Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli, beynəlxalq hüquqa ziddi siyasəti ən yüksək səviyyədə davam edir. Dünən “Le Fiqaro” qəzetində dərc olunan növbəti böhtan dolu anti-Azərbaycan məqaləsində rəsmi Parisin BMT Təhlükəsizlik Şurasına Laçın yolu ilə bağlı dair yeni qətnamə layihəsi təqdim etdiyi barədə xəbər verilmişdi. Fransa hökuməti 16 avqust uğursuzluğundan hiddətlənərək, nəyin bahasına olursa-olsun, bu qurumun Azərbaycana qarşı qətnamə qəbul etməsinə çalışır.

Bu gün isə Prezident Emmanuel Makron estafeti əlinə alaraq Azərbaycana qarşı hədyanlar dolu açıqlamalar verib. O, Fransanın “Le Point” jurnalına müsahibəsində Qarabağın məlum ərazisində qalan ermənilərin “blokadası”ndan danışaraq vurğulayıb ki, “diplomatiyamız aydındır, amma indi diplomatiyanın vaxtı deyil”.

O, mövcud olmayan blokadadan təəssüfləndiyini və pislədiyini qeyd edib: “Biz həmişə demişik ki, xalqların suverenliyinin yanındayıq. Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pisləyib və bir çox humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına imkan verəcək sazişin tapılması üçün mümkün olan hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır”.

“Beynəlxalq ekspertlərin soyqırım prosesinin mövcudluğunu sənədləşdirməsi” ifadəsinə cavab olaraq Fransa Prezidenti bildirib ki, belə bir fikri bu tezlikdə işlətməkdən çəkinir. Biz, xüsusən də Laçın yolui ətrafında qəbuledilməz humanitar vəziyyətlə üzləşirik. Fransanın rolu humanitar yardım üçün təzyiqi saxlamaqdır və biz bu istiqamətdə əlimizdən gələni edirik. Xüsusilə, biz "dağlıq Qarabağa" ərzaq və dərmanların çatdırılması və oraya sərbəst girişin təmin edilməsi üçün təşəbbüslər göstərməyə davam edirik. Bundan əlavə, bu gün Ermənistan həm də öz sərhədləri ilə təhdid altındadır”.

Əlbəttə, Fransa BMT TŞ üzvü olaraq dünya siyasətində təsiredici ölkələrdən biri olsa da, qərəzli, beynəlxalq hüquqa zidd mövqeyi ilə irəli gedə bilmir. Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə zamanı rəsmi Parisin var gücü ilə apardığı anti-Azərbaycan kampaniyasının nəticəsiz qalması bunun bariz sübutudur. Xatırladaq ki, həmin günlərdə Fransa Baş Assambleyası beynəlxalq hüquqa tüpürərək, "dqr"-ın müstəqilliyini tanıyan qətnamə qəbul etmişdi. Amma Fransa hökuməti bundan irəli gedə bilmədi və “qətnamə təcrübəsini” başqa ölkələrdə yaya bilmədi.

Eləcə də 16 avqustda BMT TŞ-da Ermənistanın tələbi ilə keçirilən Laçınyolu ilə bağlı müzakirələrində də Fransa nümayəndəsinin bədnam çıxışı havada qaldı. Bundan sonra geosiyasi paradiqmaların dəyişəcəyini, Fransanın Qafqaz problemlərində söz sahibi olacağını düşünmək sadəlöhvlük olardı. Çünki Rusiyanın zəiflədiyi fonda qardaş Türkiyənin bölgədə möqelərini sürətlə gücləndirdiyini – Azərbaycan-Türkiyə tandeminin əsas söz sahibinə çevrildiyini görməmək mümkün deyil.

Fransanın anti-Azərbaycan kampaniyasına rəhbərlik etməsi Bakı-Paris münasibətlərinə mənfi təsir edib. Ən azı siyasi əlaqələr zəifləyib, qarşılıqlı sərt ittihamlar səslənir. Amma iqtisadi planda dəyişiklik yoxdur, iqtisadi, ticarət əlaqələrində dinamika var. Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycan xarici ticarətinin 5.7 faizə qədərini bu ölkə ilə həyata keçirir, ümumilikdə dövriyyə 250 milyon dollara çatır. Rəsmi Bakı Fransa rəhbərliyinin Azərbaycana qarşı əsassız, qərəzli mövqeyindən dolayı bu əlaqələrə yenidən baxa bilər…

Rasim Əliyev

“AzPolitika.info”