Kontr-admiral lazer topunun uğurla sınaqdan çıxarılması barəsində məlumat verib

ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində yerləşdirilmiş xüsusi təyinatlı dəstələrinə məxsus ”Ponce” böyük desant gəmisində quraşdırılmış lazer silahının sınaqdan çıxarılma mərhələsi uğurla başa çatıb. Bu barədə məlumat ABŞ HDQ-nin elmi-tədqiqat və təcrübə-konstruktor işləri üzrə mərkəzinin rəhbəri kontr-admiral Metyu Klander tərəfindən verilib.

30 kilovatlıq lazer topunun təcrübə nümunəsi kimi sınaqdan çıxarılması avqust ayında başlanmışdı və bu sınaq müddəti bir il üçün nəzərdə tutulmuşdu. Amma Klander bu haqda bildirib: ”Biz artıq sınaqları dayandırmışıq və həmin silah artıq Fars korfəzindəki gəmilərimizdə quraşdırılıb. Bu tarixdə energetik silahdan istifadə olunan ilk hadisədir”.

“Ponce” gəmisində quraşdırılmış bərk cisimli elementlər lazerinin hazırlanmasına yeddi il vaxt və 40 milyon dollar vəsait sərf olunub. Bu topun şüaları hədəfi tamamilə yandırmaqla yanaşı, həm də görünməzlik xüsusiyyətinə malikdir.

Klander izah edib ki, bu lazer silahı, praktik olaraq bütün hədəflərin müvəffəqiyyətlə məhv edilməsi sınağından çıxarılıb. Həmin lazer silahının köməyi ilə pilotsuz təyyarələr də daxil olmaqla, iti sürətli motorlu qayıqlar və xeyli uzaq məsafədəki obyektlər məhv edilə bilər. Klander əlavə olaraq bildirib ki, sınaqlar zamanı bu yeni silah “yaxşı işləyib” və heç vaxt hədəfdən yayınmayıb. Kontr-admiral onu da qeyd edib ki, lazer topundan atılacaq hər bir atəş cəmi 59 sentə başa gəlir və lazerin atəş ehtiyyatında isə demək olar ki, heç bir məhdudiyyət yoxdur.

Klanderin sözlərinə görə, hal-hazırda ABŞ hərbi Dəniz Qüvvələri 100 və 150 kilovatlıq lazer topunun hazırlanması üzərində işləyir və çox güman ki, bu işlər 2016-2017-ci illərdə başa çatacaq.

Vaqif NƏSİBOV