Menu

Rus oliqarx Avropa İttifaqına meydan oxuyur – Lüksenburqa qarşı 16 milyard dollarlıq iddia qaldırdı

14.08.2024, 13:25
Rus oliqarx Avropa İttifaqına meydan oxuyur – Lüksenburqa qarşı 16 milyard dollarlıq iddia qaldırdı

Rusiyalı milyarder, “Alfa Group”un həmtəsisçisi Mixail Fridman Honq Konq Beynəlxalq Arbitraj Mərkəzində Lüksemburqa qarşı 16 milyard dollar iddia qaldırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb. Proseslə tanış olan qəzetin həmsöhbəti təqdim olunan sənədlərin həqiqiliyini təsdiqləyib.

Şikayət Fridmanın “Lüksemburq holdinq” şirkətləri vasitəsilə sahib olduğu müxtəlif ölkələrdəki aktivlərinin dondurulması ilə bağlıdır.

Hələ fevral ayında bir qrup bankirin vəkili Lüksemburq hakimiyyətinə Avropa İttifaqı (Aİ) sanksiyalarının icrası çərçivəsində “özgəninkiləşdirilən” aktivlər üçün kompensasiyanın ödənilməsi ilə bağlı danışıqlara başlamağı təklif etmişdi.

“Vedomosti” mənbələrinin məlumatına görə, Fridmanın bəyan etdiyi təzminatın məbləği təxminidir, çünki iş adamı Avropa İttifaqında qiymətləndiriciləri işə götürə bilmir. Sanksiyalara görə, onun Lüksemburq şirkətlərinə maliyyə məlumatlarını paylaşmaq qadağan edilib.

“Fridman hesab edir ki, Lüksemburq aktivlərini dondurmaqla bir tərəfdən Belçika və Lüksemburq, digər tərəfdən isə Sovet İttifaqı (və onun hüquqi varisi kimi Rusiya) arasında 1989-cu ildə bağlanmış investisiya müqaviləsini pozub”, - "Vedomosti"-nin həmsöhbətləri deyiblər.

Razılaşmaya əsasən, Lüksemburq hökumətinin iddialara cavab verməsi üçün 6 ay vaxtı var. Bundan sonra Fridman BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasına və ya Stokholm Arbitrajına müraciət edə bilər.

Avqustun 13-də Honq Konq arbitrajına təqdim edilən sorğuda Fridmanın müdafiəsi ona qarşı Aİ sanksiyalarının tətbiqini yalnız Rusiya vətəndaşlığı və biznes uğuru ilə əlaqələndirir. Rusiyalı milyarderin vəkillərinin fikrincə, bu, ciddi ədalətsizlikdir və beynəlxalq hüququ pozur, çünki sanksiyalar Aİ tərəfindən BMT çərçivəsindən kənarda tətbiq edilib. Nəticədə bankir investisiyalarının dəyərindən məhrum edilib və onun reputasiyası da zərər görüb. İş adamı hələlik məbləği müəyyən edilməmiş mənəvi zərərin ödənilməsini tələb edir.

“Vedomosti”nin proseslə tanış olan həmsöhbəti qeyd edib ki, bu iddia qadağanedici vasitə kimi sanksiyaların əsas legitimliyinə birbaşa təsir edən ilk iddiadır. İndiyədək yalnız şəxslərə qarşı konkret tədbirlərin əsassız elan edilməsi üçün məhkəmə iddiaları qaldırılıb.

Aprel ayında Lüksemburqun birinci instansiya məhkəməsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra Avropa İttifaqının Fridmana və Alfa Qrupunun digər həmtəsisçisi Petr Avenə qarşı tətbiq etdiyi şəxsi sanksiyaları ləğv etmək qərarına gəlib. Rusiyalı milyarderlər Aİ-nin onlara qarşı sanksiyaları ilə bağlı iki qərarının ləğvinə nail olub, lakin bir qərar qüvvədə qalır. Fridman ona meydan oxumağa davam edir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol