ƏDALƏTSİZ DÜNYA

Nurəddin İSMAYIL

BMT başda olmaqla beynəlxalq birlik və təşkilatların baş verən eyni hadisələrə, münaqişələrə fərqli münasibət bəsləməsi, dini, etnik təəssübkeşlik nümayiş etdirməsi onların çıxardığı qərarların qərəzli, ədalətsiz və ikili olmasından xəbər verir.

Uzağa getmək lazım deyil, təkcə Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişənin həllinə dair yanaşmalara ötəri nəzər etsək görərik ki, BMT-nin, AB-nin, ATƏT-in, eləcə də beynəlxalq məsələlərə təsir etmək gücü olan nüfuzlu dövlətlərin bu mövzuda çıxardığı qərarlar nə qədər qeyri-obyektiv, qərəzli və ədalətsizdir. Azərbaycan 30 ildən artıq işğala, təcavüzə məruz qaldığı halda bu qurumlar işğala, təcavüzə məruz qalanın deyil, işğal, təcavüz siyasəti yeridən Ermənistanın yanında yer aldı. Ermənistan işğalının göz qabağında olduğu bir vaxtda ABŞ Senatının Azərbaycana birbaşa yardımını qadağan edən 907-ci düzəliş etməsi yeni müstəqillik əldə edən ölkəmiz üçün onillərlə ağrılı problemlər yaşatdı.

BMT-nin işğalla bağlı məlum qətnamələri sözdən, rəsmi sənədlərdə əksini tapmadan o tərəfə keçmədi və Ermənistan bu sənədləri saya salmadan 30 ildən artıq torpaqlarımızı işğal altında saxladı və bu müddət ərzində heç bir təzyiqə məruz qoyulmadı. Barış missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun dişsiz fəaliyyəti təcavüzkar Ermənistanın əl-qolunu açdı və bu dövlət məhz Minsk qrupunun fəaliyyəti dövründə işğal etdiyi ərazilərimizi yerlə yeksan etdi, maddi, mənəvi abidələrimizi vandalcasına dağıtdı. Beynəlxalq təşkilatlar bir milyondan artıq vətəndaşımızın dədə-baba yurdundan qaçqın, didərgin düşməsini, deportasiya edilməsini deyil, ölkə daxilində vətəndaşların hüquq və azadlıqlarının pozulması faktını beynəlxalq kürsülərə daşıyaraq Azərbaycan hakimiyyətini Qarabağ mövzusunda güzəştli mövqe nümayiş etdirməyə cəhd etdilər.

Bu qərəzli, ikili yanaşmalar bu gün də davam etməkdədir. Son antiterror əməliyyatından sonra Qarabağda yaşayan erməni vətəndqaşların ölkəni könüllü tərk etməsini Azərbaycan əleyhinə yönələn fakt kimi reallaşdırmaq məqsədi güdən qurum və dövlətlər bu köçü “humanitar fəlakət” kimi dəyərləndirib yenidən Ermənistanın müdafiəsinə qalxdılar.

Maraqlıdır, Ermənistanın Azərbaycana qarşı etdiklərinin mində birini biz Ermənistana etsəydik, nələr baş verərdi? 

Bunu təsəvvür etmək çətin deyil. Bu hal baş versəyidi, ölkəmiz ən ağır sanksiyalara, təcrid etməyə məruz qoyular və Azərbaycanın dövlət kimi varlığına son qoymaq planları işə düşərdi.

Paradokslar yaşanır. Ermənistan hərbi-siyasi cəhətdən məğlub olmasına baxmayaraq bölgədə sülhü və təhlükəsizliyi saxlayan sazişə imza atmaqdan yayındığı halda, müharibənin qalib dövləti olan Azərbaycan sülh təklifində israrlıdır. Və düzgün xətdir. Azərbaycan yönətimi Ermənistanın qərbdən aldığ siyasi, hərbi dəstəyin fərqindədir. Fransanın Cənubi Qafqazda Rusiyanın boşaltmaqda olan yerini tutmaq məqsədi ilə Ermənistana hərbi texniki yardımı, Avropanın mülki missiya adı altında Ermənistan ərazisində yerləşdirdiyi hərbi kəşfiyyat kontingenti, ABŞ Senatının Ermənistanı müdaifə xarakterli çağırışları, erməni lobbisinin maliyə rıçaqlarının işə salınması ölkəmizi bölgədə daha həssas siyasət izləməyə, Ermənistanı arxasına alan dövlətlərlə daha incə diplomatik addımlar atmağa sövq edir.

Fələstin-İsrail müharibəsində Qərbin sərgilədiyi birtərəfli mövqe, İsrailin müdafəsi üçün hər cür dəstəyin verilməsi müqabilində Fələstinə dövlət yaratma haqqının tanınmaması Qərbin, o cümlədən ABŞ-nin müsəlman və türk dünyasına qarşı oynadığı ikili oyunlardan, xristian təəssübkeşliyindən xəbər verir. Eləcə də qardaş Türkiyənin NATO ölkəsi, Avropanın bir parçası olmasına baxmayaraq, illərdi Avropa Birliyinə yaxın buraxılmaması ədalətsizliyin və qərəzli yanaşmanın bariz nümunəsidir. 

Görünən odur ki, Qərb Türkiyənin, Azərbaycanın, bütövlükdə türk birliyinin güclənməsindən, regionla nüfuz qazanmasında əndişələr duyur və bu gücün zəiflədiləməsi üçün görünən və görünməyən planlarını gerçəkləşdirməkdə davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar