Qərbdən gələn yardımın dayanması ilə Ukraynanın cəbhədəki mövqeyi getdikcə pisləşir. Ruslar 5 aya yaxın davam edən döyüşlərdən sonra ələ keçirdikləri Avdeyevkanın kənar ərazilərini də tutmağa başlayıblar.
Bu zaman ortaya belə bir sual çıxır:"ABŞ-nin Rusiyanın irəliləyişini dayandırmaq planı varmı?"
"AzPolitika" xariic KİV-lərə istinadla xəbər verir ki, Avdeyevkada döyüşün sona çatması ilə rusların sürətinin azalacağı düşünülsə də, bunun əksi baş verdi. Cəmi iki həftə ərzində Avdeyevkanın şimal-şərqində Stepove və Berdiçi, cənub-qərbdə isə Lastoxkine və Orlivka yaşayış məntəqələri ruslar tərəfindən tutuldu. Məlumata görə, ruslar tərəfindən tutulan bu məntəqələr arasındakı müdafiə xəttində olan ukraynalı hərbçilər çətin vəziyyətə düşüb və ağır itkilər veriblər.

Qeyd olunur ki, Ukraynanın narahatlığı təkcə Avdeyevkanın ətraf əraziləri ilə məhdudlaşmır. "Bloomberg"-ə görə, ABŞ-nin hərbi dəstək paketi tezliklə elan olunmasa, Ukraynanın bütün cəbhə xətti çökə bilər. Kifayət qədər sursat və canlı qüvvəyə malik olmayan Ukrayna müdafiəçilərinin rus ordusunun hücumlarının qarşısını almaqda çətinlik çəkəcəyi bildirilir. İddia olunur ki, bu zaman Rusiyanın irəliləməsi müharibənin ilk günlərində olduğu kimi sürətlənə bilər. Xəbərdə həmçinin bildirilir ki, ukraynalı komandirlər döyüş meydanındakı vəziyyəti yaxşı hesablaya bilmirlər.
"CNN" yazır ki, cəbhəyə göndərilməli olan ukraynalı könüllülərlə bağlı ciddi problemlər var. Nəşr iddia edir ki, daimi yaralananları, xaricə qaçanları, rüşvət verərək adlarını çağırış siyahısından çıxaranları nəzərə alsaq, yeni səfərbərlik elan olunsa belə, Ukraynada döyüşəcək adam qalmayıb.
"Məlum məsələdir ki, hərbçi çatışmazlığı Qərb tərəfindən həll olunmayacaq. Lakin ABŞ sursat çatışmazlığı ilə bağlı nəsə edə bilər. Ukraynaya hərbi dəstək paketləri aylardır ABŞ Konqresi tərəfindən qəbul edilmir. Seçkiyə 7-8 ay qaldığı halda, Tramp tərəfi hökumətdəki rəqibinin seçkilərə daha çətin vəziyyətdə girməsini istəyir. Ona görə də Baydenin xarici siyasətində mühüm yer tutan Ukraynanın zəifləməsi məsələsi Trampa sərf edir",-deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ kömək etməsə, Ukraynadakı müharibənin bu il başa çatma ehtimalı var.
"AzPolitika.info"


Şərhlər