Son vaxtlar dünyanın müxtəlif ölkələrində yaşayan fərqli inanclı insanlar arasında münaqişələrin, qarşıdurmaların və hətta müharibələrin yaşandığını görürük. Buna misal olaraq hazırda gündəmin əsas mövsuzu olan fələstinlilərdən ibarət HƏMAS qruplaşması ilə İsrail arasında baş verən müharibəni göstərmək olar.

Əlbəttə, illərdir davam edən bu münaqişənin heç kimin gözləmədiyi anda qanlı bir müharibəyə çevrilməsində dini dözümsüzlük faktorunu göz ardı edə bilmərik.

Daha qədiq desək söhbət israillilərlə fələstinlilər arasındakı gərginliyi hər zaman pik nöqtədə saxlayan Şərqi Qüdsdəki Əl-Əqsa məscidindən gedir. Bir təpə üzərində yerləşən Əl-Əqsa məscidi İslamın üçüncü müqəddəs yeridir. Bura, eyni zamanda onu Həram-əş-Şərif - Məbəd dağı kimi tanıyan yəhudilər üçün də ən müqəddəs yer sayılır.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam Briqadaları”nın komandiri Məhəmməd əl-Deif hücum zamanı yayılan səs yazısında zorakılığın Əl-Əqsa məscidinin həyətində Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbərimizi təhqir etməyə cəsarət edən israillilərin hər gün bu məscidə etdiyi hücumlara” cavab olduğunu bildirib.


Son illərdə israilli fundamentalist millətçilərin bura ziyarətinin artması fələstinliləri narahat edirdi. Məscid ətrafında namaz qılan fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında tez-tez toqquşmalar olurdu. Hətta bu ilin aprel ayında İsrail polisi dini fəaliyyətlərlə bağlı mübahisədən sonra səsboğucu qumbara və rezin güllələrdən istifadə edərək məscidə basqın etmişdi. Təəssüf ki, hadisələrin bu fonda inkişaf etməsi sonda HƏMAS-ın İsrailə hücumu ilə nəticələndi və hər iki tərəfdən də yüzlərlə günahsız insan həyatını itirdi və itirir.

Qeyd edək ki, Yaxın Şərqin qan gölünə çevrildiyi bir vaxtda sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan maraqlı bir foto onu göstərdi ki, dünyanın dini və milli tolerantlıq mövzusunda Azərbaycandan öyrənməli olduğu hələ çox şey var.

Quba şəhərində çəkilən bu fotoda məscid və sinoqoqun eyni kadrda təsvir olunması dünyaya əsl tolerantlıq nümunəsi idi. Bu iki məbədin eyni kadrda görünməsi ölkəmizdə müxtəlif dini inanclara mənsub olan xalqların illərdir bir bölgədə sıx və kompakt şəkildə necə yaşadığını göstərmiş oldu.

Bu gün tam əminliklə deyə bilərik ki, dini dözümsüzlüyün, radikallığın artdığı bir vaxtda Azərbaycan bütün dünyaya nümunədir. Çünki uzun illərdir müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları Azərbaycanda rahat şəkildə yaşaya bilirlər. Ona görə də Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə yad olub.


Quba ilə yanaşı, biz bu gün müxtəlif dini inanclı millətlərin yaşadığı Bakı şəhərində də bir-birinə yaxın yerləşən məscid, kilsə və sinoqoq görə, eyni anda həm azan, həm də kilsə zəngini eşidə bilərik. Bu, ölkəmizə səfər edən xarici turistlərdə təəccüb doğursa da, bizim üçün adi bir haldır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. 4 faiz əhali qeyri-müsəlman olsa da, islamın tələb etdiyi tolerantlıqla yaşayan vətəndaşlarımız hər kəsə eyni mövqedən yanaşırlar.

Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhalər və digər dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirirlər.

Ölkə üzrə qeydiyyatdan keçən 970 dini qurumdan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Azərbaycanda 2253 məscid, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir.

Azərbaycanda dini tolerantlığın təməlini sağlamlaşdıran əsas məsələlərdən biri də, ölkə qanunlarının hər bir vətəndaşa eyni mövqedən yanaşması, hər hansı ayrıseçkiliyin olmamasıdır. Ölkə qanunlarında qeyd olunur ki, hər bir vətəndaş dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Lakin dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir.

Həmçinin insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Eləcə də, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətlər də yolverilməz hesab olunur.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.