Rusiya kəşfiyyatı Almaniyadakı məxfi müzakirələri necə dinləyib? – Müdafiə naziri danışdı

Almaniyanın Müdafiə naziri Boris Pistorius Ukraynaya “Taurus” raketlərinin mümkün tədarükü ilə bağlı alman hərbçiləri arasında müzakirələrin internetdə yayılmasına münasibət bildirib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, nazir səs yazısının dərcini Rusiya Prezidenti Vladimir Putinin apardığı informasiya müharibəsinin sübutu adlandırıb.

Xatırladaq ki, martın 1-də sözgedən səs yazısı Rusiyanın dövlət kanalının Baş redaktoru Marqarita Simonyan tərəfindən internetdə yayımlanıb.

Boris Pistorius bildirib ki, söhbətin dərc olunduğu gün qəsdən seçilib. "Heç kim bunun təsadüf olduğuna inanmır. Bu, Aleksey Navalnının dəfnindən və Virecard meneceri Yan Marsalek haqqında media araşdırmasından ictimai diqqəti yayındırmaq məqsədi ilə edilə bilər”.

Boris Pistorius parlamentarilərin Bundestaqın xüsusi komitəsində araşdırma aparmaq tələblərini tənqid edib. Nazirin sözlərinə görə, bu halda mümkün çətinlikləri nəzərə almaq lazımdır, çünki söhbət məxfi məlumatlardan gedir.

Pistorius vurğulayıb ki, yaxın günlərdə o, Hərbi Əks-Kəşfiyyat İdarəsindən (MAD) insidentin səbəbləri ilə bağlı ətraflı məlumat gözləyir: “Elektron təhlükəsizlik qaydalarının pozulduğunu və məxfi məlumatların ötürüldüyünü yoxlamaq lazımdır. Yalnız bundan sonra nəticələrdən, o cümlədən kadrlar səviyyəsində məsuliyyət məsələsindən danışmaq mümkün olacaq”.

Xatırladaq ki, cümə günü RT-nin baş redaktoru Simonyan Bundesverin yüksək rütbəli zabitlərinin audio konfransının səs yazısını internetə yerləşdirib. İddialara görə, general İnqo Gerharts üç həmkarı ilə Ukrayna üçün “Taurus” raketlərinin tədarükü və proqramlaşdırılmasının texniki mümkünlüyünü müzakirə edib. Eyni zamanda mümkün hədəf kimi Krım körpüsü və Rusiya ordusunun sursat anbarları qeyd edilib.

Ertəsi gün, martın 2-də Müdafiə Nazirliyinin nümayəndəsi telefon dinlənilməsinin baş verdiyini təsdiqləyib. Bununla belə, o vurğulayıb ki, söhbətin həqiqiliyini tam təsdiqləmək mümkün deyil. Nazirlik nümayəndəsi dələduzluq ehtimalını istisna etməyib.

Almaniya kansleri Olaf Scholz da şənbə günü hadisənin çox ciddi olduğunu və araşdırmanın aparılacağını vəd edib.

Rasim Əliyev

“Azpolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar