Menu

“Fransa Rusiya-Ukrayna savaşına müdaxilə edə bilər” – Bu, döyüş meydanında nəyi dəyişəcək?

27.03.2024, 15:08
“Fransa Rusiya-Ukrayna savaşına müdaxilə edə bilər” – Bu, döyüş meydanında nəyi dəyişəcək?

“2023-cü ilin sonlarına doğru müharibənin Rusiyanın xeyrinə dəyişməsi NATO ilə Rusiya arasındakı mövcud gərginliyi daha da artırdı. Fransa Prezidenti Emmanuel Makronun “Avropa Ukraynaya hərbi müdaxilədən çəkinməməlidir” açıqlamasından sonra fransızların Rusiya-Ukrayna savaşına qoşula biləcəyi ilə bağlı iddialar daha da güclənib. Makron Ukraynanın tezliklə məğlub olacağını düşünür. Bunun qarşısını almaq üçün Fransa Ukraynadakı müharibəyə hərbi müdaxilə edə bilər. Maraqlıdır, Fransanın müdaxiləsi müharibənin gedişatını dəyişə bilərmi?”.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” nəşrində yayımlanan “Fransanın müharibəyə qoşulması Ukraynanın taleyini dəyişəcəkmi?” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin tərcüməsini təqdim edirik:

“Fransanın bu addımından əvvəl onun hərbi gücünün döyüş meydanındakı real vəziyyətə uyğun gəlib-gəlmədiyini nəzərdən keçirmək lazımdır. NATO ölkələrinin hərbi qüvvələri Rusiya ordusunun qarşısında çox kiçik bir qüvvə kimi görünür. Fransa hazırda Avropada ən böyük orduya sahibdir. Belə ki, 120 min aktiv personalın 77 mini hazır vəziyyətdədir. Bu o deməkdir ki, Fransa 1 ay ərzində Ukraynaya 30 min hərbçi göndərə bilər. Ancaq Fransanın hərbi sənayesi Avropanın digər ölkələrindən o qədər də fərqlənmir. Fransa hazırda ay ərzində cəmi 3 min top mərmisi istehsal edə bilir. Bu, Ukraynanın döyüş meydanında bir günlük top mərmisi istifadəsinə bərabərdir. Rusiyaya gəlincə, onlar normal günlərdə 10 min, şiddətli hücumlar zamanı isə 50 min ədəd top mərmisi istifadə edir. Hal-hazırda Rusiyada ay ərzində 250 min ədəd artilleriya mərmisi istehsal olunur. 

Ukraynadakı müharibəni yaxından izləyən xarici siyasət və strategiya təşkilatı olan “War on the Rocks”-a görə, Fransa ordusu İkinci Dünya Müharibəsindən sonra almanların köhnə strategiyalarını mənimsəyib. Fransa kəmiyyətdən çox keyfiyyətə önəm verən yüksək manevr və sürətə malik ordu qurub. Koordinasiya və dəqiqliyə önəm verən bu ordunun başlıca məqsədi müəyyən edilmiş hədəflərə mümkün qədər tez çatıb, zərbə endirməkdir. Ancaq bu missiya uğurlu olmasa, Fransanın qoşunlarını yeniləyib, yenidən hücuma keçmək kimi bir imkanı yoxdur. Məsələn, hazırda Fransanın əsas döyüş tankı olan “Leclerc”in 20 ədədinin Ukraynaya verilməsi Fransanın hərbi potensialının azalması anlamına gəlir. Çünki Fransanın cəmi 200 “Leclerc” tankı var. Rusiyanın 2 il ərzində minlərlə tank itirdiyini nəzərə alsaq, bu müharibədə Fransanın gedişata ciddi təsir göstərməsi asan olmayacaq. Ona görə də Fransanın döyüş meydanında nəyi hədəfləyəcəyini anlamaq vacibdir.


Fransanın məqsədi nədir?

Makronun açıqlamalarından sonra Fransa televiziya kanalları ordunun döyüş meydanında hansı vəzifələri yerinə yetirəcəyini müzakirə etməyə başlayıb. Makronun açıqlamalarında Kiyev və Odessa vurğusu diqqət çəkir. Fransızlar Rusiyanın Kiyevi yenidən mühasirəyə almalarından və veriləcək qərarlardan bəhs edirlər. Fransa müharibəyə qoşulmaq qərarına gələrsə, öz əsgərlərini Belarus sərhədinə və ya Odessa ətrafına yerləşdirə bilər. Təbii ki, Fransa effektli nəticə əldə etmək istəyirsə, döyüş meydanında öz qaydalarını müəyyən etməlidir. Başqa sözlə, onun yüksək koordinasiyalı qoşunları hücumda cəbhə xəttini yarmalı və müharibəyə son qoymalıdır. Bunun üçün isə Fransanın 20 mindən artıq hərbçiyə ehtiyacı var. Məsələn, Ukrayna ötən ilin yayında təxminən 60 minlik bir ordu ilə Rusiyanın müdafiə mövqelərinə hücum etmiş, lakin uğursuz olmuşdu. Çətin ki, Fransa Ukrayna üçün bu qədər qüvvə toplaya bilsin...

Belə bir iddia da var ki, Makron belə açıqlamalar verərərək digər NATO ölkələrini hərbi müdaxiləyə razı salmaq istəyir. NATO hər kəsin bir parçanı ifadə etdiyi “puzzle”-a bəzəyir. Fransa isə bu “puzzle”-da nüvə gücü ilə təmsil olunur. Fransan 280 nüvə başlığı ilə Avropada əhəmiyyətli bir gücə sahibdir. Yəni, mümkün quru əməliyyatı zamanı Fransa yalnız NATO-dakı digər müttəfiqləri ilə birlikdə ciddi bir gücə çevrilə bilər. Digər tərəfdən, Fransanın Rusiya ilə “Qərbi Afrika” gərginliyi də var. Rusiyanın özəl hərbi şirkətlərinin Afrikada Fransanın təsirini azaltması ciddi narahatlıq yaradıb. Makronun bu açıqlaması ilə Sahel bölgəsindəki rus hərəkatlarından “qisas” aldığını söyləmək də olar.

Nəhayət, gəlin ABŞ-də keçiriləcək seçkiləri də bura əlavə edək. Trampın qalib gəlmə ehtimalı olduğundan, onun ikinci prezidentlik dövründə Avropa ilə münasibətlərinin pisləşəcəyi proqnozlaşdırılır. Ola bilsin ki, belə bir vəziyyətdə Makron NATO-ya nəzarəti qismən ələ keçirmək üçün hazırlıq görür. Fransa hərbi cəhətdən təsirsiz görünən Almaniyadan “Avropanın böyük qardaşı” rolunu almağı planlayır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol