“Rusiya hələ ki, proseslərə qarışmır, qarışmaması lazımdır. Əks halda Kremlin Ukrayna müharibəsi və tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə də gərginliyi yarana bilər. Bu, nə Rusiyanın, nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir”
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiyada Azərbaycanın antiterror tədbiri ilə bağlı iki yanaşma mövcuddur:
“Birinci yanaşma odur ki, Rusiyada mərkəzlər Ermənistan hakimiyyəti ilə münasibətlərdə gərginlik yaşaması fonunda Azərbaycana mane olmayacaqlar.
İkinci yanaşma, Rusiyadakı fərqli şovinist mərkəzlər Qarabağın tamamını nəzarətə almaqda hansısa mərhələdə bizə mane olmağa və yenidən atəşkəs əldə etməyə çalışacaqlar. Hədəfimiz bəllidir, Qarabağın tamamı nəzarətimizə keçməli və təxminən 200 il uzanan problemə son qoymalıyıq. Ayrıca, hansısa rusiyalı rəsminin və diplomatın Ukraynaya qarşı işğalçı müharibə fonunda bizə “tərəfləri atəşkəsə dəvət edirik” çağırışı gülünc səslənir”.
“Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz” - deyə, Elxan Şahinoğlu deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyan yenə telefondan asılı qalacaq, “Azərbaycanı dayandırın” tipli yalvarışlar edəcək. Bunun bizə təsiri yoxdur, Qərbin əlində bizi durduracaq aləti yoxdur. Bizim üçün önəmli olan şimal və cənub qonşumuzun anti-Azərbaycan addımlardan çəkinmələridir. Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahını tərk etməməsi lazımdır.
İranın da indiki həssas məqamda ehtiyatlı mövqe sərgiləməsi gərəkir. Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Əlbəttə, ermənipərəst mərkəzlər haray-həşir salmağa çalışacaqlar, bu, bizi hədəfimizdən yayındırmayacaq. Azərbaycan Qarabağın tamamını nəzarətə götürdükdən sonra təzyiqlər keçmişdə qalacaq. Nikol Paşinyan da Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir”, - ekspert bildirib


Şərhlər
Tarixi şansdır. Allah əsgərlərimizi qorusun, ordumuza kömək olsun.