Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr ara-sıra verilən bəyanatlardan o yana keçmir.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan həftə sonu Gümrüdə partiya üzvləri ilə görüşndə yenə bu barədə danışıb.
“Anlamadan konstitusiyanın qəbuluna qarşı nümayişlər keçirirlər. Biz bu məsələni ona görə ictimai müzakirəyə təqdim edirik ki, xalqla birlikdə konstitusiya yaradaq. O konstitusiya bu gün yoxdur. Bu gün soruşsan ki, o konstitusiyada nə yazılmalı, nə yazılmamalıdır, məndə bəzi fikirlər ola bilər. Amma o konstitusiya o insanların beynində olmayana qədər mövcud deyil.Çünki əgər insanların beynində deyilsə, 700 min insan gedib buna necə səs verəcək? Yalnız bir halda, o, hesab etsə ki, onun sahibidir və onun müəllifidir” – deyə, Paşinyan vurğulayıb.
Ermənistanın Baş nazirinın dediklərini şərh edən “Hayastan” fraksiyasından deputat Artur Xaçatryan bildirib: “Paşinyanın çıxışının, ictimaiyyətə açıq olan hissəsinin bir məqsədi var: Ermənistan ictimaiyyətini Azərbaycanın tələblərinə tabe olmağa inandırmaq”.
“Paşinyan başa düşür ki, hakimiyyətdə qalmağın qiyməti bu tələbləri təmin etməkdir. Ona görə də bütün səylərini sübut etməyə çalışır ki, bunlar Azərbaycan tələbləri deyil, Ermənistan Respublikasının maraqlarından irəli gəlir”, - o vurğulayıb.
Konstitusiya İslahatları Şurasının sədri, ədliyyə naziri Qriqor Minasyan isə bu gün bəyan edib ki, onlar Paşinyanla görüşü gözləyirlər, bundan sonra yeni Konstitusiyada hansı dəyişikliklərin nəzərdə tutulduğunu ictimaiyyətə təqdim edəcəklər. O, konstitusiyanın preambulasının müzakirəsinin aparılmadığını qeyd edib.
İslahatlar Şurası iki ildir ki, konstitusiya islahatları konsepsiyasının layihəsi üzərində işləyirdi. Hökumətə göndərilən layihədə İstiqlal Bəyannaməsi müddəasının çıxarılmasından bəhs edilmir. İndi onlar layihə üzərində işi davam etdirmirlər. Ədliyyə nazirinin dediyinə görə, gələcək işləri Paşinyanın təklifi ilə sinxronlaşdırmaq istəyirlər.
Xatırladaq ki, Ermənistan Konstiusiyasının praembulasında keçmiş “dağlıq Qarabağ”ın və Ermənistanın birləşdirilməsinin qeyd olunduğu Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu və eləcə də Ermənistanın digər hüquqi sənədlərində yer alan bəzi maddələr Azərbaycana qarşı ərazi iddiası olduğundan Rəsmi Bakı onların dərhal ləğvini tələb edir. Prezident İlham Əliyev bəyan edib ki, İrəvan bu addımları atmazsa, sülh müqaviləsindən danışmaq mümkün deyil.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər