“Ağadadaş Ağayevi yaxından tanıyanlar onu mədəni və xeyirxah insan kimi xarakterizə edirlər. Xalq artistinin iştirakı ilə bu cür hadisınin baş verməsinə görə çox üzüldüm və təəssüf hissi keçirirəm. Allaha şükürlər olsun ki, ölüm hadisəsi baş verməyib”.
Bunları Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalq artisti Ağadadaş Ağayevin iştirakilə baş verən insidentə münasibət bildirərkən deyib.
Partiya sədri hesab edir ki, istintaqın nəticəsini gözləmək, buna qədər tərəflərdən hansınısa ittiham etməkdən çəkinmək lazımdır: “Kadrlardan görünür ki, başına endirilən ağır zərbələrdən Ağadadaş Ağayev həyatını itirə bilərdi. Mən hər cür zorakılığı qətiyyətlə pisləyir və qınayıram. Hər kəsin günahının həddini istintaq və məhkəmə orqanları müəyyən etməlidir. İctimai rəy formalaşdırmaqla istintaq orqanına təzyiq yolverilməzdir. Biz yayılan kadrlardan öncə nələrin baş verdiyindən məlumatsızıq. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində qəflətən baş verən güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürməyə görə iki ilədək islah işləri növündə cəza təyin oluna bilər. Cinayət Məcəlləsində bu cür ağır nəticəyə səbəb olmuş təqsirli əmələ görə belə yüngül cəza ona görə nəzərdə tutulur ki, affekt vəziyyətində şəxsin öz hərəkətlərinə nəzarət imkanları xeyli azalır. Patoloji və ya fizioloji affekt vəziyyəti bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər. İşin konkret hallarından asılı olaraq bu məqsədlə ekspertiza təyin olunur. Ona görə ictimaiyyət istintaq orqanına güvənməli və nəticəni gözləməlidir. İstintaq orqanın borcu isə odur ki, şayiələrin və dedi-qoduların qarşısını almaq üçün mətbuata açıqlamalar verməklə cəmiyyəti məlumatlandırsın”.
“AzPolitika.info”


Şərhlər
O baltanı gərək atmazdır. Yaşına başına bu yaraşmırdı. Obiri də insafsız 1-2 vurdun bəsdir də. Gərək bu qədər vurmazdır. Ancaq əsas günahkar Ağadadaşdır.