Menu

“Ermənistanın nəzarətində qalan kəndlərimiz də geri qaytarılmalıdır” - Deputat

18.10.2023, 15:52
“Ermənistanın nəzarətində qalan kəndlərimiz də geri qaytarılmalıdır” - Deputat

“Paşinyan və bəzi Avropa liderləri inadla sülh sazişinə Qarabağ məsələsini gətirmək istəyirlər, amma o məsələ artıq bağlanıb”.

Bunu “AzPolitika.info”-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, artıq Ermənistanın bütün iddiaları və ittihamları öz əhəmiyyətini itirib.

“Bundan sonra Azərbaycanı nədəsə ittiham etmək onlar üçün boşdur. Torpaqlarımızın işğal altında olduğu, insanlarımızın qanı axdığı vaxtlarda bu Avropa liderləri bir iş görmədilər, konkret addımlar atmadılar. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra isə bu məsələni təkrar-təkrar gündəliyə gətirmək cəhdləri görürük. Bu, artıq mənasızdır, çünki Qarabağ məsələsi artıq bağlanıb”, - deyə deputat vurğulayıb.

VHP sədrinin sözlərinə görə, Ermənistan və havadarları iddia edirlər ki, guya Azərbaycan Zəngəzur bölgəsini “işğal” etmək niyyətindədir: “Azərbaycanın belə bir niyyəti yoxdur. Bu, ölkə rəhbərliyi və parlament səviyyəsində dəfələrlə vurğulanıb. Sülh sazişi hansı dövlətin vasitəçiliyi ilə keçirilirsə keçirilsin, əsas mövzular sərhədlərin delimitasiyası və demarkasiyası, ərazi bütövlüyünün tanınması, habelə, hazırda Ermənistan nəzarətində qalan kəndlərimizin qaytarılması ilə bağlı olmalıdır. Ermənistan Azərbaycanla sülh istəyirsə, mütləq o kəndləri qaytarmalıdır”.

O, əlavə edib ki, Qarabağda işğaldan azad edilmiş ərazilərin abadlaşdırılması üçün ciddi işlər görülür: “Bu gün dövlət müstəqiliyimizin elan olunduğu gündür. Belə bir gündə mən neqativ mövzulara köklənmək istəmirəm. Bu günlərdə Şuşada oldum və o səfərin duyğusu ilə, ancaq gələcəkdən, xoş şeylərdən danışmaq istərdim. Yolboyu mühüm yenidənqurma işlərinin görüldüyünün şahidi oldum. Əminəm ki, yaxın illərdə Qarabağ iqtisadi rayonu istər ölkənin, istərsə də Cənubi Qafqazın iqtisadiyyatına mühüm töhfələr verəcək. Bu gün tariximizdə yeni səhifə açılıb”.

Rüfət Əhmədzadə

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol