Ermənistanın sürətlə silahlandırılması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Verilən silahlara aid texniki detalların da KİV-lərdə paylaşılması bu silahlandırılmanın dəqiqliyini və miqyasını ortaya çıxarır.
Qonşu dövlətə böyük miqdarda modern silahların verilməsi erməni dövlətinin yeni hərbi toqquşmalara hazırlandığını göstərir. Aydındır ki, bu silahlanma Azərbaycana qarşıdır.
Sual yaranır: Ermənistan Azərbaycana qarşı top-yekun revanş savaşına girə bilərmi?
44 günlük müharibə zamanı və sonrakı dövrlərdə qonşu dövlətin hərbi potensialı az qala kökündən məhv edilib. Darmadağın edilmiş bu potensialı qısa müddətdə bərpa edərək Ermənistanı böyük müharibəyə hazırlamaq olduqca çətindir. Üstəlik, geopolitik dalana sıxışmış, dənizə çıxışı olmayan və büs-bütün dağlıq ərazidə yerləşən Ermənistan böyük ölçülü və uzun müddətli müharibə apara bilməz. İngilislərin müharibə ilə bağlı gözəl bir deyimi var: “Döyüşü əsgər udur, müharibəni isə logistika”. Böyük müharibə aparması üçün bu dövlətə davamlı silah-sursat təminatı mümkünsüzdür. Ermənistanın ərazisi çox kiçikdir, bu dövlətin hava məkanı Azərbaycan hava hücumundan müdafiə sistemlərinin tam nəzarəti altındadır. Aerodromlarını isə Bakının dəqiq raket zərbələri anında sıradan çıxara bilər. Üstəlik, hərbi logistikanın can damarı quru yolu ilə həyata keçirilən təchizatdır. Ermənistana silah-sursat Gürcüstan və İran üzərindən gələ bilər. 44 günlük müharibə zamanı rəsmi Tbilisi öz ərazisini silah daşınması üçün Rusiyanın üzünə qapatdı. Amma indi Ermənistanın arxasında Qərb dayanır və Gürcüstanın Qərbin yolunu bağlaya biləcəyi müəmmalıdır. İran isə türklərin əleyhinə və ermənilərin lehinə istənilən addıma dəstək verməyə hazırdır. Bununla belə, Gürcüstanın və İranın Ermənistana silah daşımasına imkan vermələri, bu böyük logistik dəhlizlərinin işləyəcəyi anlamına gəlmir. İrandan Ermənistana gedən bütün yollar Azərbaycan artilleriyasının ovucunun içindədir. Gürcüstandan erməni dövlətinə gedən əsas yollar da Azərbaycan tərəfinin atəş nəzarətindədir. Bəzi alternetiv dağ yolları mövcud olsa da, dar dağ keçidləri, körpülər, tunellər Azərbayanın dəqiq raket zərbələri ilə anında sıradan çıxarıla bilər.
Şübhəsiz ki, bu deyilənləri Ermənistanı silahlandıran Qərb və Hindistan da bilməmiş deyil. Onda sual yaranır: Ermənistanın böyük müharibədə qələbəsini təmin etmək mümkün deyilsə, bu qədər silah-sursat İrəvana nə üçün verilir?
Regionda baş verənlər təkcə Ermənistan və Azərbaycanın deyil, sözün əsl mənasında bütün dünyanın maraqlarına toxunan çox əhəmiyyətli proseslərdir. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Turan birliyi üçün deyil, həm də Çini Avropaya bağlayan orta ipək yolu üçün kilid nöqtədir. İndiyə qədər olan və bundan sonra olacaq bütün toqquşmalar bu kilid nöqtəyə kimin nəzarət edəcəyi ilə bağlıdır. Vladimir Putin Bakıya gəlir və onun Bakıda olduğu gün Sergey Lavrov belə bir bəyanat verir: “Paşinyan üçtərəfli razılaşmanı pozur və Zəngəzur dəhlizinin açılması məsələsini sabotaj edir“. Yəni, Rusiya dəhlizin öz nəzarətində açılması üçün var gücü ilə çalışır. ABŞ-nin də əsgərlərini və silahlarını Zəngəzura yığması haqda məlumatların sayı artır. Zəngəzur yolunun “dəhliz“ formatında açılmasında maraqlı olmayan qüvvələrin də sayı və gücü yetərincədir. Ən böyük güclərin kəllə-kəlləyə gəldiyi bu böyük oyun son nəticədə Ermənistan və Azərbaycanın əli ilə oynanacaq. İrəvana verilən silahlar böyük müharibə üçün yetərsiz olsa da, Zəngəzuru qarışdırmaq üçün işə yaraya bilər. Yəni, marağı təmin olunmayan böyük güclərdən hansısa “dəhliz bu şərtlərdə açılmasın“ istəyi ilə bölgədə silahlı təxribatlar təşkil edilə bilər. Bu təxribatlar şübhəsiz Azərbaycana qarşı yönələcək və bölgədə baş verən lokal hərbi toqquşmalar fonunda dəhliz məsələsi arxa plana keçəcək.
Amma bu, məsələnin yalnızca bir tərəfidir. Hadisələr tam başqa istiqamətə yönələ və təxribatları törədənlərin nəzarətindən çıxa bilər. Təxribatlar Azərbaycana qarşı yönələcəksə, Bakı bu təxribatlara cavab vermək məcburiyyətində qalacaq. İri miqyaslı və davamlı təxribatlar baş verərsə, rəsmi Bakı böyük təhlükənin və hərbi təxribatların törədildiyi əraziyə qoşun yeridə ve tampon bölgə yarada bilər.
Qeyd edək ki, bu məsələdə beynəlxalq hüquq Azərbaycanın yanındadır. Həm Naxçıvanın, həm də Azərbaycanın Ermənistanla sərhəd rayonlarını təxribatlardan qorumaq üçün belə bölgə yaradılarsa, bu Ermənistanın Zəngəzur üzərindəki nəzarətini itirməsi demək olacaq. Ermənistanın ən müxtəlif güclər tərəfindən sürətlə silahlandırılması, Zəngəzur təxribatı ssenarisinin mümkünlüyünü gostərir. Bu ssenari reallaşsa və Bakı dövlətimizə qarşı yönələ biləcək zərbələri öz xeyrinə çevirməyə nail olsa, dəhlizə kimin nəzarət edəcəyini də məhz Azərbaycan tərəfi müəyyənləşdirəcək.
Namiq Bilal

Şərhlər
Rusiyanın da Zəngəzur dəhlizində olmağı və ya nəzarət etməyi olacaqsa o Zəngəzur dəhlizi biz xeyir verməyəcək. Rus Türkin düşmənidir bilin.
Biz bunlarla məsələni birdəfəlik bitirməliyik nə qədər ki gec deyil.İlin əvvəlinə qədər ABŞ qüvvələri oralarda yox idi,indi var.Gələn il oralarda daha kimlər olacaq?Onda iş get-gedə böyüməyəcəkmi?Hazırkı məqamda ən vacib olan şey bufer zona yaratmaqdır və ermənistanın sürətlə silahlanmasına cavab olaraq buna tamamən haqqımız var.Əgər gələn il ABŞ,Fransa,Rusiya-filan əsgərləri ermənistan-Azərbaycan sərhədinə yerləşməli olsalar bufer zonanı yarada bilməyəcəyik.Onsuz da ermənistanın bizimlə sülh müqaviləsi bağlaması mümkün olan şey deyil əbədiyyən.Zəngəzur dəhlizinin açılması da ABŞ əsgərləri orada olduğu üçün sonraya keçirilməlidir.ABŞ-dan,Fransadan bizə heç bir zaman xeyir gəlməz.Kimə xeyyir gəlib onlardan ki,bizə də gəlsin?