“Ermənistanın 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli bəyanata sadiqliyini vurğulayıram”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 7-də hökumətin iclasında deyib.

O iddia edib ki, beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoquna əhəmiyyət verir. Ancaq yenə də təxribatçı mövqeyini davam etdirərək, Qarabağ ərazində qalan erməniəsilli sakinlərin “hüquq və təhlükəsizliyinin” həlli üçün Laçın yolunun "açılmasının" vacib olduğunu bildirib.

“Bütün bunların əsasında Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır” –deyə, Paşinyan vurğulayıb.

Beləliklə, Ermənistanın mövqeyində yenilik yoxdur. Paşinyan yenə də destruktiv  mövqeyini davam etdirir, Azərbaycanın qəbul etməyəcəyi iddialarla çıxış edir.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bugünlərdə bəyan edib ki, yeganə yol dialoq və Qarabağ ərazində yaşayan erməniəsilli sakinlərin Azərbaycan vətəndaşı kimi öz gələcəyini qurmalarıdır.

“Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq", - nazir vurğulayıb.

Sülhün əldə olunmasına başlıca əngəl Ermənistanın Azərbaycanın suverenliyinə zidd olaraq daxili məsələyə dair beynəlxalq mexanizmlər axtarmasıdır. Bu məsələ müharibədən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə də aid edilirdi. Amma rəsmi Bakı qəti şəkildə Minsk qrupundan imtina etdi və İrəvanla ikitərəfli dialoqa üstünlük verdi. Ötən iki il yarımda bu dialoq Brüsseldə, Vaşinqtonda və Moskvada davam etdirilib.

Ermənistan Qarabağın kiçik bir hissəsində qalan erməni əhalisi ilə bağlı məsələni beynəlmiləşdirməyə cəhd etməklə, problemin Azərbaycanın Konstitusiyasına uyğun şəkildə həllini əngəlləyir.

Əlbəttə, burada başqa faktorlar da var, xüsusi ilə Rusiyanın maraqları da sülhün bərqərar olmasına qarşıdır. Kreml hər iki tərəfə təklif edir ki, istər Ermənistan-Azərbaycan sülh danışıqları, istərsə də Qarabağ ərazində yaşayan erməniəsilli sakinlərin Bakı ilə dialoqu yalnız onun vasitəçiliyi ilə aparılsın, prosesə kənar oyunçular daxil olmasın. Amma Ermənistan Rusiyan ilə yanaşı prosesə başqa dövlətləri də qoşmağa, hətta sülhməramlı kontingentə beynəlxalq status verilməsinə, regiona başqa ölkələrin hərbi qüvvələrin də gəlməsinə çalışır.

Azərbaycan isə bildirir ki, onun üçün əsas məsələ nəticəli prosesdir, onun harada əldə olunması prinsipial önəm daşımır. Amma rəsmi Bakı eyni zamanda, Qarabağ ərazində yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesində hansısa ölkənin vasitəçi kimi iştirak etməsinə qarşıdır.

Bəllidir ki, Qarabağdakı qanunsuz rejim Azərbaycan hökuməti ilə ölkə daxilində danışıqlardan imtina edir. Prezident İlham Əliyev həm ona zəng edən ABŞ Dövlət katibi Entoni Blinkenə, həm də sentyabrın 5-də Bakıya gələn Rusiya Xarici İşlər nazirnin xüsusi nümayəndəsi İqor Xovayevə ermənilərin mövqeyinin qəbuledilməz olduğunu çatdırıb.

Azərbaycanın mövqeyi kifayət qədər konstruktivdir. Rəsmi Bakı istər mülki insanlar üçün açıq olan Laçın yolu ilə bağlı, istər ermənilərin hələ də bağlı saxladığı Ağdam-Xankəndi yolunun açılması istiqamətində, istərsə də ermənilərin reinteqrasiya məsələsində beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Amma Xankəndindəki separatçılar və onların arxasında dayanan havadarları vəziyyəti mürəkkəbləşdirməkdə davam edir.

Bu arada ermənilərin və onların havadarlarının Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq", - xəbərdarlığını diqqətlə oxumasında fayda var. Bu, rəsmi Bakının Xankəndindəki qeyri-müəyyən vəziyyətlə barışmayacağına, bölgədə suverenliyi təmin etmək üçün qəti tədbirlərə başlayacağına işarədir.

Rasim Əliyev

“AzPolitika.info”