Qəzzalıları köçürmək planı ˝Trampsayağı" növbəti blefdir
Tramp avantürist sionist ideyaları naminə Türkiyəni və çoxsaylı ərəb ölkələrini qarşısına almaz

Benyamin Netanyahunun söylədiyi ˝Böyük Orta Şərq çox dəyişəcək˝ ifadəsi reallaşır. Amma bu dəyişiklik İsrailin cari maraqlarının əleyhinə baş verir.
Bugünkü İsrail dövlətinin ideoloji bazası sionizmdir. Məlumat üçün qeyd edək ki, sionizm ideologiyasının ana hədəfi Tanrı tərəfindən vəd olunmuş torpaqlarda böyük İsrail dövlətinin qurulmasıdır. Vəd olunmuş torpaqlar Nil çayından Fərat çayına qədər uzanan və yuz milyonlarla qeyri-yəhudi əhalinin yaşadığı geniş ərazilərdir. Netanyahunun və nazirlərinin yaydığı Böyük İsrail xəritəsinə geniş ölçülü Türkiyə əraziləri də daxil edilib. Təbii haldır ki, başda Türkiyə olmaqla region ölkələri özlərini qorumaq üçün sionizmə qarşı mübarizə aparmaq zorundadırlar.

İyirminci əsrdə, başda ABŞ olmaqla, Qərbin ən böyük güc olması vəd olumnuş torpaqlarda Böyük İsrailin yaranması üçün “qızıl dövr” idi. Amma bu şans itirildi. İndi hər şey Qərbin istədiyi kimi olmur. İmkanlar tükənib. Böyük Orta Şərqdə isə regionun əzəli sahibi olan Türkiyə sürətlə meydana girir.
Netanyahunun Vaşinqtonda, Trampın yanında olduğu gün Suriya keçici hökumətinin rəhbəri Əhməd Şara Ankarada, Ərdoğanın yanında idi. Şara Ərdoğanın yanından ˝İsrail 1974 sərhədlərinə qayıtmalıdır˝ bəyanatını verdi. Yəni, Suriya rəhbəri Türkiyə ilə təhlükəsizlik, ordu quruculuğu, terrora qarşı mübarizə və digər sahələrdə əhəmiyyətli razılaşmalar qazandı və Ankaradan İsrailə meydan oxudu.

Netanyahu isə Vaşinqtondan əliboş qayıtdı. O, Ağ Evə 3 əsas məsələ ilə bağlı razılaşma əldə etmək üçün getmişdi. Bunlardan birincisi Qəzzada müharibənin yenidən başlanması, ikincisi İranın nüvə obyektlərinin bombalanması, üçüncüsü isə amerikan əsgərlərinin Suriyanın şimal-şərqində, yəni kürd separatçılarının yerləşdiyi ərazilərdə saxlanması idi.
Tramp Qəzza ilə bağlı ortalığa hamını çaşqınlığa salan çox hiyləgər plan atdı. O, Netanyahuya ˝Biz Qəzzanı təhvil alırıq, bütün qəzzalıları ordan köçürəcəyik və Qəzzanı cənnətə çevirəcəyik˝ dedi. Bu plan İsrail daxilində böyük coşqu yaratsa da, bütün dünya bu plana qarşı ayağa qalxdı. Əslində, bunun ˝Trampsayağı" növbəti blef olduğunu diqqətli müşahidəçilərin xeyli hissəsi elə ilk gündən dilə gətirdi. Belə ki, bu planın həyata keçirilmə mexanizmi yoxdur. Tramp hərbi güc tətbiq etmədən qəzzalıların köçürüləcəyini vəd edir. Amma əsas sualı cavabsız buraxır: Milyonlarla insanın daha yaxşı yerlərə və daha yaxşı evlərə köçürülməsini kim maliyyələşdirəcək?

Yerdəki reallıq isə başqadır. İsrail qəzzalıların üzərinə yüz minlərlə ton bomba yağdırdı, qəzzalılar vətənlərini tərk etmədilər. Qəzzada HƏMAS yerindədir, xalq da onun arxasındadır.
Digər tərəfdən, Netanyahunun ABŞ səfəri ərəfəsində Misr XİN rəhbəri Ankarada Hakan Fidanla Qəzza məsələsini müzakirə edirdi. Görüş sonrası brifinqdə nazirlər Qəzzaya qətiyyətli dəstək bəyanatları səsləndirdilər. Yada salaq ki, HƏMAS atəşkəsə və israilli əsirləri azad etməyə Türkiyənin böyük təsiri nəticəsində razılaşıb. Bunu keşmiş dövlət katibi Blinken dilə gətirmişdi. Türkiyə qəzzalıları razılaşmaya inandıra bilibsə, heç şübhəsiz ciddi qarantiyalar da masaya yatırılıb.

İndi rəsmi Ankara Qatarı, Misiri, İordaniyanı, Livanı və digər ərəb dövlətlərini yanına alıb qəzzalıların köçürülməsinə qarşı sanballı koalisiya formalaşdırır.
Netanyahu Trampı İranı bombalamağa da razı sala bilmədi. Tramp İranı bombalamaq yox, sanksiyalarla əzmək yolunu tutub. Tramp mahiyyətcə biznes adamıdır. İranı bombalamağın məsrəflərini və qazanclarını uzun uzadı hesablamadan belə risqli qərar verməyəcək. Netanyahu isə tələsir...
Amerika əsgərlərinin kürd separatçılarına dəstək üçün Suriyada saxlanması məsələsinə də Tramp ˝hə˝ demədi. Pentaqon qaynaqlarının mediaya sızdırdığı məlumatlara görə isə ABŞ öz əsgərlərini 30, 60 və 90 gün ərzində üç etaplı plan əsasında Suriyadan çəkəcək. İsrail Suriyada xaosun saxlanmasında, Türkiyə isə güclü dövlətin yaranmasında maraqlıdır. Görünən odur ki, İsrailin Suriya planları da sərt türk divarına çırpılıb.

Bütün deyilənləri bir yerdə nəzərdən keçirdikdə göz önündə yaranan mənzərə belədir: Vəd olunmuş torpaqlarda İsrailin genişlənməsi planları Türk məngənəsinə salınıb və sıxıldıqca sıxılmaqdadır. Bu planların arxasında ABŞ və Avropa dayanırdı. Avropa artıq geosiyasi güc deyil. ABŞ isə İsrailin genişlənmə planlarını yox, özünün hegemoniyasını qoruyub saxlamaq hayındadır. Ağ Evin qarşısında çoxistiqamətli və həlli çətin olan çox mürəkkəb problemlər toplusu var. Belə vəziyyətdə Tramp avantürist sionist ideyaları naminə Türkiyəni və çoxsaylı ərəb ölkələrini qarşısına almaz.
Həm Türkiyə, həm də bütün ərəb ölkələri İsraili BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində legitim dövlət kimi tanımağa hazırdırlar. Böyük ehtimalla, israillilərin özləri də ənində-sonunda bu reallıqla hesablaşmalı olacaqlar.
“AzPolitika.info”

Şərhlər
1920-ci ildə Beynəlxalq güclərin basqısı ilə Azərbaycan Xalq Cümhuriyyəti məcbur edilərək, Azərbaycan ərazisindən İravan və ona bitişik ərazilər ( 9,8 min.kv.km. sərhədlər daxilində) ermənilərə verildi və "Ermənistan" dövləti quruldu və ermənilər də o gündən sonra eyfariyaya qapılıb özlərinə dənizdən-dənizə bir xəritə hazırlayıb, içərisində iri həriflərlə yazdılar, "Böyük Ermənistan". O xəritəni ermənilər 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda üzə çıxardılar və o dövrüdə yığıncaqlar təşkil etdikləri keçmiş rayon Partiya Komitələrinin Birinci Katiblərin otaqlarında divardan asdılar ki, bunu da həmin dövrdə Dərələyəzdə Birinci katibin otağında öz gözümlə görmüşdüm. O xəritə ki, Azərbaycanın Naxçıvanı və Qarabağı Kürə kimi, Türkiyənin bir tərəfi, Gücüstanın bir hissəsi oraya daxli edilmişdir. Hərçənd ki, sonradan Azərbaycanın iradəsi dışında Bolşevik höküməti bizim 20,0 min kv km ərazimizi də onlara peş çəkdilər, amma bu da o demək deyil ki, biz o torpaqlardan vaz keçmişik. Sadəcə zaman. İndi yaxşı olardı ki, dost İsrail dövləti də Qərbin, xüsusən də okeanın o tayından Amerikanın fitvasına gedib, ermənilər kimi xəyala qapılıb, böyük İsrail eşqi ilə xalqına cəhənnəm yaşatmazdı (hələ qonşu xalqları da demirək) . Yaxşı olardı İsrail regoon dövlətləri, xüsusən də Türkiyə ilə əlaqələri normallaşdırıb, dinc yanaşı yaşamağı qəbul edərdi.
Moshu Şindlerin siyahısı (ing. Schindler's List) sovet istehsalı yox — Stiven Spilberqin rejissorluğu və Stiven Zaillyanın ssenaristliyi ilə çəkilmiş 1993-cü il istehsalı epik tarixi dram ABŞ filmidir.
44 günlük Vətən müharibəsində İsrilin Azərbaycanın tanında olmasını biz heç vaxt unutmamalıyıq, bu birmənalıdır. “Şindlerin siyahısı” (sovet istehsalı), “Pianoçu” bədii filmləri yəqin ki çoxlarının yadındadır. Bu filmlərə baxanda yəhudilərə yazığımız gəlirdi, onların halına acıyırdıq. Özlərinə də sirr deyil ki, bu dövlət necə yaranıb, kimlərin hesabına yaranıb. O iddiada deyiləm ki, ərəblər onlardan yaxşı adamlardır. Ərəbləri də ALLAH yaradıb. Artıq yəhudilər özlərini dəcəl uşaq, sözün əsl mənasında vor zakon kimi aparır. Bu qətiyyən yolverilməzdir, düzgün siyasət deyil. Ona görə də hansısa dövlət İsraili durdurmalıdır. Bu dövlət Türkiyə və onun müttəfiqləridir.
44 günlük Vətən müharibəsində İsrilin Azərbaycanın tanında olmasını biz heç vaxt unutmamalıyıq, bu birmənalıdır. “Şindlerin siyahısı” (sovet istehsalı), “Pianoçu” bədii filmləri yəqin ki çoxlarının yadındadır. Bu filmlərə baxanda yəhudilərə yazığımız gəlirdi, onların halına acıyırdıq. Özlərinə də sirr deyil ki, bu dövlət necə yaranıb, kimlərin hesabına yaranıb. O iddiada deyiləm ki, ərəblər onlardan yaxşı adamlardır. Ərəbləri də ALLAH yaradıb. Artıq yəhudilər özlərini dəcəl uşaq, sözün əsl mənasında vor zakon kimi aparır. Bu qətiyyən yolverilməzdir, düzgün siyasət deyil. Ona görə də hansısa dövlət İsraili durdurmalıdır. Bu dövlət Türkiyə və onun müttəfiqləridir.
Biz her zaman felestin xalqinin yaninda olmaliyiq ancaq felestin hakimiyyetinn yaninda hec vaxt. Çunki onların içərisində ermenistanin yaninda olanlar da olub. Türkiyenin onlar ucun dunyani qarsilarina almagina baxmayaraq