Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella AVRO 2024-ün F qrupunun sonuncu matçında Çexiya ilə çətin görüş öncəsi mətbuat konfransı keçirib.
“AzPolitika” xəbər verir ki, ilk görüşündə Gürcüstan yığmasını 3-1 hesabı ilə məğlub edən, ikinci görüşdə isə portuqallara 3-0 hesab ilə məğlub olan Türkiyə yığmasının italiyalı çalışdırıcısı hər şeyə rəğmən üstün durumda olduqlarını bildirib:“Bura bizim ölkəmizdir. Başqa milli komandamız yoxdur. Biz sona qədər mübarizə aparacağıq. Öz matçımız haqqında düşünməliyik. Üstünlük bizdədir. Başqa heç bir şeyin önəmi yoxdur. Azarkeşlərin dəstəyindən xəbərdarıq. Bu, bizi daha da güclü edir. Qarşılaşmaya motivasiyalı çıxmalıyıq. Biz inanmalıyıq".
Montella haqsız tənqidlərin onları motivasiya etdiyini bildirib:"İlk növbədə futbolçuların mənim düşüncə tərzimi bölüşmələrini istəyirəm. Bu turnirdə çıxış edən Cenk Tosun kimi futbolçuların son 12-13 ildə heyətin bir parçası olduqları ən yaxşı komandanın olduğunu söylədiklərini eşitdik. Tənqid həmişə var. Ədalətli tənqid olar. Şəxsən mən bunu qəbul edirəm. Məni düşünməyə vadar edir. Haqsız tənqidlər də var. Bu isə bizi əyləndirir və həvəsləndirir. Diqqətimizin yayınmasına imkan verməyəcəyik. Cavabımızı meydanda verəcəyik".
Türkiyəli gənc ulduz Arda Gülərlə bağlı da açıqlama verən Montella, hazırda Ardanın uzun müddət oyunda qala biləcək bir səviyyədə olmadığını deyib.
Qeyd edək ki, Çexiya-Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Eyni saatda başlayacaq digər matçda isə Portuqaliya və Gürcüstan yığmaları qarşı-qarşıya gələcəklər. F qrupunun son turu öncəsi Portuqaliya 6 xalla birinci, Türkiyə 3 xalla ikinci sıradadır. Çexiya və Gürcüstan yığmalarının isə hər birinin aktivində 1 xal var.
"AzPolitika.info"


Şərhlər