“Qərbin Ukrayna müharibəsinə marağı tədricən səngiməyə başlayır”.
Bunu “AzPolitika.info”-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O, xatırladıb ki, son zamanlar istər ABŞ Konqresində, istərsə də Avropa İttifaqının müxtəlif siyasi dairələrində Ukraynaya yardımları dayandırmaq çağırışları daha da artmağa başlayıb.
“Qərb liderləri anlayırlar ki, Kiyevə çoxmilyardlıq yardımlar verməklə Rusiyaya qarşı cəbhədə ciddi dönüş yaratmaq mümkün deyil. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da rol daşımır. Zelenski də artıq öz reytinqini və nüfuzunu itirir, milli konsesus da əvvəlki səviyyədə deyil”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin dərinləşməsi gündəmin dəyişməsinə bir qədər təsir etsə də, onsuz da Qərbin siyasi dairələri Ukrayna məsələsinə birmənalı yanaşmırdılar:“Ukraynaya külli miqdarda yardımlar edilir, amma bu ölkədəki korrupsiya həmin yardımların Ukrayna xalqına və silahlı qüvvələrə çatmasına mane olur. Qərbdəki siyasi dairələr də səfeh deyillər, anlayırlar ki, bu yardımların böyük hissəsi oliqarxların ciblərinə axır. Sadəcə Qərb dövlətlərinin rəhbərliyində oturan şəxslər ictimaiyyətin tənqidlərilə üzləşməmək üçün bu yardımları hələ də davam edirlər. Artıq Avropa İttifaqında da fərqli fikirlər səslənir. Məsələn, bu yaxında Slovakiyanın yeni Baş naziri Fitso bəyan etdi ki, Ukraynaya hərbi yardım etməyəcək. Macarıstan və Slovakiya Ukraynaya ayrılan 50 milyard avroluq yardıma blok qoydu. Düşünürəm ki, yaxın aylarda oxşar fikirləri daha çox eşidəcəyik. Çünki Avropa İttifaqı özlüyündə iqtisadi birlikdir və milyardlarla yardımın Ukraynaya axması üzv dövlətlər tərəfindən birmənalı qarşılanmır”, - deyə Tofiq Abbasov qeyd edib.
Politoloq xatırladıb ki, Ukrayna ordusu Avdeyevka istiqamətində Rusiyanın müdafiə xəttini yarmaqda çətinlik çəkir və ciddir itkilər verir:“Hətta düşünürəm ki, yaxın zamanlarda Ukrayna daha çox ərazilər itirə bilər. Ona görə də, Kiyev Moskva ilə kompromisə gəlməlidir. Artıq Qərbdən də bu istiqamətdə çağırışlar artmaqdadır. Hesab edirəm ki, bu müharibə artıq “sönmə” mərhələsindədir və yaxın 6 ay ərzində atəşkəsin şahid ola bilərik”.
Rüfət
“AzPolitika.info”


Şərhlər