Ermənistan hansı təhlükəli geosiyasi oyuna çəkilir?

Ermənistan KİV-lərinin məlumatına görə, sentyabrın 11-dən 20-dək Ermənistan Müdafiə Nazirliyinin “Zar” təlim mərkəzində sülhməramlı missiyaya hazırlıqla bağlı ermənilər ABŞ hərbçiləri ilə birgə “Eagle Partner-2023” adlı təlimlər keçirəcəklər. Məlumatda deyilir ki, bu təlimlərin məqsədi beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən hərbi bölmələr arasında müxtəlif sahələr üzrə koordinasiya qurulması, təcrübə mübadiləsi aparılması və erməni hərbçilərin hazırlıq səviyyəsinin artırlmasından ibarətdir.

Belə qənaət yaranır ki, böyük ehtimalla Amerika Ermənistanı öz təsiri altına salmaq, onu özünə sıx bağlamaq və perspektivdə hətta orada hərbi baza yaratmaq üçün ilkin addımlar atır. ABŞ-ın bu sülhməramlı proqramı müəmmalıdır və ermənilərin beynəlxalq sülhməramlılar dəstəsində yer almasına hazırlaşdırılması hadisənin əsl mahiyyətini gizlətməyə xidmət edə bilər.

Belə görünür ki, ABŞ və Fransa Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa və bunu Ermənistanın əli ilə həyata keçirməyə çalışırlar. Rusiyanın bölgədən uzaqlaşdırlmasının ardından Ermənistanda ABŞ-ın, yoxsa Fransanın üstün mövqe tutacağı aydın deyil. Ola bilər ki, hələlik hər iki dövlət bu prosesdə birlikdə hərəkət etməyə razılaşblar, sonrasını isə zaman və şərtlər göstərəcək. Ancaq Amerika çətin ki, Fransaya güzəştə getsin.


Hazırda Nikol Paşinyan və onun hökuməti Rusiyanın Ermənistandakı mövqeyinin zəiflədilməsi istiqamətində hərəkətə keçib. Bildiyimiz kimi, Paşinyanın Rusiyanın Cənubi Qafqazı tərk etməsi ilə bağlı fikirlərindən sonra Rusiya və Ermənistan rəsmiləri arasında sözlü atışmalar başlayıb. Ermənilərin sərt ifadələrindən başa düşmək olur ki, onlar Rusiyadan qorxmadıqlarını nümayiş etdirməklə yanaşı, ictimaiyyəti də tədricən anti-Rusiya əhvalına kökləyirlər.

Əslində, Ermənistan ictimaiyyətinin Rusiya əleyhinə hazırlaşdırılması prosesi Nikol Paşinyan hakimiyyətə gəlməmişdən öncə başlayıb. ABŞ-ın, Fransanın, Almaniyanın ictimai fondları Ermənistanda çoxdan fəaliyyətdədirlər. Müxtəlif profillər üzrə fəaliyyət göstərən bu QHT-lərin başlıca siyasi xəttində cəmiyyətin Rusiyaya qarşı təşkilatlandırılmasının durduğu aydın sezilir. Rusiya əleyhinə İrəvanda keçirilən çoxsaylı mitinqlərdə çıxış edən erməni liderlərin “axurlarına yemi” məhz Qərbdən maliyyələşən QHT-lər tökür. Burada qeyri-adi heç nə yoxdur, çünki ictimai zəminin hazırlanması vacib şərtdir.

Ermənilərin böyük əksəriyyəti Qarabağdakı məğlubiyyətlərini rusların üzərinə atırlar və hətta deyirlər ki, Rusiya ilə Türkiyə bizə qarşı birləşib. Ermənistan əhalisini Rusiyadan narazı salan faktor təkcə onların 44 günlük müharibədəki ağır məğlubiyyəti yox, həm də Kremlin “Qarabağ klanı”nı himayə etməsi olub...

İndi artıq ermənilər Rusiyanı özlərinə strateji tərəfdaş hesab etmirlər. Onlar uzun illər ərzində ruslara Türkiyədən və Azərbaycandan qorxduqları üçün sığınıblar, yaltaqlanıblar. Ermənistan Rusiyanı Fransa, ABŞ və digər dövlətlərlə əvəzləməyə məmnuniyyətlə razı olar. Onlar tarixdən heç zaman dərs çıxarmayıblar. Elə indi də düşünmürlər ki, kiçik bir xalq kimi coğrafi baxımdan türk dövlətlərinin əhatəsində yaşayırlar, qonşularla dinc münasibətlərin qurulması onlar üçün firəvan və təhlükəsiz həyat deməkdir.

Ermənistanın sərhədə qoşun toplamaqda məqsədi nədir? 

Ermənistan sərhədə qoşun cəmləməklə növbəti təxribata hazırlaşır. Burada bir neçə məqsəd güdülür.

Birincisi, hərbi təxribatla Rusiyanı fakt qarşısında qoymaq, KTMT-dəki öhdəliyini xatırlatmaqla onu müharibəyə cəlb etmək. Bu zaman ermənilər şivən qopararaq Azərbaycan Ordusunun onlara hücum etdiyini deyəcəklər və Rusiyadan kömək gəlməyəcəyi təqdirdə, onu xəyanətdə ittiham edəcəklər.

İkincisi, Qərb dünyasına Azərbaycanın “təcavüzkar olduğunu” göstərmək, “zavallı ermənilər”in məhrumiyyətlərə düçar olmasını önə çəkməklə Qarabağın kiçik bir hissəsində qalan ermənilərin halından şikayətlənmək.

Üçüncüsü, ABŞ və Fransaya mesaj veriləcək ki, bəs görürsünüzmü Ermənistan Rusiyadan qurtulur, buna görə siz konkret və səmərəli addımlar atmalısınız. Bununla da Ermənistan öz təxribatçı əməllərinin qarşılığında Qərbdən böyük maliyyə və hərbi yardımlar gözləyir.

Dördüncüsü, müharibə başlayacağı təqdirdə iki ölkə arasındakı sülh danışıqları mənasızlaşır və Zəngəzur dəhlizi məsələsi kənara qoyulmuş olur.

Təbii ki, Ermənistan heç də özbaşına hərəkət etmir. Qırx dörd günlük müharibədən sonra sındırlımış Ermənistanı mürəkkəb və dolaşıq geosiyasi oyunun içinə çəkirlər. Ermənilərin təxribat törətməyə meylli olması təzə bir şey deyil.

Bəs sərhəd boyunca döyüşlər baş verəcəkmi?

Artıq erməni politoloqlar da deyirlər ki, Paşinyan müharibə başlatmaqla Rusiyanı buradan birdəfəlik çıxarmağı planlaşdırır. Əslində, təkcə Paşinyanın yox, Qərbın də belə bir plana malik olması inandırıcı görünür. Bu müharibədə Ermənistanın bir daha ağır və sarsıdıcı məğlubiyyətə uğraması onu bu əmələ təhrik edənlərin vecinə olmayacaq. Təki, ermənilər haray-həşir salsınalr və desinlər ki, gördünüz, biz Azərbaycanla müharibə edirik, amma müttəfiq saydığımız Rusiya sakitcə dayanıb.


Rusiya isə öz növbəsində ermənilərə öncədən xəbərdarlıq edir. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistan əhalisindən çoxdur. Yəni, demək istəyir ki, onların Rusyadakı aqibətini düşünmürsünüz? 

Ancaq məsələ ondadır ki, Paşinyan üçün həmin ermənilərin heç bir dəyəri, əhəmiyyəti yoxdur.

Yeni dünya nizamında yeni qüvvələr nisbəti formalaşacaq

Son bir neçə ildə Rusiya ətrafında baş verən hadisələr göstərir ki, Qərb dünyası bu ölkənin Avrasiyadakı mövqelərini planlı surətdə zəiflətməyə başlayıb. Rusiya böyük dövlət olmasına baxmayraq, böyük və müdrik davaranmır, yaxın qonşularına qarşı hələ də rasional konsepsiya hazırlaya bilməyib. Rusiyanı idarə edənlər köhnə metodlardan hələ də əl çəkməyiblər. Cənubi Qafqazda süni münaqişə ocaqları törətməklə “parçala, hökm sür” taktikasından başqa bir şey bilmirlər. Nəticədə hətta Rusiyanın uzun illər ərzində bəslədiyi, böyütdüyü və dövlətə qovuşdurduğu ermənilər də deyirlər ki, sən bizə lazım deyilsən. Rusiya böyük dövlətlərlə mürəkkəb geostrateji mübarizəyə girişdiyi bir vaxtda hələ də cılız hisslərlə Qarabağdakı dılğır separatçıları himayə edir, onlara təlimatlar verir.

SSRİ dağılandan sonra Rusiya bizim ərazi bütövlüyümüzün pozulmasında müstəsna rol oynayıb və biz bunu qətiyyən unutmayacağıq. Amma Rusiyanın bizim bölgəni tərk etməsindən sonra nə baş verəcəyini də nəzərdən keçirmək lazımdır. Cənubi Qafqazda Rusiyanın yerini tutmaq istəyən Fransa və ABŞ buraya aktiv müdaxiləyə hazırlaşır və onların maraqları qətiyyən bizim maraqlarımızın fövqündə durmamalıdır. Ona görə də bizə strateji müttəfiq lazımdır. Tarix boyu həmişə kiçik dövlətlər öz təhlükəsilziklərini təminat altına almaq məqsədi ilə özlərinə güclü müttəfiqlər axtarıblar. 

Azərbaycan üçün əsas strateji tərəfdaş Türkiyədir. Avropanın ən güclü ordusuna malik Türkiyənin yeni qlobal perspektivdəki rolu türk dövlətlərinin sürətli inteqrasiyasını həyata keçirməkdir. Azərbaycan mütləq öz strateji müttəfiqinin siyasi kursuna,onun perspektiv imkanlarına xüsusilə həssas yanaşmalıdır. Böyük geostrateji yolun kəsişmə nöqtəsində türk dövlətlərinin birbaşa quru əlaqəsini əngəlləyən Zəngəzurdan dəhlizinin açılması bu baxımdan qarşıda dayanan ən vacib məsələdir.

Yeni dünya nizamında yeni qüvvələr nisbəti formalaşacaq. Balans yaratmaq siyasəti artıq geridə qalır. Azərbaycan istər-istəməz yaranmış mövcud vəziyyətə uyğun mövqe tutacaq. Hansı tərəfdə durmağımızdan çox şey asılıdır. Azərbaycan artıq 1990-cı illərdəki kimi zəif deyil, onun ciddi hərbi-iqtisadi və diplomatik imkanları var. Əgər Ermənistan bundan sonra da başqalarının əlində alət olmaq yolunu tutacaqsa və məsələləri müharibə ilə həll etməyə çalışacaqsa, onun yaxın tarixdə bir dövlət kimi mövcudluğu mümkünsüz görünür.

Vaqif Nəsibov

“AzPolitika.info”