Menu

Kreml Ukraynanın işğalını davam etdirəcək – Lavrov yenə 4 vilayəti tələb etdi və Avropanı hədələdi

26.02.2025, 15:40
Kreml Ukraynanın işğalını davam etdirəcək – Lavrov yenə 4 vilayəti tələb etdi və Avropanı hədələdi

Donald Trampın Ukraynada müharibəni guya ədalətli şəkildə bitirəcəyinə dair bəyanatlarına Rusiya tərəfindən “adekvat” cavablar gəlməkdədir. Trampın məlum ziddiyyətli siyasətindən ruhlanan Kreml Ukraynanı və Avropanı daha açıq və kəskin şəkildə təhdid edir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Dohada jurnalistlər qarşısına çıxan Rusiyanın XİN başçısı Sergey Lavrov Kremlin Ukraynanı işğal planından qətiyyən əl çəkməyəcəyini, hazırkı cəbhə xətti boyunca müharibəni dayandırmayacağını bəyan edib. Belə ki, Lavrovun dediyinə görə, “Ukraynada müharibənin təmas xətti boyunca dondurulması qeyri-mümkündür, çünki bu, Rusiya Konstitusiyasına(?) ziddir”. “Bu baş verməyəcək, bizim Konstitusiyamız var”, - deyən Lavrov cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə bağlı sualı bu şəkildə cavablandırıb.

Xatırladaq ki, Krımı ilhaq etməsi azmış kimi, Rusiya öz Konstitusiyasına tamamilə beynəlxalq hüquqa zidd şəkildə dəyişiklik edərək, Ukraynanın 4 vilayətini – Xerson, Zaporojye, Luqansk və Donetski də öz ərazisi elan edib. Lavrov “konstitusiya” deyərkən, bu vilayətlərin Ukraynanın nəzarətində olan hissələrinin də işğal edilməli olduğuna işarə vurub.

Lavrov həmçinin deyib ki, Moskva atəşkəsdən sonra Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi imkanını qətiyyən nəzərdən keçirmir və bunun qəti əleyhinədir: “Biz münaqişənin əsas səbəbləri haqqında danışmalıyıq. Ukraynada rus dilində danışmağı daha rahat hesab edən və əcdadlarının ənənələrini qorumaq istəyən insanlar var. Bu kontekstdə sülhməramlı qüvvələrin yerləşdirilməsi istəyi münaqişəni qızışdırmağa yönəlib”.

Lavrov həmçinin bəyan edib ki, Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya aktivləri məsələsi Ukrayna üzrə danışıqların gündəmində qalır. O, ABŞ Dövlət katibi Marko Rubionun bu problemin həllini müzakirə etməyə hazır olması ilə bağlı açıqlamalarını “sağlam düşüncə” adlandırıb: "Əsasən avropalılar tərəfindən oğurlanan aktivlərimizə gəlincə, yox, bununla bağlı konkret müzakirələr aparılmayıb, lakin mən şübhə etmirəm ki, bu mövzu nizamlanmanın bir hissəsi kimi qalacaq, buna şübhəm yoxdur".

Nazir Avropanı hədələyərək, əlavə edib ki, Rusiya aktivlərinin müsadirəsi ilə bağlı tədbirlər “cavabsız qalmayacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol