Rus politoloq: "KTMT-yə bəyanat vermək səlahiyyəti verilməyib"
"Mən bilirəm ki, vertolyot Azərbaycan ərazisində, hava məkanında uçub. Əgər tərəflər arasında sülh olsaydı, Azərbaycan tərəfi erməni vertolyotunu vurmazdı."
ANS PRESS-in məlumatına görə, bunu Dövlət Dumasının keçmiş deputatı, Rusiya Federasiyasının Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, İctimai Palatanın nümayəndəsi, politoloq və iqtisadçı Sergey Markov deyib.
O, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bununla bağlı qərar qəbul edəcəkmi" sualına cavabında bildirib ki, təşkilat bununla əlaqədar vahid bəyanatla çıxış etməyəcək: "Hələ ki, münasibətlər gərgindir. Bu ilin avqustunda hərbi hərəkətlər daha da gücləndi. Belə hadisənin baş verməsinin mümkünlüyü əvvəlcədən bilinirdi."
S.Markovun sözlərinə görə, KTMT mütləq vertolyotun Azərbaycan ərazisində qanuni vurulması faktını qəbul etməlidir. Etmirsə, demək, bu onu göstərir ki, KTMT-yə bununla əlaqədar heç bir bəyanat vermək səlahiyyəti verilməyib.
Bildirək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bu günlərdə Ermənistana işgüzar səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus hərbi vertolyotun vurulması məsələsini müzakirə edib.
Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub. Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.
Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmiş Ermənistana öz hava məkanından istifadəni qadağan edib, heç kim bu ərazidə uçuşların təhlükəsizliyinə zəmanət verə bilməz.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.


Şərhlər