1988-1994-cü illər arası Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin müharibəyə çevrilməsi nəticəsində Ermənistandan, Azərbaycanın kemiş Dağlıq Qarabağ Muxtar Vilayətinini ərazisindən və onun ətrafındakı yeddi rayondan bir milyona yaxın vətəndaşımız öz dədə-baba yurdlarından silah gücünə çıxarıldı.
Doğulub boya-başa çatdığı isti yurd-yuvasını, el-obasını, ömrü boyu özünə şərait qurub yaratdığı ev-eşiyini, varidatını itirən məcburi köçkünlərin əksəri mənəvi-psixoloji sarsıntılardan müxtəlif dərdlərə düçar olub sağlamlığını itirdi, bir qismi də dünyasını vaxtsız dəyişdi.
Qaçqınlığın, məcburi köçkünlüyün, itkinliyin ailələrə, onların hər bir üzvünə vurduğu zərbənin, yaranın təsiri çoxşaxəli olduğundan müxtəlif sosial durumlu əməli tədbirlərin həyata keçirilməsi üçün geniş bir layihənin hərtərəfli biliyə, təcrübəyə malik insanlar tərəfindən işlənilməsi və xalqın müzakirəsinə verilməsi olduqca təqdirəlayiqdir.
Layihəni işləyib hazırlayan peşəkar sosioloqların, həkim-psixoloqların, alimlərin, ziyalıların, təcrübəli yaşlı nəsil nümayəndələrinin nəzərdə tutduqları bölmələrin müddəalarının həyatda öz həqiqi yerini alması, psixoloji-mənəvi əzab-əziyyət çəkmiş həssas qrup insanların yaşam uğrunda apardıqları mübarizədə əməli qiymətini alacağı mütləqdir.
Layihədə nəzərdə tutulan tədbirlərin Azərbaycan dövlətinin bütün qanunlarının əsas qayəsi olduğunu görüb tam dərk edən zərərçəkmişlər gələcəyə inamlarını, insanlığa hörmətlərini, ehtiramlarını özlərinin yalız əməli işləri ilə cavablandırdıqca mənəvi-psixoloji əzablardan uzaqlaşa biləcəklər. Daha doğrusu, cəmiyyətimizin idarə olunmasında peşəkarlar, yüksəksəviyyəli sənətkarlar, tanınmış ziyalılar, alimlər, iş adamları kimi hərəkət etdikcə mənəvi-sosial, sosial-məişət problemsiz, psixoloji sarsıntılardan uzaq vətəndaşlarımız kimi özlərini sərbəst hiss edəcəklər.
Atalar demiş, iş insanın cövhəridir. Əməksevər xalqımız istər əmək cəbhəsində, istərsə də hərb meydanlarında sözünü əməli ilə deyə bilmişdir. 1941-1945-ci illər müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə 127 eloğlumuzun “Sovet İttifaqı Qəhrəmanı” adı alması, azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının Berlini mühasirəyə alan SSRİ-nin digər diviziyalarından biri olması xalqımızın keçdiyi şərəfli hərb yolundan xəbər verdiyindən bu tarixi anları Qarabağın işğaldan azad olunması uğrunda aparılan döyüşlərlə əlaqələndirib igidlərimizi indiki nəslin qəlbində heykəlləşdirməli, onları vətənpərvər kimi yetişdirməliyik. Bu missiya isə cəmiyyətimizin üzərinə düşən şərəfli bir yükdür, borcdur.
Layihə ilbəil həyata keçirildikcə vətəndaşlarımızın, xüsusilə də müharibə və münaqişələrdə mənəvi, psixoloji cəhətdən zərər çəkmiş məcburi köçkünlərimizin, əsir və itkin düşmüşlərimizin ailələrinin həyatında böyük dəyişikliklərin yaranması labüddür.
Ana yurdu Kəlbəcərə ata-anasının və digər dogmalarının qəbirlərini ziyarətə gedən, 1960-cı ildə Kəlbəcərin Şaplar kəndində anadan olmuş Dilqəm Qardaşxan oğlu Əsgərovun (anası Bəstinin məzarını) 2014-cü il iyulun 14-də, Şahbaz Calal oğlu Quliyevin isə həmin ayın 9-da ermənilər tərəfindən tutularaq Dilqəmin ömürlük, Şahbazın 22 il həbs cəzası alması ən böyük ədalətsiz hökm olduğundan onların ailə üzvlərini daha çətin, daha ehtiyaclı duruma salmaqla bərabər bu ailələrdəki şənliyi də, deyib-gülməyi də sanki dustaq etmişdir.
Maddi və mənəvi çətinliklər içərisində ayları, illəri saya-saya, qara saçlarının bəyazlaşdığını görüb göz yaşları ilə ona sığal çəkə-çəkə namusla şərəfli övladlar böyütmək hər bəşər övladının qismətinə düşməyib. Bu Tanrı payının sahibləri, mübaliğədən uzaq, azəri qadınlarıdır.
Başqa misal. 1991-ci ilin iyul ayında ermənilər tərəfindən qundaqdakı körpəsi ilə əsir götürülən bir gənc ana Vəng kəndi sovxozunun direktorunun qala divarlı həyətindəki tövləsindən gecə yarısı kəşfiyyatçılarımız Elxanla Kamil tərəfindən gizlicə çıxarılıb gətirilərkən Kəlbəcərin Laçınqaya dağında iki erməni kəşfiyyatçısı ilə qarşılaşanda bizimkilər onları tərksilah edib əsir götürərkən gəlin birini tanıyır və Elxana deyir ki, bizim ailəni əsir götürüb kənddən xeyli aralıda ata-anamı, yeniyetmə qardaşımı güllələyən, məni Vəng kəndinə əsir aparan bax bu “Tiqr” adlı saqqallıdı. Bunu eşidən Kamil avtomatını gəlinə tərəf uzadır və deyir ki, al vur! Bu allahsızı Allah özü qarşına çıxarıb, güllələ!.. Lakin gəlin imtina edib deyir ki, mən südəmər övlad anasıyam, əlimi qana bulayıb uşağıma süd verə bilmərəm. Onun cəzasını qoy Allah Özü versin…
Bu sözləri deyən doğmaları güllələnmiş, özü körpəsi ilə əsir aparılan 22 yaşlı azərbaycanlı qadındır. Bəs ermənini doğan ana kimdi? – Əsir qadınlarımızı, qızlarımızı saçlarından tutub sürüyən, anaların qarınlarını yararaq körpələrini çıxarıb daşlara çırpan, kəsilən başları futbol oynamaq üçün ayaqları altına atan və meyitin köksünü yarıb çıxardığı ürəyinin qanını içməkdən ləzzət alan, dünyaya özünü “yazıq” millət kimi tanıdan qəddar, terrorcu doğanlardır. Xocalı, Ağdaban faciəsini törədən, azəri-türk, kürd qanına susamış analardan doğulmuş bu cür qəddar övladların 85-90 yaşlı ağdabanlı bir qoca qarını kəndi oda qalayarkən iki gözünün arasından damın dirəyinə mıxlaması insanlığa qarşı amansızlıq, nifrət, Yaradana qarşı hörmətsizlik deyilmi?! Uşaq, qoca, şikəst nəzərə almadan onları ağlagəlməz əzablarla öldürən, 6-7 yaşlı qız uşağının gözlərini çıxarıb, əl-ayağını bənd-bənd doğrayan və basdırmaq üçün yaralı atanı məcbur edən cəlladların kimliyini bütün bəşər bilməli, erməni yalanlarına inanıb haqqa nahaq deməməlidir. Bu cür faktların genişliyi ilə dünyaya açıqlanması layihənin çoxşaxəliliyinə haqq qazandırır.
Həmçinin milli qürurumuza zidd əməllərin qarşısının alınmasında, qadın, ana, uşaq və yeniyetmələrin iştirakı ilə etnik zorakılıq, şiddət, cəmiyyətə utanc gətirən bəd əməllərin müzakirəsində ziyalıların, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları, Təhsil Nazirliyi, Respublika İdman və Gənclər Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, kitabxanalar, televiziya, radio və digər mətbuat orqanları layihənin dəyərini cəmiyyətə çatdırmalıdırlar. Təbliğat, maarifləndirmə düzgün aparılarsa, mövcud cinayətlər, boşanmalar, adət-ənənələrimizə zidd hərəkətlər xeyli azalar, şərə, böhtana əl atanlar vicdanları, həm də hüquq orqanları qarşısında cavab verməli olarlar.
Layihənin tələblərinə uyğun olaraq övladlarının həyatını düşünmədən kiçik bir çətinliyi, narazılığı bəhanə edib ailəsini dağıdanlar, cinayət törədənlər ömürlərini mehribanlıqla başa vurmuş ağsaqqal-ağbirçəklərimizdən ibrət götürməlidirlər. İndiki zamanda cəmiyyətimizin ailə ilə bağlı qazandığı mənəvi-əxlaqi dəyərləri ağsaqqalların xeyir-duası ilə yaşadıb gələcək nəsillərə çatdırmaq sənəddə öz əksini tapmışdır.
Mənəvi-əxlaqi dəyərlərimizin ən kövrək sahəsi olan ailə dəyərlər sistemində ailədaxili problemlər, onları yaradan səbəblər və həmin səbəblərin həlli yolları, əsir və itkin düşmüşlərin son taleləri haqqındakı araşdırmaların nəticələri mətbuat vasitəsilə açıqlanmaqla həsrətə son qoyulması layihənin dəyərinə, yəqin, yeni dəyər qatacaqdır.
Fikrimcə, layihədə nəzərdə tutulmuş müzakirələr, tədbirlər həyatda həllini tapdıqca, həssas qrup və eləcə də bütün ailələrdə psixoloji gərginlik, mental dəyərlərlə bağlı problemlər, zaman və məkana uyğun hərəkətlər öz qiymətini alacaqdır.
Son zamanlar mənəvi dəyərlərə qarşı xarici müdaxilələr, hücumlar çoxalmaqdadır. Çalışılır ki, Azərbaycanın qədim ailə qayda-qanunları, adət-ənənələri əvəzinə avropasayağı nikahlar həyatımıza daxil olsun. Hər millətin, xalqın öz adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da özünəməxsus adət-ənənələri var. VII əsrin sonu, VIII əsrin əvvəlindən İslam dinini qəbul etmiş millətimiz Məhəmməd peyğəmbərin ailə quruculuğu ilə bağlı dəyərli sözlərinə həmişə əməl etmiş və etməkdədir. Belə ki, övlad ata-ana üzünə ağ olmamalı, qadınlar açıq geyinməməli, qardaş bacıyla, eyni cinsdən olanlar bir-biriylə evlənməməli, hər bir dinə hörmətlə yanaşılmalıdır.
Layihə təşkilatçılarının bir çox mənfi tendensiyalara qarşı itkin düşmüşlərin, qaçqın və məcburi köçkünlərin narahat ailə üzvlərini, ailədaxili münaqişələr üzrə mütəxəssisləri, ailəşünasları, cəmiyyətşünasları, ailə psixoloqlarını, sosioloqlarını, yeniyetmələr və gənclər təşkilatlarını, jurnalistləri, radio və televiziya, mətbuat işçilərini və s. bir araya gətirmələri və bu layihənin bir mərkəzdən idarə olunmasını məqbul hesab etmələri olduqca ümidverici və tərifəlayiqdir.
Ümidvaram ki, layihənin tələblərinə uyğun görülməsi nəzərdə tutulan işlər psixoloji cəhətdən maddi və mənəvi, sosioloji zərbələr almış zərərçəkmişlərin cəmiyyətdə aktivləşməsinə səbəb olacaq, Azərbaycan dövləti də görüləcək işlərə dəstək verəcək.
Əli ULUXANLI (ABDULLAYEV),
publisist

Şərhlər