Menu

“Sülh müqaviləsi Rusiyanın marağında deyil” – “Yaradılan süni maneələrə baxamayaraq, irəliləyəcəyik”

04.08.2023, 19:25
“Sülh müqaviləsi Rusiyanın marağında deyil” – “Yaradılan süni maneələrə baxamayaraq, irəliləyəcəyik”

“Bu, gözlənilən bəyanat idi. Rusiya çalışır ki, Qərb platformasında Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı şifahi formada razılığa gəldiyi məsələləri dalana salsın. Çünki sülh müqaviləsi hazırda Rusiyanın marağında deyil”.

Bunu politoloq Fərhad Məmmədov Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçarın bu gün verdiyi bəyanatı şərh edərkən deyib.

Qonçar bildirib ki, Azərbaycanla Ermənistan arasında keyfiyyətsiz və tələsik hazırlanmış sülh müqaviləsinin bağlamasına cəhd etmək gələcəkdə yeni münaqişələrə səbəb olacaq.

“Tələsik hazırlanmış çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”, - diplomat vurğulayıb.

Qonçarın fikrincə, Rusiya imzalanma şərtlərinin tərəflərin özlərinin müəyyən etməsini istəyir.

“Məsuliyyət daşıyan vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü, uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, - deyə o, vurğulayıb.

Fərhad Məmmədov xatırladır ki, bundan əvvəl Rusiya XİN səviyyəsində bunun əksini bəyan etmişdi. Lakin indi də şöbə müdiri səviyyəsində öz mövqelərini açıqlayırlar.

“Bu, Rusiyanın istəyidir. Ancaq Azərəbaycan atacağı addımları Moskvanın, Vaşinqtonun və ya Brüsselin arzusu əsasında müəyyən etmir. Biz iki il ərzində 3 istiqamətdə öz reallığımıza uyğun danışıqlar prosesini aparmışıq. Bundan sonra da yaradılan süni maneələrə baxamayaraq, irəliləyəcəyik”, - deyə o, qeyd edib.

F.Məmmədovun sözlərinə görə, ölkə başçısı ilin əvvəlində sülh müqaviləsi ilə bağlı danışarkən bildirmişdi ki, “bu il sonuncu ildir”: “Artıq bu Ermənistan rəhbərliyinin seçimidir. Onlar Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtləri ilə sülh müqaviləsinə gedəcəklər, ya yox? Düşünürəm ki, digər aktorların Azərbaycana və Qarabağ ermənilərinə təsir imkanları maksimum dərəcədə minimallaşdırılıb, yaxın gələcəkdə isə sıfırılanacaq. Sülh sazişi baş tutmasa, Ermənistan uduzacaq. Qarabağ ərazisində bütün proseslər Azərbaycanın gündəliyinə uyğun şəkildə davam edəcək, Ermənistanla münasibətlər isə qeyri-müəyyən olaraq qalacaq”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Allahaman Quliyev 2023-08-05 09:10:19

Cənab Politoloq və Dəyərli MDB rəsmisi, üç dövlətin 2020ci il Noyabr Kreml *razılaşması* bir neçə texniki-hüquqi məsələlər nəzərdə tutsa da, Beynəlxalq birgə yaşam qaydalarına, BMT TŞnın DQMV həllinə zidd Qarabağı beş illiyə Azərbaycanın səlahiyyətindən çıxarmış olub??? BMT, Az Milli Məclisi, Məhkəmələr üç ildir bu qanunsuzluğa susurlar?

Süleyman 2023-08-05 01:35:24

Bunu 30 ildir hamı bilir.Hətta hakimiyyətdəki rusbaşlrın da sülh müqaviəsi marağında olmadığı görünür.t

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol