İranla ehtiyatlı, Rusiya və Qərblə təmkinli olaq...

Nurəddin İSMAYIL

Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqların bu və ya digər səbəbdən dalana dirənməsinə, Ermənistanın müxtəlif bəhanələrlə sülhdən yayınmasına baxmayaraq, sülh sazişinin bağlanmasının Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacağına inam hələ itməyib. Bu prosesdə qardaş Türkiyənin diplomatik səylərini, yalnız saziş bağlanacağı halda Ermənistanın Türkiyə və region dövlətləri ilə iqtisadi, ticari, kommunikasiya əlaqələrini gerçəkləşdirəcəyinə bu dövləti inandırma cəhdlərini xüsusi qeyd etmək lazımdır.

Bəs dayanaqlı sülh sazişi üçün ən böyük maneə nədir və hansı dövlətlər Azərbaycanla Ermənistan arasında vasitəsiz, ikili danışıqların aparılmasını əngəlləmək istəyir?

Qərb platformasında keçirilən görüşlər Avropa İttifaqının ikili danışıqlarda maraqlı olduğunu göstərsə də, arxa planda başqa oyunların getdiyinin şahidi oluruq. Avropa Birliyinin siyasi öncülü sayılan Fransa bu platformada özünün vasitəçi rolunu əldən vermək istəmir və Paşinyan hakimiyyətinə göstərdiyi hərbi-siyasi yardımlar müqabilində onun diktəsi ilə hərəkət etmək, yeni münaqişə ocağını körükləmək təlimatını verir. Fransa həmçinin sülh sazişinin ana xəttini təkil edən dəhliz məsələsində region dövlətlərinin ümumi razılaşmasını qəbul etmək istəmir və Ermənistan üzərindən keçərək Naxçıvan MR ilə Azərbaycanın materik hissəsini birləşdirəcək, Türkiyə İlə Azərbaycan arasında bağlantı yaradacaq dəhlizin açılmasını əngəlləmək üçün çabalar göstərir. Fransanın bu çabaları Cənubi Qafqazda getdikcə zəifləyən Rusiyanın yerini tutmaq və bu strateji bölgədə söz sahib olmağa hesablanıb.

Təbii ki, Qərbin tələsi ilə başı Ukrayna müharibəsinə qarışan və əsas resurslarını bu cəbhəyə yönəldən Rusiya nə qədər zəif düşsə də, əsrlərlə nüfuz dairəsində saxladığı Cənubi Qafqazdan asanlıqla geri durmaq istəmir. Rusiya öz vassalı Ermənistanın Paşinyan liderliyində kursunu Qərbə doğru götürməsini həzm edə bilmir və Qərbin Ermənistan üzərindən bölgəyə “xərçəng gəlişi”nin qisasını Paşinyandan almaq üçün məqam gözləyir. Rusiya Prezidenti Qarabağla bağlı verdiyi mesajlarında “Qarabağdan imtina edənin” Rusiya deyil, Ermənistan olduğunu xatırladır və guya Moskvanın bu addımdan xəbərinin olmadığını bəyan edir. Görünən odur ki, Putin Paşinyanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımasını heç cür həzm edə bilmir. Əslində Putinin ərazi bütövlüyümüzə bu cür şübhəli yanaşması müstəqillik əldə ediləndən sonra Rusiya Federasiyası İlə Azərbaycan arasında bir-birilərinin ərazi bütövlüyünü tanıma barədə razılaşmanın pozulması kimi dəyərləndirilməli və Azərbaycan hakimiyyəti bu açıqlamaya görə izahat tələb etməlidir.

Azərbaycan Rusiya ilə Ermənistan arasında yaranmış gərginlikdən, siyasi çəkişmədən ustalıqla yararlanmalı, vaxta-zamana uyğun olaraq Rusiyanın ölkəmiz üzərində təsir imkanlarını mümkün qədər zəiflətməlidir. Azərbaycan, Ermənistanın Laçın dəhlizi əvəzinə Zəngəzur dəhlizini açmaqdan boyun qaçırmasından sonra alternativ olaraq İran üzərindən Naxçıvanla Azərbaycanı birləşdirən nəqliyyat dəhlizinin açılması barədə əldə etdiyi razılaşma istər bəzi region dövlətləri, istərsə də Qərb dairələri tərəfindən xoş qarşılanmır. İran da dəhlizin Ermənistan ərazisindən keçməsinin əleyhinədir və dəhliz məsələsinə özünün qırmızı xətti kimi yanaşır. Rusiya dəhlizin yalnız özünün hərbi strukturlarının nəzarət edəcəyi halda Ermənistan üzərindən keçməsini, Ermənistan isə bu dəhlizə özünün nəzarət mexanizminin olmasını tələb edir. Başqa böyük güc dövlətləri də bu məsələdə vahid rəyə gələ bilmir və dəhlizin yalnız onların istəyinə uyğun hərəkətə gətirilməsini planlayırlar.

Göründüyü kimi, ayının min bir oyunu bir armudun üstündə olduğu kimi, region və qlobal güclərin də əsas qayəsi Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar masasında yer almaq, Cənubi Qafqazı öz protektoratlığına keçirməkdir. Azərbaycanın bu oyunlardan hərbi teatrda olduğu kimi qalib çıxması şəksizdir və dövlətimiz Vətən müharibəsində əldə etdiyi qələbəni siyasi, diplomatik müstəvidə də davam etdirməkdə israrlıdır. Azərbaycan bu kritik anlarda nəyi necə, nə vaxt etməsini, onun müstəqilliyinə, suverenliyinə xələl gətirəcək təhlükələrdən hansı metodlarla yayınmasını öz acı təcrübəsindən yaxşı bilir.

Fikrimizcə, qonşu İranla ehtiyatlı davranmalı, Qərbə, Rusiyaya qarşı açıq şəkildə getmək kursundan geri durmalı, qardaş Türkiyə ilə bütün sferalarda strateji müttəfiqliyi daha təkmil formada davam etdirməli, daxili siyasətdə milli birliyi, vətəndaş həmrəyliyini öndə tutmalıyıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar