Vahid Məhərrəmov: «Bu iş icra hakimiyyətlərin əlindən çıxdığı üçün onlar rəqəmlərə müdaxilə edə bilmirlər»

Bu ilin on ayının nəticələrinə görə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında ciddi azalma müşahidə edilib. Çox güman ki, bu ilin sonuna kimi sözügedən sahədə azalma davam edəcək. Eskpertlər bunun səbəbini bir neçə amillə bağlayırlar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin on ayında kənd təsərrüfatının ümumi məhsulu 3 faiz azalıb. Burada bitkiçilik məhsullarının istehsalı 8.1 faiz azalıb, heyvandarlıq məhsulları 3.1 faiz ötən ilki səviyyədən yüksək olub.

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 20 faiz, kartof istehsalı 17.4 faiz, tərəvəz 2 faiz, şəkər çuğunduru və tütün istehsalı müvafiq olaraq 5.2 faiz və 17 faiz, çay istehsalı isə 20.7 faiz azalıb. Ət və ət məhsulları, süd və süd məhsullarının istehsalında artım müşahidə edilib.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov "Bizim Yol"a şərhində bildirib ki, bu sektorda azalmanın kökündə vaxtilə şişirdilmiş statistika durur: "2007-ci ildən aqrar sektora subsidiyalar ayrılıb. Həmin vəsaitlərin bir hissəsi yerlərdə məmurlar tərəfindən mənimsənildi. Ona görə də həmin məmurlar əkin sahələrini, habelə istehsal olunan məhsulların həcmini şişirtməkdə maraqlı idilər.

Keçən il kənd təsərrüfatı naziri dəyişdikdən sonra vəziyyət bir qədər dəyişdi. Yeni nazir subsidiyaların birbaşa fermerlərə verilməsini təsdiq etdi. Artıq bu məsələ nəzarətə götürülüb. Hətta qurumun rəsmi saytında da subsidiya alan fermerlər adbaad yerləşdirilib.

Nəticədə artıq "əkilmiş" sahələr sıradan çıxdı. Dövlət Statistika Komitəsi göstərməsə də, reallıqda əkilmiş sahələr azalıb. İstehsal olunan məhsulu isə əvvəlki illərdə olduğu kimi şişirtmək mümkün deyil. Çünki bu iş icra hakimiyyətlərin əlindən çıxdığı üçün onlar rəqəmlərə müdaxilə edə bilmirlər".

V.Məhərrəmov əlavə etdi ki, bəzi məhsullar üzrə istehsalda azalma təbii amillərlə də bağlıdır: "Bunu iqlim şəraitinin normal olmaması, quraqlıqla da əlaqələndirmək olar. Çox ciddi azalma taxıl məhsullarında özünü göstərir. Kənd təsərrüfatı məhsulları üzrə tam mənzərəni isə ilin sonunda aydın görmək olar".

Ekspert bitkiçilikdə azalma olduğu halda heyvandarlıqda artımın göstərilməsini paradoks hesab edir: "Heyvandarlığı o zaman inkişaf etdirmək mümkün olur ki, yem istehsalında, xüsusilə taxılçılıqda artım olsun. Düşünürəm ki, Dövlət Statistika Komitəsi burada yanlışlığa yol verib. Ümumiyyətlə, statistik məlumatların səhihliyi üçün ciddi islahatlar aparılmalıdır. Kənd təsərrüfatı sahələrində yenidən hesablanmalıdır. Vaxtilə kiminsə sifarişi ilə statistikanı artırıblar. İndi isə elə bir həddə çatıb ki, paradoksal vəziyyət yaranıb. Məsələn, idxal-ixrac məhsulları ilə bağlı araşdırma aparanda qeyri-real rəqəmlər meydana çıxır. Elə məhsullar var ki, istehsal olunduğu halda yüksək idxal da olunur. Artıq qalan məhsulun isə ixrac edildiyi göstərilmir. Yəni rəqəmlər bir-birinə əksdir".

Son zamanlar narahatlıq doğuran məqamlardan biri də Rusiyadan idxal və bu ölkəyə ixrac etdiyimiz kənd təsərrüfatı məhsulları ilə bağlıdır. V.Məhərrəmov bu sahədə ciddi narahatlığa əsas görmür: "Rublun dəyərdən düşməsi, əslində, bu ölkədən idxal etdiyimiz məhsulları ucuzlaşdıra bilər. Amma digər bir nüans Rusiyanın özünün daxili tələbatını ödəmək üçün ixracda müəyyən məhdudiyyətləri tətbiq etməsidir. Amma hər bir halda Moskva ixracı tənzimləməyə çalışacaq". Ekspert bunun üçün alternativ bazarların olduğunu və Azərbaycanın öz tələbatını başqa ölkələrin məhsulları ilə örtəcəyini deyir.

"Təəssüf ki, ixracda bu nikbinliyi deyə bilmərik. İlk dövrlərdə münbit şərait yarandı və fermerlərimiz məhsullarını bu bazara çıxara bildi. Ona görə də ötən ilin müvafiq dövrü ilə müqayisə də mal-məhsul ixracatında 40 milyon dollar dəyərində artım göstərilir. Ancaq indiki şəraitdə qazanc götürmək mümkün deyil. Çünki yerli fermerlər Rusiyaya apardığı məhsulu baha satmalı olur. Bu da alıcılıq qabiliyyətini aşağı salır", - deyə mütəxəssis qeyd etdi.