Menu

“7 NATO ölkəsi buna qarşıdır...” - NATO-dan Ukraynaya çoxüzlü münasibət

24.10.2024, 12:41
“7 NATO ölkəsi buna qarşıdır...” - NATO-dan Ukraynaya çoxüzlü münasibət

“ABŞ və Almaniya müharibənin bitməsini gözləyir”

Ukrayna hakimiyyəti Rusiya işğalından qurtulmaq və öz gələcək təhlükəsizliyini təmin etmək üçün ölkənin NATO üzvlüyünü əsas şərt kimi irəli sürür. Lakin NATO-da aparıcı dövlətlərin bunun əleyhinə olduğu məlumdur…

“AzPolitika” xəbər verir ki, “Politico” nəşrinin özünün NATO-dakı mənbələrinə istinadla yazdığına görə, ABŞ, Almaniya, Slovakiya, Macarıstan, Belçika, Sloveniya və İspaniya Ukraynanın dərhal NATO-ya dəvət olunmasının əleyhinədirlər. 

Qəzet yazır ki, Vaşinqton və Berlin alyansın əsas üzvləri kimi Rusiya ilə müharibəyə cəlb olunmaq perspektivindən narahatdırlar.

Bundan əvvəl Amerikanın NATO-dakı səfiri Culian Smit deyib ki, alyans hələ “Ukraynaya üzvlük təklif etməyə hazır olacaq nöqtəyə çatmayıb”.

Amerika rəsmiləri də dəfələrlə açıq şəkildə bildiriblər ki, Ukraynanın NATO-ya daxil olması prosesi Rusiyanın işğalı başa çatdıqdan sonra başlayacaq, lakin bunun vaxtı dəqiqləşdirilməyib”

Ukrayna Prezidenti Volodimir Zelenski isə Almaniya kansleri Olaf Şoltsa silah yardımına görə təşəkkür etməklə yanaşı qeyd edib ki, “Almaniya tərəfinin bizim NATO-ya qoşulmağımıza şübhə ilə yanaşması faktdır”.

 Kansler Olaf Şolz da ötən həftə Berlində Baydeni qarşılayarkən deyib: “Biz istəyirik ki, NATO-nun müharibənin tərəfi olması ilə bu müharibə daha böyük fəlakətə çevrilməsin”.

Macarıstan və Slovakiya isə Ukraynanın hərbi alyansa dəvət edilməsinin kökündən əleyhinədir. Macarıstanın Baş naziri Viktor Orban Zelenskinin "qələbə planını" "qorxulu" adlandırıb və Aİ-ni Rusiya ilə danışıqlara çağırmağa davam edəcəyini bildirib.

Slovakiyanın Baş naziri Robert Fiko Ukraynanın NATO-ya qoşulmasının “üçüncü dünya müharibəsi üçün yaxşı əsas olacağı” barədə xəbərdarlıq edib və buna heç vaxt imkan verməyəcəyinə söz verib.

“Politico” öz mənbələrinə istinadla qeyd edib ki, ABŞ və Almaniya gələcəkdə, döyüşlər bitdikdən sonra Ukraynanın Alyansa daxil olmasını istisna etmirlər.

“Politico” yazır ki, Polşa və Baltikyanı ölkələr Ukraynanın dərhal NATO-ya qəbul edilməsinə daha çox həvəs göstərirlər. Fransa da bu fikrə açıqdır.

“Associated Press” agentliyi isə öz mənbələrinə istinadla yazıb ki, Ukrayna Rusiya ilə müharibə bitənə qədər NATO-ya qoşulmayacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-10-24 13:06:24

Yeddi oğul istərəm,bicə dənə aldadılmış Ukrayna adlı qız.O qızı ki NATO ölkələri iki ildən çoxdu qaçırıb "kullandıqca kullanıblar",sroku keçəndən sonra qaytarıblar ata evinə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol