“Qafqazda gedən proseslərdən açıq şəkildə görünür ki, burada İran, Rusiya və Fransa kimi dövlətlər nüfuz “davası” aparır. Bu davada isə “maşa” Ermənistan seçilib. “Qucaqdan qucağa” diplomatiyası yürüdən bu yarımdövlət son vaxtlar, görünür, tərəfləri razı sala bilmir. Xaltası rusun əlində olan Ermənistan sanki Qərblə Rusiya arasında get-gəl etməklə revanşizm meyllərini yenidən dirçəltməyə çalışır. Yoxsa 8 ölkədən təcili şəkildə silah almaq kapitulyant Ermənistanın nəyinə lazımdır? Ondansa gedib bu vəsaitləri əhalinin sosial rifahına yönəldərdi”.
Bunu “AzPolitika.info”-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan elə bir situasiya yaradıb ki, ölkə sanki dünyanın mərkəzinə çevrilib: “Bu gün Zəngəzur dəhlizinin strateji mövqeyi onu Çindən başlayaraq Avropanın o başına, hətta okeanın o tayına kimi hamı üçün əhəmiyyətli bir yola çevirib. Əlbəttə, aydın məsələdir ki, bu dəhliz təkcə iqtisadi birlik yaratmır, həm də Türk coğrafiyasını birləşdirir. Bu isə güclü Türk birliyinin də inkişafına təkan verir. Bunu isə Qərb və Rusiya ilə yanaşı İranda da bəzi qüvvələr özləri üçün böyük təhlükə hesab edirlər. Regionda güclü Türk birliyinin formalaşması bir sıra dairələrin heç də ürəyincə deyil. Onsuz da hamıya bəllidir ki, ermənilərin bu topraqlara köçürülməsi, Ermənistan adlı maşa dövlətin yaradılması Türk coğrafiyasını parçalamağa yönəlib. Ermənilər bu missiya üçün tarixi ərazilərimizə yerləşdirilib. 100 illər öncə ermənilərdən nə üçün istifadə edilirdisə, indi də elədir. Ermənistan kimi oyuncaq dövlətin yaradılmasında məqsəd nə idisə, bu gün də Ermənistandan onu gözləyirlər. Türk coğrafiyasını parçalamaq, Türk dövlətlərini fiziki baxımdan bir-birində ayırmaq...”
Vüqar İskəndərov qeyd edir ki, bu cəhdlər iflasa məhkumdur: “Düzdür, vaxtilə bu cür siyasət – ermənilərdən qeyd olunan missiya üçün istifadə tarixi şərtlər zəminində uğurlu hesab oluna bilərdi. Ancaq indi Qərb dövlətlərinin bu planı cənab Prezident İlham Əliyev tərəfindən tam iflasa uğradılıb. Bu gün güclü Azərbaycan bütün planları alt-üst edib. Azərbaycan indi hərtərəfli formada ən güclü dövrünü yaşayır. Ölkəmizdə aparılan siyasət bu günün yox, gələcəyin siyasətidir. Elə bir strateji addımlar atılır ki, bu addımların uğurla yekunlaşdırılması Azərbaycanın güclü gələcəyini təmin etmiş olacaq. Xüsusilə də Zəngəzur dəhlizi platformasında...
2020-ci il Vətən müharibəsindən sonra qərb dairələri heç vaxt bu qədər aqressiv olmamışdı. Son hadisələr fonunda belə bir sual doğur. Nə baş verir? Əlbəttə, bütün diqqətlər yenə Azərbaycanın böyük siyasətinə tuşlanır. Bu gün biz Çinlə tərəfdaş olaraq çox uğurlu bir siyasət yürüdürük. Bu baxımdan bizə qarşı gələnlər də Zəngəzur məsələsində maraqlı olmayan dövlətlərdir. ABŞ, Fransa kimi dövlətlər gələcəkdə bizim Çinlə olan münasibətlərimizdən narahatlıq keçirirlər. Çünki Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malikdir və sürətlə inkişaf edir. Bu arealda Çinin Azərbaycanla olan münasibətinin yüksələn xətlə inkişafı, alternativ yol olaraq Zəngəzur dəhlizinin gündəmə gəlməsi, bununla da Azərbaycanın gələcək təhlükəsizliyinin də təminatı bizi sevməyən qüvvələri narahat edir. O cümlədən Türkiyəylə münasibətin ən yüksək səviyyədə olması, artıq Özbəkistanın da çox surətlə bu birliyə inteqrasiyası, yaxın gələcəkdə 3 dövlət 1 millət prinsipinə söykənən əməkdaşlığın reallaşması da bəzi Qərb dövlətlərini ürküdür, prosesə “çomaq” soxmağa çalışmasına səbəb olur”.
“Ancaq bu bir reallıqdır ki, baş verənlərin fonunda, dünya siyasət səhnəsində aparılan rol bölgüsündə yenə də maşa olaraq Ermənistan həmişəki “yalınçıq” rolunu oynayır. Azərbaycan isə olunan təzyiqlərə baxmayaraq, yenə öz düzgün mövqeyində qalmaqla güclənir, regionun güc mərkəzinə çevrilir. Bu gün biz Aİ-nin, yaxud da AŞ-nin müəyyən təzyiqləri ilə üzləşsək də, bu, heç nəyi dəyişmir. Çünki Azərbaycanın nüfuzu günü-gündən artır. İstər Balkanlar olsun, istər Asiya və digər bölgələrdə olan dövlətlərlə dostluq və tərəfdaşlıq səviyyəsi yüksələn xətlə inkişaf edir. Bu da dediyimiz o qüvvələri və dövlətləri vadar edir ki, bölgədə müəyyən bir təxribatlar törətsinlər və sülh müqaviləsinin imzalanması yubansın. Buna elə sərhəddə baş verən təxribatı da aid etmək olar. Erməni snayperçinin Azərbaycan əsgərini nişan almasını görməzdən gələn “binokl drujinnikləri” nəyi və yaxud da niyə izləyirdi? Heç şübhə doğurmur ki, onlar bölgəyə tez-tez gəlməklə, guya, bizim müharibəyə hazırlaşmağımız, təxribatlar törədəcəyimiz görüntüsü yaratmağa çalışırlar. Onların məqsədi bölgədə gərginliyin saxlanılması, bölgənin qaynar nöqtə olması, münaqişə ocağının sönməməsi kimi iddialarla Qərb ictimaiyyətini çatdırmaqdı” – deyə, millət vəkili vurğulayır.
Vüqar İskəndərovun sözlərinə görə, bəzi Qərb dövlətlərinin bu cür siyasəti hələ də müstəqil siyasət yürütmək qabiliyyəti olmayan Ermənistana zərbə vurur: “Ermənistan sülh prosesinin yollarını düşünməkdənsə, sühə mane olmağın yollarını axtarır. Hətta bunu tək yox, Avropanın mötəbər təşkilatları ilə birlikdə edir. Daha doğrusu onlar deyir, bu edir. Ermənistan sürətli şəkildə silahlandırılmaqla nəyə hazırlaşdırılır? Hətta hakim partiyadan olan deputat Armen Xaçatryan iddia edib ki, bir neçə ilə Ermənistanın “yüksək döyüş qabiliyyətinə malik, müasir ordusu” olacaq. Kimə qarşı?
Bu gün Rusiyanın prosesə guya səssiz qalması da sanki elə təəssürat yaradır ki, Ermənistan özbaşına nələrsə etmək istəyir. Amma hamıya məlumdur ki bütün gücü istər iqtisadiyyat, istər hərbi, istərsə də digər önəmli məqamları Rusiyanın əlində olan “gəlmə qonşular” özbaşına heç nə edə bilməz. Sadəcə Rusiya hələlik Ukrayna məsələsinə diqqət verdiyi üçün digər cəbhənin açılması və hansısa konfliktlərin meydana gəlməsində maraqlı deyil. Ancaq hər bir addım izlənilir və ehtiyac yarananda qonşumuz qamçısını da alır”.
“Ermənistana dəstək göstərən dairələr unudurlar ki, Azərbaycan da yerində dayanmayaıb. Cənab Prezidentin də qeyd etdiyi kimi müdafiə sənayesinə 1 milyard dollar pul yatırılıb. Bununla yanaşı Ermənistandan fərqli olaraq bizim orduda vətənpərvər ruh da var. Ökəmizə qarşı olunan təcavüz yerindəcə cavabını alıb və alacaq. Bununla belə, Azərbaycan müharibə etmək haqqında düşünmür. Çünki bizim üçün ilk növbədə sülh maraqlıdır. Artıq biz müharibəni qazanmışıq, vacib yüksəkliklər də əlimizdədir. Türkiyəylə olan münasibətlər isə gücümüzə güc qatır. Bu baxımdan Ermənistanın iki güclü dövlətin arasında qalmaqla kimlərinsə oyuncağına çevrilməkdənsə bu iki dövlətlə normal münasibət qurmağa çalışsa, onun üçün daha yaxşı olardı” – deyə, deputat sonda qeyd etd.
Gülnar İsmayıllı
“AzPolitika.info”

Şərhlər
1713-1795ci illərdə rus kilsələrinə köç edən *Qrekori*anları çarlıq, elə həmin ildən Türkiyədən qənimət Qafqazda dini muxtrlıq, (83-98% yerli türklər üzərində) respublika və silahdaşıma izni ilə əsl hökmdara-*Darğa*ya çevirib? Çox təəssüf ki, bu sadə tarixi cinayətlə BMT TŞnın həllindən sonra deport və *Miatsum!* soyqırımını mühakimə etməməyimiz də RƏBAC verib?