Azərbaycanın 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı maksimum uğurla yekunlaşdı. Bu əməliyyat nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa olundu, bölgədəki əli silahlı erməni birləşmələri tərksilah edildi və ya zərərsizləşdirildi və nəticədə həm də Qarabağda yaşayan, işğaldan azad olunmuş bölgələrdə çalışan mülki vətəndaşlarımız üçün mövcud təhlükə aradan qalxmış oldu. Antiterror əməliyyatı fonunda əsas hadisələrdən biri isə Qarabağda məskunlaşan erməni əhalinin öz istəkləri ilə kütləvi formada bölgəni tərk etməsi oldu.
Ermənistan tərəfi bu kütləvi köçün səbəbini gah “anlıq panika” adlandırıb, gah da Azərbaycanı etnik təmizləmədə ittiham etsə də, bütün dünya şahidi oldu ki, ermənilər Qarabağ ərazisini könüllü, heç bir təzyiq olmadan tərk etdilər. Bu səbəbdən, Qarabağı tərk edən ermənilərin bir müddət sonra geri qayıdacağı, yenidən bu bölgədə birgə yaşayışın mümkün olacağı real görünmür. Onu da qeyd edək ki, azərbaycanlılara qarşı düşmən münasibəti bəsləyən və bu səbəbdən geri dönmək istəməyən ermənilərin sayı kifayət qədər çoxdur. Digər tərəfdən, bu fürsətdən istifadə edib qaçqın statusu alaraq daha firavan ölkələrə köçməyi planlaşdıran ermənilərin də sayı az deyil.
Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda bildirib ki, Qarabağdan gələn ermənilər arasında xaricə üz tutanların sayı artıq 3 min (qeyri-rəsmi 7 min nəfər-red.) nəfəri keçib. Yəni ermənilər də yaxşı anlayırlar ki, bu qədər düşmənçilikdən sonra yenidən Qarabağa qayıdıb, azərbaycanlılarla birlikdə və Azərbaycan vətəndaşı kimi yaşamaları çətin məsələdir. İki ölkə, iki xalq arasında tarixin dərinliyinə uzanan bu düşmənçilik, qanlı savaşlar artıq birgə yaşayışın mümkünsüzlüyünü ortaya qoyur. Hər halda bu gün Azərbaycan cəmiyyəti də birgə yaşayışa, illərdir qanını tökən, yurd-yuvasından didərgin düşməsinə səbəb olan bir xalqın nümayəndəsi ilə yenidən qapı qonşusu olmağa maraqlı deyil. Hərçənd Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, əli azərbaycanlı qanına bulaşmayan günahsız ermənilər bölgədə qala bilər və onların bütün hüquq və azadlıqları təmin olunacaq.
İstənilən halda, yüzillik tarixi olan Qarabağ münaqişəsinə artıq son qoyulub və indi qarşımızda duran əsas məsələ Qarabağı qurub-yaratmaq və məskunlaşdırmaqdır. Bu kontekstdə maraq doğuran ən vacib suallardan biri Xankəndi başda olmaqla, ermənilərin kompakt yaşadıqları yaşayış məskənlərinin necə məskunlaşdırılacağıdır. Məsələ ondadır ki, bu yaşayış məskənləri yaşayışa tamamilə yararlı vəziyyətdədir – hər cür infrastruktur var, mənzillər isə hazır. Yəni bir neçə aylıq inventarlaşdırma və hazırlıq işlərindən sonra Xankəndi, Əsgəran, Ağdərə, Hadrut kimi şəhər, rayon və qəsəbələrdə, həmçinin onlarla kənddə məskunlaşmaya başlamaq olar.
Bəs bu yerlərə Azərbaycan hökuməti kimləri köçürməlidir? Əvvəllər ermənilərin yaşadığı evlər kimlərə paylanmalıdır?

Mövzu ilə bağlı fikrini soruşduğumuz Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbər hesab edir ki, hazırda prioritet məsələ təhlükəsizlik problemlərinin həllidir: “Qeyd olunan bölgələrdə təhlükəsizlik məsələsi tam həll olunmadan orada heç bir təmir-tikinti işi aparmaq mümkün deyil. Ona görə də birinci təhlükəsizlik məsələsi təmin olunmalıdır.
İkincisi, infrastruktur olan bölgələrdə əlavə təmir işləri aparılmalı, əgər yoxdursa. infrastrktur yaradılmalıdır.
Üçüncüsü, insanların sosial və humanitar tələbatları təmin olunmalıdır. Sosial tələblər dedikdə - təhsil və səhiyyə sistemini nəzərdə tuturam.
Dördüncüsü, məskunlaşma məsələsi icra olunmalıdır. İlk növbədə hansı bölgədə bu işi daha sürətli görmək mümkündür, məhz oradan başlamaq lazımdır. Düşünürəm ki, bunun üçün də qeyd edilən bu dörd tələbə cavab verən ərazilər seçilməli və məskunlaşmada öncəlik təşkil etməlidir”.
“Hesab edirəm ki, prinsip etibarilə Qərbi Azərbaycandan olan məcburi köçkünləri də Qarabağ bölgəsində yerləşdirmək olar. Lakin biz ilk növbədə Qarabağda evi olmuş, dədə-baba yurdundan qaçqın düşən insanların problemlərini həll etməliyik. Nəzərə almalıyıq ki, bu məsələ de-fakto bitsə də, de-yure bitməyib. Bizim hələ Ermənistanla sülh müqaviləmiz yoxdur. Bildiyiniz kimi, siyasi, diplomatik, informasiya, psixoloji, beynəlxalq hüquqi sahələrdə üzərimizə gəlirlər və biz mütləq qaydada bu məsələləri də nəzərə almalıyıq. Burada məsələlərin ardıcıllığını və öncəliyini düzgün müəyyən etməliyik. Mən ilk növbədə Kərkicahan qəsəbəsi də daxil olmaqla, Xankəndi-Xocalı ətrafında yerləşən səkkiz kənddə məskunlaşma prosesinin icra edilməsinin tərəfdarıyam. Ağdam-Şuşa xəttinin demoqrafik baxımdan möhkəmləndirilməsi Azərbaycanın əsas strateji prioriteti olmalıdır”, - S.Əkbər əlavə edib.
Qeyd edək ki, sözügedən yaşayış məskənlərinə 1988-ci ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların yerləşdirilməsi ideyası daha populyardır və tərəfdarlar tapır.
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanmışdır.


Şərhlər
Qarabağ məsələsi rus-ukrayna müharibəsindən aslıdır,ruslar qalib gəlsələr və yaxud yumuşaq formada qərb əl çəksə onda hər şey aydın olacaq,rusya türkiyəyə görə,üstəlik hayların qərbə açıq satqınlığına görə bizim yanımızda olacaq və bu daimi davam edəcək ən azından ortada gücli türk dövlətlərinə görə,bax onda biz səsizcə paytaxtımızı bir başa xankəndinə və yaxudda ağdama köçürə bilərik.
Şərh yazıram, amma qeydə alan yoxdur,canınız sağ olsun.
.xankendine tam olaraq bizim insanlar yerlesmelidi nece ki qafanda dereleyezde bir dene de azerbaycanli qalmadi eynisi xankendindede olmalidi.qerb biraz it kimi hurub sakitlesecek onsuz ki
Xankəndi şəhərinə köç bütün ölkə üzrə olmalıdır.
Hər rayondan seçım üzrə sağlam ,ehtiyacı olan / 50 -100 arası / gənc ailələr köçürülsə daha məqsədə uyğun olar.
Birdəfəlik bir şeyi qulaqlarımızdan sırğa edib asmalıyıq:ermənistanı bizimlə sülh müqaviləsi bağlamağa kəsinliklə qoymayacaqlar.PKK-nın silahı yerə qoyması və Türkiyəylə sülh içində yaşaması nə demək olarsa ermənistanın da silahı yerə qoyması və bizimlə sülh içində yaşaması o demək olar.Çünki PKK-nı da,ermənistanı da düzüb qoşub ortaya çıxaran imperializm o zaman deyər ki,elə isə siz daha nəyə lazımsınız,maliyyəni tamamən kəsirik.Odur ki ermənistan hər dəfə illərlə görüşlərlə-filanlarla uzadacaq sülh müqaviləsini,elə ki bir az silahlandırıldılar,yeni işğal həvəsinə düşürüləcəklər,biz təpələrindən vuran kimi yenə görüşlər müzakirələr,yenə bir neçə il silahlandırılacaqlar və yeni işğal həvəsinə düşürüləcəklər,yenə təpələrindən vurulacaqlar,yenə,yenə və bu proses perpety mobilə dönəcək.Qarabağı azad etmişik,min şükür,Xankəndi-Ağdərə minalanmayıb ki.Nə qədər ki tarixi fürsət keçib əlimizə köçürək oralardan gələnlərimizi.Hazırca evlərdi.Dünənə kimi ermənilər yaşamırdılarmı Xankəndində?Kommunikasiya,infrastruktur yox dərəcəsindəydimi Xankəndində?Suyu,işığı,qazı,interneti yox idimi?İnfrastruktur-kommunikasiya necə olmalıdır əyalət şəhərində?Varmı?Var.Daha gözəlini qurmaq istəyiriksə bunu orada məskunlaşaraq da qurmaq mümkündür.Necə yəni kimləri köçürək?Kimlər oralardan qaçıb Bakıya gəlibsə onları.A balam,öz torpaqlarıdı da.Nə qədər ki azad edilməmişdi,dad eliyirdilər ki torpaqlarımız azad edilsin,gedək yaşayaq.İndi ki azad etmişik,nəyi gözləyirik?Hər kvartalda 5-10 ailə köçürməklə nə vaxta bitər bu iş?Yoxsa oraları tamamən Bakıya bənzətmək arzusundayıq?Bənzəməyəcək.Bakı Bakıdır,paytaxtdır.30 il əvvəl oralar Bakıya bənzəyirdimi?Ermənilər Xankəndini Yerevana bənzədibmi yaşayırdılar?Kənd kənd olar,rayon rayon olar,şəhər də şəhər,a balam.Ağıllı kənd,axmaq kənd nə deməkdir?Hansısa kənd ağıllıdırsa qalan kəndlər axmaqdırmı?Paytaxt dolub daşıb ee,nəfəs almaq mümkün deyil artıq.Hara baxırsan topa-topa insanlardı,maşınlardı.A balam,gedin kəndlərə,mal-qara saxlayın,kartofdan-xiyardan əkin,qiymətlər də düşsün,adam kimi yaşayaq da.Allah Allaaah!
A İşğal zonasının bütün rayon (Ağdam, Şuşa, Xankəndi, Hocalı, Ağdərə, . .şəhərləri) sorğu-siyahısını tərtib etməli? B Münasib qiymətlərlə auksiona çıxarmalı? C Ən geci 40 günə hamısını satmalı ki, Azərbaycanımızın coğrafi-həndəsi təpəsi-ən gən gənc ürəyi tezliklə canlansın!
Ilk növbədə parlamenti, deputatları, siyasi partiyaları, kənd təsərrüfatı, mədəniyyət, nazirliklərini, bəzi universitetləri, hərbi hissələri Bakıdan çıxarıb ora köçürmək lazımdlr