Menu

“1999-cu ildə baş vermiş terror aktı təkrarlana bilər” – Simonyan Koçaryana və Rusiyaya barmaq tuşladı

27.10.2023, 18:00
“1999-cu ildə baş vermiş terror aktı təkrarlana bilər” – Simonyan Koçaryana və Rusiyaya barmaq tuşladı

Bu gün 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verən terror aktının növbəti ildönümüdür. Həmin vaxt Baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Demirçyanla birgə bir neçə deputat və nazir qətlə yetirilmişdi. O vaxtdan bu terror aktının arxasında həmin vaxt Prezident olan Robert Koçaryanın və onun “silahdaşı” Serj Sarqsyanın durduğuna dair məlumatlar yayılıb. Hazırda həmin hadisələrlə bağlı istintaq aparılır.

“AzPolitika.info” xəbər verir ki, sözügedən terror aktının ildönümü ilə bağlı jurnalistlərin suallarını cavablandıran Ermənistan parlamentinin hazırkı sədri Alen Simonyan bu hadisələrin arxasında əvvəlki hakimiyyətin və Rusiyanın durduğuna eyham vurub. O, qeyd edib ki, eyni hadisələr təkrarlana bilər: “Əminəm ki, biz təşkilatçıları və baş verənlərin səbəbini bilirik. Mən bunlar barədə danışmayacağam, belə ki, mənim vəzifəm nəzərə alınsa, bu, ittiham kimi qəbul oluna bilər. Ancaq biz həm 1 mart (2008-ci ildə Koçaryan hakimiyyəti dövründə mitinq dağıdılarkən ona yaxın etirazçı qətlə yetirimişdi), həm də 27 oktyabrın əsas motivlərini və aktorlarını yaxşı bilirik”.

Jurnalistlər Simonyandan bu cavabla keçmiş prezidentlərə eyham vurub-vurmadığını soruşublar. Parlament sədri istintaqın gedişinə təsir etməmək üçün bu sual şərh etməyəcəyini deyib.

Bununla yanaşı, Simonyan deyib ki, bu hadisələrdə xarici qüvvələrin də əli olub və yenə de eyni terror aktının gerçəkləşməsini istisna etmək olmaz. “27 oktyabr təhlükəsini görürsünüzmü” sualına Simonyan belə cavab verib: “Əlbəttə ki, görürəm. Xarici təhlükəni istisna etmirəm, xüsusilə də indiki situasiyada”.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup cinayətkar parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Cinayəti törədən dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb. Terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.

İndiyə qədər terror aktının əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol