Paşinyan hakimiyyətinin Moskva ilə əlaqələrin kəsilməsi və guya Qərbə doğru hərəkət görüntüsü yaratmaq cəhdləri o qədər məntiqsiz və dolaşıq xarakter daşıyır ki, artıq erməni cəmiyyətinin özündə də Ermənistanın gələcək istiqamətilə bağlı çaşqınlıq yaranıb.
Zaman keçdikcə daha yaxşı aydın olur ki, Paşinyan hökumətinin ən başlıca məqsədi ölkənin gələcək istiqamətini müəyyən etməkdən daha çox öz hakimiyyətini əldən verməməkdir. Bunun üçün vəziyyətdən asılı olaraq özünü qərbyönümlü kimi göstərib, Rusiyanın əlinə oynamaq heç bir çətinlik törətmir. Bunu Ermənistanın Rusiyanın hərbi sənayesinin Qərb elektronikası və texnologiyası ilə təminatındakı boz sxemlərin əsas iştirakçılarından biri olması da sübut edir.
Ermənistan bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, Paşinyan komandasının yüksək çinli üzvləri Rusiyanı işğalçı adlandırır, digər yandan Rusiyanın hərbi sənayesini Qərb texnologiyaları ilə təmin edir və buna paralel olaraq da, bütün gurultulu bəyanatlara rəğmən KTMT hərbi blokundakı iştirakını davam etdirir.

Paşinyan hökumətinin bu ikiüzlü siyasətinə bir müddət əvvəl Ermənistanın Xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən istefaya göndərilmiş Edmon Marukyan maraqlı şərh verib.
Paşinyanın bir neçə gün əvvəl Moskvaya baş tutan səfəri və Vladimir Putinlə görüşünə toxunan Marukyan, deyib: “Yəni, ölkə daxilində insanlara deyirlər ki, biz Avropa İttifaqına doğru gedirik. Amma Moskvaya gəlib tamamilə başqa şey istəyirik. Ermənistandan yayılan məlumata görə, görüşdə Geqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən 44 günlük müharibə və ondan sonra yerləşən Rusiya sərhədçiləri və hərbi məntəqələrinin çıxarılması barədə razılıq əldə olunub. Rusiya sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətinin dayandırılması ilə bağlı qərar da təsdiq edilib. Ermənistanda bunu böyük qələbə və nailiyyət kimi təqdim edirlər. Lakin Rusiya Prezidentinin mətbuat katibi Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması ilə bağlı razılıq əldə olunduğunu bildirsə də, Ermənistan tərəfinin tələbi ilə onların Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalacağını deyib. Yəni, Ermənistan Respublikasının Baş naziri Putindən Rusiya sərhədçilərinin Ermənistan - İran, Ermənistan - Türkiyə sərhədində xidmət göstərməsini istəyib.
Birincisi, Ermənistanın belə bir gündəmi olmayıb. Ermənistan Respublikası belə bir tələb irəli sürməyib. Bu, ekspert camieəsinin tələbi idi. Burada sual yaranır: Kremldə nə baş verib ki, nəticədə Ermənistanın Baş naziri Putindən Rusiya sərhədçilərinin Ermənistan - İran sərhədində xidmətini davam etdirmələrini istəyib?
Başqa bir sual yaranır: Cek Sallivan, Ursula fon der Lyayen, Makron və Aİ-nin aparıcı rəsmiləri indi Ermənistan haqqında nə düşünəcəklər? Ermənistan Aİ müşahidəçilərinə deyir ki, Ermənistan - Azərbaycan sərhədində durun və monitorinq aparın. Rusiya Federasiyasından isə Ermənistan - İran və Ermənistan - Türkiyə sərhədlərində qalmağı xahiş edir. Sonra da Moskvaya deyir ki, Zvartnots və qeyd olunan bir neçə kiçik nöqtəni tərk edin.
Bu nə qarışıqlıqdır belə? Ermənistan parlamentinin sədri Rusiya Federasiyasının Ukraynanı işğal etdiyini bəyan edir, yəni Rusiya Federasiyasının işğalçı olduğunu deyir, bununla da Rusiya - Ukrayna mövzusuna girir. Baş nazir isə həmin ölkədən xahiş edir ki, əvvəlki kimi Türkiyə və İranla sərhədlərdə qalsın. Yəni, ölkə daxilində insanlara Avropa İttifaqına doğru getdiyimizi deyirik, amma Moskvaya gəlib başqa şey istəyirik. Məni daha çox Ermənistanla İran arasındakı sərhəd məsələsi maraqlandırır...”
Xatırladaq ki, Paşinyanın Putinlə Moskvadakı görüşü cəmi bir saata yaxın vaxt aparıb. Bu, ya tərəflərin bir-birilə fikirlərinin tam üst-üstə düşməsi, ya da tərəflərdən birinin konkret tələb və ultimatum dilində danışmasından xəbər verir. Birinci variant o qədər də ağlabatan deyil. İkinci variantda isə ultimatum dili ilə danışanın Paşinyan olmadığı heç bir şübhə doğurmur...
Hər necə olsa, nə baş verdiyini vaxtilə Paşinyandan birbaşa göstərişlər alan xüsusi tapşırıqlar üzrə səfir Marukyan belə anlamaqda çətinlik çəkir. Bu isə bir sıra obyektiv və subyektiv səbəblərdən Ermənistan hökumətinin Rusiyadan asılılıqdan qurtulmaq və Qərbə yönəlmək niyyətində səmimi olmadığını bir daha təsdiqləmiş olur.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər