“Biz görürük ki, onların müdafiə naziri yenidən cəbhə xəttindəki hansısa hərbi hissəyə gəlib və orda ağır artilleriyanı sınaqdan çıxarıblar”

Noyabrın 12-də cəbhə bölgəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi helikopterin vurulmasından sonra düşmənin hərbi-siyasi dairələrində yaranmış isterik vəziyyət davam edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyanın cəbhə xəttində yaranmış vəziyyətlə bağlı geniş müsahibəsindən də bunu görmək mümkündür. AzPolitika.info-nun məlumatına görə, Rusiyanın populyar inosmi.ru saytında yayımlanmış müsahibəsində A.Ovannisyan cəbhədəki gərginliyə görə, Azərbaycan tərəfini, daha dəqiqi müdafiə naziri Zakir Həsənovu günahlandırıb.

Mətbuat katibi bildirib:

“Biz görürük ki, onların müdafiə naziri yenidən cəbhə xəttindəki hansısa hərbi hissəyə gəlib və orda ağır artilleriyanı sınaqdan çıxarıblar. Hansı ki, bunula bizi terrorla hədələyirlər və öz xalqlarında ruh yüksəkliyi yaratmaq istəyirlər.

Təəsüf ki, bu gün düşmən təkcə kiçik kalibrli silahlardan istifadə etmir, bu il biz bir neçə dəfə onunla rastlaşdıq ki, onlar qumbaraatanlardan da istifadə etdilər. Sabah düşmən minamyotlardan da istifadə edə bilər.

Ermənistanın prezidenti və müdafiə naziri dəfələrlə çağırış ediblər ki, heç olmasa korpus komandirləri arasında telefon əlaqəsi olsun, bəzən elə anlaşılmazlıqlar olur ki, onları müdafiə nazirləri səviyyəsində həll etmək mümkündür, necə ki, vaxtilə olurdu.

Bu baxımdan indiki müdafiə naziri Zakir Həsənov əvvəlki nazir Səfər Əbiyevdən də pisdir. Vaxtilə bizim Səfər Əbiyevdən də böyük gözləntilərimiz yox idi, lakin bu faktdır ki, Əbiyev müharibə görmüş bir adam idi. O, müharibənin qiymətini bilirdi. Lakin indiki nazir özünü təsdiq etmək istəyir, üstəgəl sonsuz resurslara malikdir – nə tələb edirsə, prezident verir. Biz bilməliyik ki, bütün gərginlik şəxsən ondan qaynaqlanır.”

Vaqif NƏSİBOV