Azərbaycanda uzun illərdir icra hakimiyyəti idarəçilik sisteminin özünü doğrultmadığı, bu strukturun ləğv edilməli və daha müasir, çevik idarəetmə sistemilə əvəz edilməli olduğu ətrafında müzakirələr gedir. Ancaq nədənsə, heç cür konkret nəticəyə gəlinmir və köhnəlmiş, “kiflənmiş”, insanların gözündən düşmüş bu idarəçilik institutundan imtina edilmir.
Bu idarəetmə üsulu o qədər çürüyüb ki, hər yeni gələn gənc başçının təkcə şəxsən özünün korrupsioner, rüşvətxor olmadığını sübut etməsinə bir neçə il lazımdır. O da sübut edə bilsə...
Gədəbəydəki son məlum hadisələr göstərdi ki, icra hakimiyyəti başçılarının yaşı, təhsili, xarici görkəmi və s. dəyişsə də, mahiyyəti, idarəetmə düşüncəsi və fəlsəfəsi dəyişməyib. Əgər ucqar kənddə, dağın başında xalqla polis qarşı-qarşıya gəlirsə, deməli, xalqla polis arasında olan digər orqanlar - icra hakimiyyəti, nazirliklər və digər strukturlar öz vəzifələrini yerinə yetirməyiblər. Yəni, yoxmuş kimidirlər. Bu strukturlara qocalı-cavanlı rəhbərlik edənlərin böyük əksəriyyəti isə əhali ilə mərkəzi hakimiyyət arasında körpü olmaq əvəzinə divar olmağa üstünlük verirlər...
“İş-işdən keçəndən sonra” Söyüdlüyə gələn Gədəbəyin icra başçısının etiraz edən kənd camaatı ilə görüşündən göründü ki, xalq bu adama qulaq asmaq belə istəmir və bu, sadəcə həmin cavan oğlanın şəxsi keyfiyyətləri ilə yox, həm də ümumilikdə xalqın icra hakimiyyəti institutuna inamsızlığı ilə bağlıdır. Gənc icra başçısının bunu nə dərəcədə anladığını deyə bilmərik, amma reallıq budur ki, kənd camaatının ciddi narazılığının kökü sadəcə ekoloji, hüquqi və s. yox, daha çox sosial problemlərlə bağlıdır...

İnsanlar gözəl bilir ki, bu adam heç nə həll etmir, bu adam ”camaatın adamı” deyil və ola da bilməz. O, öz mahiyyəti, bacarığı, nüfuzu etibarilə bir tərəfdən mərkəzi hakimiyyət qarşısında hansısa dərin problemi qoyub, onun həllinə nail olmaq, digər tərəfdən isə camaatın qarşısına çıxıb, dövlətin adından danışmaq, konkret vədlər vermək, çıxış yolu göstərmək, insanları sakitləşdirmək iqtidarında deyil. Əgər belə olmasaydı, icra hakimiyyəti mərkəzi hakimiyyətin yerdəki təmsilçisi kimi dağın başında camaatla polisin əlbəyaxa olmasına gətirib çıxaran durumun yaranmasına imkan verməzdi. Və bu, təkcə Gədəbəyin icra başçısına aid deyil, demək olar, başçıların hamısı bu vəziyyətdədir...
Belə təəssürat yaranır ki, yeni təyin olunan “Avropa təhsilli” gənc icra başçıları rəhbərlik etdikləri rayonlardakı saf kənd camaatının “orqanizmi” üçün “yad cisim”dirlər və onlara heç cür uyğunlaşa, “doğmalaşa" bilmirlər. Çünki bu gənc kadrların əksəriyyətinin heç bir ideoloji hazırlığı, əsl mənada ideologiyası yoxdur, daşıdıqları vəzifənin siyasi yükünü anlamaqda çətinlik çəkirlər. Onların siyasi savadı isə əhalinin çoxdan “doyduğu” şablon ifadələrdən və tezislərdən o yana keçmir.
Bu da təbiidir, çünki onlar seçkili orqanı təmsil etmirlər, seçilməyiblər, təyin olunublar və xalq qarşısında bu vəzifəyə layiq olduqlarını sübut edən imtahanlardan keçməyiblər. Digər yandan, onlar bu vəzifələrə sadəcə, karyera tramplini kimi baxırlar və fikirləri tamamilə başqa yerlərdədir. Ancaq “bədbəxtçilik” ondadır ki, bu kadrlar ideoloji “yoxsulluqları” bir tərəfə, texnokrat kimi də əksər hallarda özlərini doğrulda bilmirlər...
Söhbət ideologiyadan düşmüşkən, Söyüdlü kəndi 103 saylı Gədəbəy seçki dairəsinə aiddir və bu dairənin deputatı Yeni Azərbaycan Partiyasının üzvü Sevinc Hüseynovadır. Müvafiq icra hakimiyyəti strukturları, nazirlikər kimi deputatın da bu baş verənlərdə ciddi məsuliyyəti var. İndiyə qədər kimsə bu şəxsin nə mətbuatda, nə də Milli Məclisdə Söyüdlü camaatının pproblemini qaldırmasının şahidi olubmu? Xeyr. Ola da bilməzdi...

Seçkidə S.Hüseynovaya, deyilənə görə, Söyüdlü əhalisinin 63 faizi səs verib. Ancaq deputat özünü vaxtında qabağa versəydi, camaatın dərdini çatdırsaydı və onun sözünün 63 qram çəkisi olsaydı, dövlət və cəmiyyət olaraq bizə heç də başucalığı gətirməyən bu qarşıdurma yaşanmazdı.
Bir sözlə, Azərbaycanda yerli idarəçilik mümkün qədər daha çox seçkili orqanlara verilmədikcə və bu orqanlara seçkilər şəffaf, dürüst şəkildə keçirilmədikcə, Gədəbəydəki kimi “dağlarda döyüş” səhnələrini çox izləyə bilərik...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu icra başçısının ... DƏQİQLƏŞDİRİN
hörmətli redakisya, diqqəti yayındırmayın, söhbət analrın gözünə qaz fisqdiran , onlarla milçək kimi davranan polisin yaramazlığından gedir. Polisi belə ..... Ramil Usubov olub. BU .... tekrar xatırlamağın vaxtıdır. ...
Icra bascisi dola yigmagla mesguldur hamsi.Gelir rusvet hesabina 2-3 villa tikir.Ozune gelecek qurur bir sorusan oldu kendlilerden icrani ve millet vekilini nece defe ust uste gormusuz.Deyecekler tanimiriq cunki isti kabinetde oturub.Xalqin problemini deyil sabah vezifeden gedende ne apardim sualini verecekler.Aparsa ferasetli deyecekler ,aparmasa gic agilsiz
Belə icra başçılarını bir dəfəlik rədd eləmək lazımdır. Əlavə olaraq xalqdan üzr istəməlidirlər!!!
Vallah ayıbdı ee.Seyran Səxavət bir vaxtlar sovet raykomlarından yazdığı bir əsərində “raykom” sözü əvəzinə “ölümünü gözü qarşısına gətirməyən adam” deyə obrazlı bir ifadə işlətmişdi ta əsərin axırına qədər.Çox tutarlı,çox mənalı,nadir tapıntıydı o ifadə,özü də sovet zamanı,zastoy vaxtının raykomları haqda.Sovet dağılmamışmı yəni?Sovetdən çıxıb yağmura düşmüşükmü yoxsa?Bu tip icra başçısıyla sovet Azərbaycanı raykomunun fərqi nədədir görəsən?Tamamən həyatımızı dəyişmək üçün,adam kimi yaşamaq üçün sovetə etiraza qalxmamışdıqmı hamılıqla?Bəs niyə dəyişəmmədik,cənablar?Niyə böyrümüzdəki gürcülər dəyişdi,biz dəyişəmmədik?Balaca bir kəndin problemini elə o kəndin böyükləriylə danışıb yoluna qoymaq bu qədərmi çətindir?Və bir kənddə nə qədər adam olur ki,Paris küçələrində yüz minlərlə etiraza qalxanların üzünə bibər qazı sıxıldığı kimi qaz fısqırdasan?Bu gərəksiz güc nümayişi nəyə lazımmış görəsən?Bağırov 1926-da ÇeKa-dan işdən çıxarılan kimi Azərbaycanda durammayıb Gürcüstana,Beriyanın yanına qaçır.İki il sonra Ruhullaya yazdığı məktubunda deyir ki,mən bəzi məmurların nə yuvanın quşu olduğunu bilirəm deyə hamısı mənə düşmən olub,ona görə də məni işdən çıxarmağa nail oldular.Sonra bir misal çəkir onun ÇeKa-dan uzaqlaşdırıldığı illərə aid.Deyir ki “Məsələn, Azər¬baycan siyasi idarəsinin əməkdaşları Lənkəranda qeyri-leqal sər¬hədi keçmək istəyən mollanı vəhşi¬cəsinə boğub öldürüblər. Bu hadisədən hiddətlənən kənd əhalisi mollanın meyitini geri almaq istə¬yəndə siyasi idarə əməkdaşları narazı olan insanlarla amansız dav¬ranmışlar. Bu da son nəticədə yüzlərlə günahsız kəndlilərin həb¬sinə gətirib çıxarmışdır. Kənd əhalisi məcburiyyət qarşısında qa¬lıb Bakıya öz aralarından nüma¬yəndə heyəti göndərmək qərarına gəlirlər. Artıq kəndlilərin narazılığı etiraz üsyanına keçən vaxtdan son¬ra Bakıdan dövlət komissiyasının üzvləri Lənkərana gəlir».Yəni iş-işdən keçəndən sonra .Və əlavə edir ki,bu cür misallar saysız-hesabsızdır.Yaxşı,ay qardaşlarım,biz bu hərbə-zorba dövrünü keçdik axı.Keçdik bitirdik də.Yüz il ötüb o məktubdan və o hadisələrdən.Yeni səhifə açmaq istədik sovetə kütləvi etiraz edərək.Amma səhifə açılmır ki,biz də ingilislər,almanlar,yaponlar kimi adam balası kimi yaşayaq.
Eger Milli meclisde oturan ve sesleri çıxmayan “millet vekilleri”. hakimiyyete yarınmaq evezine xalqın derdine yanıb onların yanında olsaydı bu problemlerin heç biri yaranmazdı.Derd ondadır ki vezife sahibker ve deputatlara ele gelir ki,onlar xalqa yox ancaq ölke rehberliyini mğdafie etmek üçün lazımdırlar,baxmayaraq ki rehberliyin onlara heç bir ehtiyacı yoxdur.
Hörmətli Cəlal bəy, bu analitik yazınızla siz Azərbaycanın nəinki uzaqdan görüntüsünü, mən deyərdim ki, ən yaxından fotosunu çəkmisiniz. Ölkə eynən siz deyən, siz görən kimidir və bunu hamı bilir.
Əmanətə Xəyanət Olmaz! Zərin qədrini Zərgər bilər! Çörəyi ver Çörəkçiyə, birini də üstəlik! Sən Südlü İnək ol, eybi yox, bircə dəfə sərpici (səhəngi) sındır? Sən Vətənə sadiq kim olursan ol, təki ölkəni düşməndən, yadelli terrorçu, yad ruhlulardan azad et-təmizlə!
Avropa təhsili Gədəbəydə ...... şəkildə gőrūnən arvad da çox gūman ki, hansısa mətbəxdə qab sūrtūr...
Hörmətli Cəlal Məmmədov, səviyyəli məqaləniz üçün təşəkkür edirəm.
Söyüdlü faciəsi,mahiyyətcə 20 Yanvar Bakı qırğını kimi Azərbaycan tarixinə əlavə olunacaq bir hadisədir.Hər ikisində xalq güc qarşısında əzilir.Görünür,hakimiyyət hələ də hadisənin mahiyyətini anlamaq istəmir.
İcra strukturları əhalinin heç bir problemini həll edə bilmirlər. Əhali ilə keçirilən görüşlər də formal xarakter daşıyır. İH işçiləri özləri də etiraf edirlər ki, icra hakimiyyətinin nəyi var ki?! Deməli, bu qürumsuz da yaşamaq olur.