Menu

“Karabakh Telecom”un fəaliyyətinə imkan verilməsi yolverilməzdir” – “Data məlumatları ruslara vermək olmaz...”

21.09.2023, 18:23
“Karabakh Telecom”un fəaliyyətinə imkan verilməsi yolverilməzdir” – “Data məlumatları ruslara vermək olmaz...”

“Prezident ötən günkü çıxışında Ermənistanın son günlərdəki addımlarını gələcək sülh müqaviləsi üçün məqbul dəyərləndirib. Belə olan halda Ermənistanın +374 beynəlxalq kodu ilə bizim ərazimizdə uzun illər qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” mobil operatorun bundan sonrakı fəaliyyəti doğru və məntiqli deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Hazırda bölgənin bütün informasiya seli Ermənistanın beynəlxalq kodu altında işləyən “Karabakh Telekom” vasitəsilə, həm də Ermənistan üzərindəndir. Magistral rabitə xətləri Ermənistana məxsusdur. Düşünürəm ki, bunlar indiki anda artıq yolverilməzdir”, - o əlavə edib.

Ekspert vurğulayıb ki, bu operatorun sahibləri avadanlıqları və baza stansiyalarını söküb Ermənistana aparmaq, ruslara satmaq istəyə bilərlər: “İndi belə fikirlər sosial mediada gözə dəyir ki, bölgədə olan qanunsuz silahlar Ermənistana deyil, ruslara təhvil verilir. Buna yol vermək olmaz. Fikrimcə, əksinə olmalıdır, 20 il qanunsuz biznes quranlar bizə kompensasiya ödəməlidirlər. Əgər kimlərsə “Karabakh Telecom” infrastrukturunu, avadanlıqları, baza stansiyalarını, data mərkəzləri söküb rusların köməyi ilə Ermənistana daşısalar, bunun məsuliyyəti kimin üzərindədir? Uzun illər orada toplanan nəhəng data-nın taleyi necə olacaq, Ermənistana, yoxsa ruslaramı veriləcək? Ümid edirəm, RİNN, DİN, DTX, Baş Prokurorluq bunların fərqindədir”.

Osman Gündüz bir neçə il əvvəl Türkiyə və Rusiyanın Litvada ByLock-la bağlı həyata keçirdikləri "server-data əməliyyatı”nı xatırladıb: “O zaman birgə əməliyyatla, Türkiyədə çevriliş edənlərin istifadə etdikləri ByLock messencerin Litvada yerləşən Data Mərkəzinə desant çıxarılaraq istifadəçilərin bütün datasını ələ keçirib Türkiyəyə gətirmişdilər. Litva hökuməti o zaman bu datanı Türkiyəyə vermək istəmirdi...”

Qeyd edək ki, artıq Xankəndidə mobil rabitə böhranı hökm sürür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol