ABŞ-nin keçmiş Prezidenti Donald Tramp İordaniya-Suriya sərhədində yerləşən ABŞ hərbi bazasına edilən hücumla bağlı bir sıra açıqlamalar verib.
“AzPolitika.info” xəbər verir ki, Tramp sosial media hesabından etdiyi paylaşımda bu hadisəni “qorxunc gün” adlandırıb və bu məsələdə hazırkı Prezident Co Baydeni günahlandırıb:“ABŞ-a qarşı bu həyasız hücum Co Baydenin gücsüzlüyünün faciəli nəticələrindən başqa bir şey deyil. Bayden İrana milyardlarla dollar pul verib. İran isə bu pulu Yaxın Şərqdə qırğınlar törətmək üçün istifadə edib”.
“Mən prezident olsaydım, bu hücum heç vaxt baş verməzdi. Ölkəmiz Co Baydenin rəhbərliyi altında yaşaya bilməz”,-deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin həlak olduğu, 25 nəfərin isə yaralandığı bildirilib.
İordaniya hökuməti ABŞ qüvvələrinə hücumun ölkə ərazisində deyil, Suriya sərhədindəki Tenef bazasında həyata keçirildiyini açıqlayıb.
“AzPolitika.info”


Şərhlər