Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvü, pedaqogika elmləri doktoru, professor
Regionun brend dövləti olaraq Azərbaycan üzərinə düşən yerli, regional və beynəlxalq təəhhüdləri yaradıcı şəkildə dəyərləndirərək ciddi səviyyəsini qorumaqdadır. İndiyədək Minsk qrupunun “səyi” nəticəsində yerində sayan Dağlıq Qarabağ adlı Qordi düyününü özümüz kəsdikdən sonra regionda vəziyyət dəyişməkdədir. Bunu hiss edən köhnə havadarlar yeni görkəmdə Ermənistanda peyda olmaqda, ölkəmizə göz bərəltməkdədirlər.
Amma qatarın da ötdüyünü görüb ölkəmizə yeni-yeni quyruqlu təkliflərdə bulunmaqdadırlar. Dekabrın 6-da “Qarabağ 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda ADA-da keçirilən Forumda ölkə Prezidenti İlham Əliyevin həm ölkəmizin apardığı siyasəti təhrif edərək ona kölgə salanlara, həm də perspektiv tarazlıqla bağlı vahimə yaradanlara ciddi arqumentə əsaslanan proqram xarakterli çıxışı ciddi əhəmiyyətə malikdir.
Təəssüf ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən qeyri-adekvat yanaşmalar görürük. Unudurlar ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və bu zaman selektiv yanaşmaya yol vermək olmaz.
Qarabağda yaşayan erməniləri həmişə öz vətəndaşlarımız hesab etsək də onlar həmin ərazidəki separatçılar tərəfindən monipulyasiya edilirdilər, indi də getdiklərinə peşiman olmaqla, ölkəmizdə qanunlarımızın, himayəsi altında dinc həyata qayıtmaqla bağlı Azərbaycan Prezidentinin insani yanaşmalarına adekvat cavab vermək əvəzinə, dünyanın ən inkişaf etmiş ölkələrində yaşamaq üçün səfirliklərin qarşısındadırlar. Qəti deyirəm: onlar öz yurd-yuvalarına qayıtmasalar, onları Avropada fəlakət gözləyir. Niyə? Çünki onları indiyədək böyük oyunlara alət edənlər orada da dinc dayanmayacaqlar. Onlardan anti-Azərbaycan, anti-türk və anti-müsəlman terror qüvvələri hazırlamaq üçün istifadə edəcəklər!
Ölkəmizin reinteqrasiya ilə bağlı elektron portalını yaratdıq ki, vətəndaşlıq almaq istəyənlər qeydiyyatdan keçə bilsinlər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələrə də açığıq. Amma onlara yenə Ermənistanda separatçı qüvvələr tərəfindən təzyiq edilməkdədir. Qayıtmaq istəyənlər onlardan qorxurlar!
Cənab Prezidentin belə bir yanaşması da önəmlidir ki, mövqeyimiz Brusseldə anlayışla qəbul olsa da, xüsusilə Cənab Şarl Mişelin bu yöndən səyləri həmişə anlaqlı olsa da, bəzi populist çevrələr aranı qatmaqdadırlar.
Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında bəyanat layihəsinin razılaşdırılmasında gecikilməməli, nəticəyönümlü sona gətirib çıxarmalıdır. İndi iki respublikanın birbaşa danışıqlara başlaması da öz perspektivini qorumaqdadır. Bu zaman Cənab Prezidentin həmişə haqlı olaraq qeyd etdiyi kimi, Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmaq və orada yaşamaq hüquqları da əksini tapmalıdır. Yəni ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, ya da heç birini.
İkitərəfli münasibətlərin perspektivindən bəhs edən Cənab Prezident aşağıdakı bir sıra istiqamətlər üzrə konkret mövqe nümayiş etdirib:
- Gələcəkdə Ermənistan vasitəsilə Azərbaycana potensial risk yaranmamalıdır:
- Ermənistan ləyaqətli və təhlükəsiz qayıdışı təmin etmək üçün azərbaycanlılar yaşayan kəndlərdən məlumat təminatı məqsədilə elektron reinteqrasiya portalı yaratmalıdır:
- Naxçıvanla, onun vasitəsilə Türkiyə ilə əlaqələrimiz bizim üçün vazkeçilməz prioritetdir və Azərbaycandan Azərbaycana yoxlama olmamalıdır. Bu, Sovet Rusiyası təfəkkürünün məhsulu idi.
Cənab Prezidentin aşağıdakı fikirləri bir növ Forumun yekun kreativlərini müəyyən etdi:
- Ölkəmizdə qələbəni şərtləndirən amil cəmiyyətin milli ideya ətrafında birləşməsinin nəticəsi idi:
- Ölkəmizdə müsbət demoqrafik vəziyyətin mövcudluğu məşğulluğu iqtisadi və sosial inkişafın mühüm amilinə çevirdi:
- Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyindən ötən dörd il bu hərəkatın institusional inkişafı baxımından ölkəmiz üçün çox vacib olduğu qədər beynəlxalq nüfuz baxımından da müstəsna əhəmiyyətə malikdir.


Şərhlər