum 10 kilometr idisə, indi həmin boz zona 30 kilometrə qədər genişlənə bilər. Heç bir nüvə silahı belə geniş ərazidə cəbhənin dərinliyindəki bütün qüvvələrə eyni dərəcədə təsir göstərə bilməz. Əsas hərbi baxımdan nüvə zərbəsinin yaratdığı dalğa əvvəlki müharibələrdəki kimi nəticə verməyəcək. Maksimum olaraq radiasiyanın artması müəyyən təsir göstərə bilər.

– Azad bəy, bu sammitdə Putinlə Azərbaycan lideri arasında ayrıca görüş keçirilməsə də, bir neçə dəfə ayaqqüstü söhbətləri oldu. Sizin Azərbaycan-Rusiya liderlərinin bu təmasları ilə bağlı təəssüratınız necə oldu?

–  Azərbaycan-Rusiya kontaktları isə davam edir. Söhbət iqtisadi əlaqələrdən gedir. Adətən baş nazirlərin müavinləri və müxtəlif dövlət qurumlarının nümayəndələri hansısa mövzuları müzakirə edirlər. Sözsüz ki, əvvəlki kimi geniş və isti münasibətlər yoxdur. Yeni layihələr üzərində əvvəlki kimi geniş iş aparılmır. Amma qəbul olunmuş və başlanmış iqtisadi layihələr davam edir. Hazırda lidelər arasında bəzi məsələləri müzakirə etmək üçün siyasi şərait  yoxdur.  

Üstəlik, Rusiya kimi dövlətdə müxtəlif mənbələrdən anti-Azərbaycan mövqedən çıxışların səslənməsi də var. Əgər bu, Kremlin idarə etdiyi prosesdirsə, belə vəziyyətdə nəyisə geniş müzakirə etməyin mənası yoxdur. Amma müsbət hallar da var. Yada salaq ki, Azərbaycana qarşı çox mənfi çıxış edən hansısa nazirin müşaviri vəzifədən çıxarıldı. Məsələn, Solovyovun Azərbaycana qarşı çıxışı Vladivostokda səsləndi, amma Avropada həmin veriliş yayımlanarkən onun müəyyən hissələri ixtisar edildi və s. Deməli, biz hələ də hansısa formada Moskvaya, Kremlə siqnal göndərə bilirik və onlar buna reaksiya verirlər. Bu, müəyyən ümid yaradır ki, bəlkə Kremlin daxilində Azərbaycanın mövqeyini başa düşürlər. 

– Putin və Paşinyan arasında görüş isə çox maraqlı keçdi. Azərbaycanda da bu görüş böyük maraqla gözlənilirdi. Burada bir neçə vacib məqam var. İki ölkə arasındakı münasibətlərdən çıxış etsək, birinci məsələ Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı ilə münasibətlərdən qaynaqlanan ziddiyyətlərdir. Putin kifayət qədər kəskin şəkildə bildirdi ki, iki stulda əyləşməyin əleyhinədir və Ermənistan seçim etməlidir. İkinci məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Putin bu barədə Ermənistanı ittiham edən yeni açıqlama verdi. Üçüncü məsələ isə 102-ci hərbi baza ilə bağlıdır. Putin hətta istənilən halda bu bazanı Ermənistandan çıxara biləcəklərini bildirdi. Amma vurğunu erməni cəmiyyətinin üzərinə salaraq soruşdu ki, Ermənistan cəmiyyəti regionda Rusiyanın hərbi qüvvələrinin olmamasına hazırdırmı? Siz Putin-Paşinyan görüşünü və sonrakı açıqlamaları necə şərh edərdiniz?

– Mən ilk növbədə qeyd edərdim ki, Ermənistanın mövqeyi bizi, Azərbaycanı, müəyyən mənada qane edir. Amma məntiqlə yanaşsaq, sözsüz ki, Rusiya müəyyən məsələlərdə haqlıdır. Rusiya deyir ki, mənimlə ittifaqda olmaq istəmirsənsə, çıx. Kimlə istəyirsənsə, onunla ittifaq qur. Ermənistan isə hələlik çıxmır. Amma Avropa İttifaqına da daxil olmaq üçün ərizə verməyə hazırlaşır. Biz, belə deyək, bu erməni siyasətinə öyrəşmişik. Vaxtilə deyirdilər ki, Qarabağı biz işğal etməmişik, müstəqil ölkədir, özünüz onunla danışın və s. İndi də müxtəlif məsələlərdə mövqelərini dəyişirlər. Biz buna öyrəşmişik. Sözsüz ki, bu, bir oyundur. Paşinyan Putinlə siyasi oyun oynayır. Sadəcə, niyə Paşinyan hələ də Avrasiya İqtisadi Birliyindən çıxmır?

Çünki Avrasiya İqtisadi Birliyinin arxasında Rusiya dayanır. Rusiya olmasa, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə Avrasiya İqtisadi Birliyi əməkdaşlığı, nə də Gömrük İttifaqı əvvəlki formada mövcud ola bilər. Aydındır ki, müxtəlif adlar altında bu təşkilatların daxilində əsas məsələləri Moskva həll edir. Moskva da həmin ittifaqın üzvləri ilə, ən yaxşı halda, böyük qardaş kimi davranır. Ən pis halda isə özünü “ev yiyəsi” kimi aparır. Biz bilirik ki, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı böyükdür. İstər dəmir yolunun icarəsi baxımından, istər Ermənistanda qaz satışını idarə edən “Qazprom” strukturları baxımından, istər elektrik təminatında və digər sahələrdə Rusiya ilə bağlılıq qalır. Bunların hamısından bir-bir qopmaq üçün, sözsüz ki, ciddi diplomatik addımlar atmaq lazımdır. Ermənistan da bunu edir. Ona görə təkrar edirəm: Ermənistanın mövqeyi Azərbaycanın maraqlarına müəyyən mənada uyğundur. Nə qədər ki, bu proses davam edir, müəyyən nəticələr əldə etmək mümkündür. 102-ci baza isə siyasi və hərbi baxımdan artıq əvvəlki mənasını itirib. Vaxtilə 102-ci hərbi baza ona görə Gümrüdə yerləşdirilmişdi ki, Türkiyədən Ermənistana zərbə olacağı halda Ermənistanı qoruya bilsin. Baza məhz Türkiyə sərhədinə yaxın yerləşdirilmişdi. Reallıqda isə biz bilirdik ki, bu baza Türkiyəyə qarşı deyil, Azərbaycandan gələ biləcək təhlükəyə qarşı nəzərdə tutulub. Bu gün Azərbaycandan Ermənistana böyük təhlükə yoxdur. Əksinə, real vəziyyət göstərir ki, Azərbaycan-Ermənistan sərhədi ən təhlükəsiz sərhədlərdən biridir. İranda da vəziyyət sabit deyil və İran sərhədində müxtəlif hadisələr baş verə bilər. Aydındır ki, Rusiya Ermənistanda qoşun yerləşdirmək istəyirsə, Azərbaycanla Ermənistan arasındakı ərazidən Azərbaycanın birmənalı razılığı olmadan istifadə edə bilməz. Amma Gürcüstan istiqamətindən istifadə etmək imkanları var. Deməli, Gürcüstan sərhədi də müəyyən mənada Azərbaycan sərhədindən daha təhlükəli ola bilər. 102-ci baza Ermənistan üçün böyük təhlükəsizlik təminatı deyil. Əksinə, müəyyən daxili və regional proseslər baxımından əlavə təhlükə yarada bilər. Türkiyə ordusuna qarşı həmin bazanın ümumiyyətlə ciddi imkanları yoxdur. Türkiyənin Ermənistana qoşun yeritməsi də fantastik bir ssenaridir. Türkiyənin buna nə ehtiyacı, nə də marağı var. Yalnız Türkiyədən Ermənistana real təhlükə yaransa, həmin baza müəyyən rol oynaya bilər. Amma əsas təhlükə də elə həmin 102-ci bazanın özüdür. Deməli, istər hərbi, istərsə də siyasi baxımdan 102-ci hərbi baza əvvəlki mənasını itirib.

– Diqqətçəkən məqamlardan biri də Bişkekdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin vasitəçisiz, birbaşa görüşmələri oldu.  Rusiyanın bu prosesdən tədricən kənarda qalmasını və tərəflərin birbaşa dialoqunu necə qiymətləndirmək olar?

– Bu, Cənubi Qafqazda dəyişən geopolitik reallıqların birbaşa göstəricisidir. Rusiya üçün bu mənzərəni kənardan seyr etmək, şübhəsiz ki, ağırdır. Putin də həmin sammitdə idi və o da görməyə məcbur oldu ki, Azərbaycan və Ermənistan öz problemlərini, sülh gündəliyini vasitəçisiz müzakirə edir. Artıq Rusiya bu danışıqlarda diktə edən tərəf deyil – nə sərhədlərin delimitasiyası, nə kommunikasiyaların açılması, nə də sülh müqaviləsinin mətni üzrə.

Təcrübə göstərdi ki, Rusiya bu prosesdən kənarda qalanda tərəflər bir-biri ilə daha rahat, daha sürətli və effektiv dil tapırlar. İstər sərhəd məsələlərində, istər sülh müqaviləsinin bəndlərində, istərsə də iqtisadi məsələlərdə iki dövlətin rəhbəri nümayiş etdirdi ki, üçüncü tərəfin müdaxiləsi olmadan nəticə əldə etmək daha asandır. Əlbəttə, Rusiyanı regiondan tamamilə sıxışdırıb çıxarmaqdan danışmaq hələ tezdir, lakin Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının kəskin azalması artıq inkaredilməz bir faktdır.

– Qeyd etdiniz ki, regionda sülhün bərqərar olması üçün cəmiyyətlər də buna hazır olmalıdır. Azərbaycan və Ermənistan liderlərinin göstərdiyi konstruktiv dialoq cəmiyyətlərə də bir siqnaldır. Bu psixoloji keçid prosesi necə baş verəcək?

– Sözsüz ki, hətta sərhədlər açılsa və diplomatik münasibətlər qurulsa belə, inanmıram ki, yaxın vaxtlarda turist avtobusları Ermənistandan gəlib Bakını, Qəbələni, Şəkini gəzsin və ya Azərbaycan turistləri Cermuxa getsin. Amma heç olmasa diplomatik müstəvidə – minimum konsulluq səviyyəsində əlaqələrin yaranması mümkündür. Çox güman ki, ilk mərhələdə bu səlahiyyətlər Tbilisidəki səfirliklər üzərindən həyata keçirilə bilər, paralel olaraq iqtisadi-ticarət əlaqələri inkişaf edər.

Lakin unutmamalıyıq ki, bizim 40 illik ağır və mənfi təcrübəmiz var. O dəhşətli hadisələrin canlı şahidləri bu gün hələ də yaşayır. Şübhə və etibarsızlığın aradan qalxması üçün vaxt lazımdır, nəsil dəyişməlidir. Hətta dəyişən nəsil də tarixi yaddaşı unutmayacaq, amma dinc yanaşı yaşamağın zəruriliyini dərk edəcək. Bu, uzunmüddətli prosesdir və biz hazırda həmin prosesin başlanğıc mərhələsindəyik.

Elçin Rüstəmli

“AzPolitika.info”