Vəkil Aslan İsmayılov deputat, tarixçi alim Yaqub Mahmudova qarşı bir sıra ittihamlar irəli sürüb. Bu ittihamlar arasında ən maraqlısı və diqqətçəkəni Yaqub Mahmudovun vaxtilə Əbdürrəhman Vəzirovu müdafiə edərək, Heydər Əliyevin əleyhinə bəyanat verməsi barədədir. AzPolitika.info Aslan İsmayılovun bu barədə Feysbuk statusunu təqdim edir:
"Gözümüzün önündə tariximizi saxtalaşdırmaq istəyirlər. Baş naziri atasından gündəlik çörək pulu istəyən, bir qarın ac, bir qarın tox müstəqil Azərbaycan dövləti quran hökumət üzvlərinə 70 il Sovet ideoloqları, sonra isə özümüzün müasir "Tarix naziri" kimiləri çirkab atmaq istəyirlər. Şaumyanın qəbrini Hindistanda tapacağına söz verib, əməl etməyən akademik, Tarix institutunun direktoru, millət vəkili, ara-sıra ən yuxarılara yarınmaq istəyib, əvəzində özünə problemlər yaradan Yaqub Mahmudovun aylardır yazdığı yazıya "Azadlıq" radiosunda cəmi 30 dəqiqəyə mükəmməl cavab verən Cəmil müəllimin çıxışını zövqlə dinlədim. Bu mövzuya Cəmil müəllimdən sonra heç toxunmağa ehtiyac olmasa da, gənc nəslin bilməsi üçün bir hadisəni xatırlatmaq istəyirəm.
Səhv etmirəmsə 1999-ci il idi. Rəhmətlik Elmar Hüseynovu "Азербайджанская нация 21-го века" yazısına görə Yaqub Mahmudov, rəhmətlik Seyidağa Onullahi (onun bu mərəkəyə qoşulması sırf təsadüf idi və proses zamanı bir kəlmə belə danışmadı) və universitetin partkomu olmuş, tarix elmləri doktoru, rəhmətə getdiyindən adını çəkmədiyim bir professor "xalqı təhqir etdiyinə" görə məhkəməyə vermişdilər. Müdafiəçiləri Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və o dövr onun müavini olan, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyev, Elmarın vəkili isə mən idim. İttiham əsasən iki hissədən ibarət idi. Elmar Hüseynovu Yaqub Mahmudov rəhmətlik Heydər Əliyevi, adını çəkmədiyim professor isə qardaş türk xalqını, ADR qurucularını təhqir etməkdə ittiham edirdi. O dövr üçün, həm də yazıda mübahisəli məqamların olması müdafiəni çətinləşdirirdi. İddiaçıların hamısı tarixçi olduğundan, namizədlik, doktorluq dissertasiyalarının müdafiələri Sovet dövrünə düşdüyündən, onların elmi işlərində Sovet quruluşunun tərifinə, ADR hakimiyyətinin tənqidinə yönəlmiş fikirlərin olacağını zənn etdiyimdən, təcili onların yaradıcılığı ilə maraqlanmağa başladım. Qısa zamanda adını çəkmədiyim professorun "1918-1920-ci illər Bakıda fəhlə diktaturasının qələbəsi" adlı namizədlik dissertasiyasını tapdım. 200 səhifəlik kitab bütövlükdə türk xalqının, ADR qurucularının, "xain musavatçılar"ın təhqirinə, "şanlı bolşeviklər"in tərifinə həsr olunduğundan, məhkəmə iclasında bütövlükdə kitabı oxumalı oldum. Bircə cümləni xatırlatmaqla kifayətlənirəm. Orada təxminən belə bir cümlə var idi: "Bakı proletariatı, Sovet xalqının şanlı oğlu Ter Qabrielyanın başçılığı ilə Bakı şəhərini pantürkist, musavatçı tör-töküntülərindən, yaramazlarından təmizlədilər". Bir halı da qeyd edim ki, o dövrün hakimləri bu dövr hakimlərindən daha cəsarətli idilər. Belə ki, prosesə başçılıq edən Bakı Şəhər Məhkəməsinin hakimi və məhkəmənin sədri, onların adını mətbuatda hallandırmamağım şərti ilə məhkəmə prosesində istədiyim qədər çıxış etməyə, vəsatət verməyə şərait yaradırdılar.

Bu yazını yazmaqda məqsədim bir daha hamıya xatırlatmaqdır ki, həyat çox ədalətlidir və tarix heç nəyi unutmur. Etdiyin bütün haqsızlıqlar ən münasib olmayan zamanda qarşına çıxır. Ona görə hər kəs etdiyi bütün hərəkətlərinin cavabını verəcəyini bilməlidir."
Vaqif NƏSİBOV

Şərhlər